Oğurluq hadisəsinin detalları aydınlaşdırılmalıdı

“Mağazanın sahibi kimdirsə, onun qanacağı olsaydı, həmin adama kömək edərdi”



"Rahat Market” mağazalar şəbəkəsində oğurluq hadisəsi qeydə alınıb. 30-35 yaşlarında bir nəfər kişi piştaxtalara yaxınlaşaraq şokolod, çörək və digər ərzaq məhsulları oğurlayarkən mühafizəçilər tərəfindən saxlanılıb.

Həmin şəxs marketin mühafizə kabinetinə aparılıb. Bir neçə dəqiqədən sonra həmin adam sifəti qanlar içərisində marketdən qaçmağa cəhd edib. O, bayıra çıxmağa cəhd göstərsə də, mühafizəçi və başqa bir mülki geyimdə olan şəxs tərəfindən yenidən saxlanılıb. Maraqlı məqam odur ki, mülki geyimdə olan şəxs oğurluq edəni "qaçsan, səni vuraram” deyə təhdid edib.

Baş vermiş hadisə cəmiyyətin əksər üzvləri tərəfindən sərt qarşılanıb. İnsanların bir qismi çörək oğurladığı üçün həmin şəxsə qarşı zor tətbiq edilməsini kəskin tənqid edərək bunun düzgün olmadığını bildiriblər.

Tanınmış idmançı, Azərbaycanın xanımlardan ibarət Kikboks yığmasının məşqçisi Anar Süleyman da "Rahat Market”ə sərt etiraz edib. O, bu haqda sosial şəbəkədə yazıb: "Dünən "Rahat Market”dən bir kişi çörək, şokolad oğurlayıb. Bu kişini oradakı mühafizəçilər al-qana boyayıb. O marketin yerini bilən varsa, mənə yazsın. Mən də gedib, götürəcəm nəsə. Görək, nə baş verir. 100 faiz azərbaycanlı deyil o gədələr”.

"Rahat Market” də məsələyə münasibət bildirib:

 "Həmin şəxs mağazadan 19 ədəd "Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki "Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”. Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib: "Bunu sübut edən görüntülər də var”.


Baş verənlərlə bağlı fikirlərini "Şərq”lə bölüşən sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, istənilən məsələyə standart bir vəziyyət kimi baxmaq olmaz: 

"Hadisənin bütün təfərrüatını öyrəndikdən sonra dəqiq fikir bildirmək lazımdır. Öncə oğurluq edən adama baxmaq lazımdır. Əgər bu bir qoca və ya xəstə bir adamdırsa, hadisəni səs-küylə yaymaq lazım deyildi. Mağazanın sahibi kimdirsə, onun qanacağı olsaydı, həmin adama kömək edərdi. Amma bu cavan adamdırsa, təbii ki, ona qarşı sərt münasibət normaldır. Çünki deyə bilmərik ki, "bir çörək oğurlamaqla heç nə olmur”. Onda sabah şəhərdə xəbər yayılacaq ki, adi bir oğurluğa görə adama heç nə etmirlər. 

Məhz buna görə avara insanların oğurluq halları çoxala bilər. Bu məsələlərə dərindən baxmaq lazımdır. Təbii ki, satışda olan hər bir məhsulun pulunu ödəyib almaq lazımdır. Heç bir şeyi icazəsiz götürmək olmaz. Bu, ümumiyyətlə, şəhərdə özbaşınalıq yarada bilər. Amma həmin adama zor tətbiq etməkdən qabaq aydınlaşdırmaq lazımdır ki, o şəxs kimdir. Yaşı çox qoca olmasa da, bu şəxs ağır xəstəlikdən əziyyət çəkə bilər. Ona görə də müxtəlif situasiyalarda məsələyə münasibət də fərqli ola bilər”.

Yeganə Bayramova