"Ölkədə sosial kirayə mənzillər tikilsə, kirayələr ucuzlaşar"

Nazim Bəydəmirli:"Bakıda və digər şəhərlərdə belə mənzillər tikilsə, dövlət davamlı gəlir əldə edə bilər. Vətəndaşlar isə, daha ucuz formada kirayədə yaşamaq imkanı qazanar"



"Bakı şəhərində 200 mindən çox ailə kirayədə yaşayır və heç kim vergiyə cəlb olunmur”.

Bu barədə "Sherg.az”a iqtisadçı - ekspert Nazim Bəydəmirli bildirib. 

O qeyd edib ki, hazırda təklif olunan kirayə mənzillərin əksəriyyətinin şəraiti müvafiq sanitar normalara uyğun deyil:

"Mənzil problemini həll etmiş ölkələrin əksəriyyətinə baxdıqda görürük ki, orada dövlətin və bələdiyyətlərin hesabına bəzi şirkətlər də sosial mənzillər tikirlər. Bunlar dövlətin mülkiyyətində olur, heç zaman özəlləşdirilmir, satılmır və ömürlük kirayə verilir. Bütün kateqoriyalarda seçim imkanı yaradılır. İngiltərədə mənzil fondunun təqribən 30 faizi belə mənzillərdən ibarətdir. Miqrasiya yüksək olan ölkələrdə kirayə verilən mənzillərin tikilməsinə ehtiyac var”.

N.Bəydəmirlinin sözlərinə görə, dövlət öz fondunda sosial kirayə mənzillər olmadıqda, bunu digər şirkətlərdən alıb, icarəyə verir:

"Belə halda, mənzillərin kirayə qiymətləri çox ucuz olur. Bakıda və digər şəhərlərdə belə mənzillər tikilsə, dövlət davamlı gəlir əldə edə bilər. Vətəndaşlar isə, daha ucuz formada kirayədə yaşamaq imkanı qazanar. Bir çox ailələrin ev almaq imkanı olmur, yaxud müvəqqəti yaşadığından ev almaq istəmirlər. Ona görə, bu cür layihənin həyata keçirilməsini dəstəkləyirəm”.

İqtisadçı onu da əlavə edib ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən, dövlət vəsaiti hesabına sosial evlər tikilib:

"Bu mənzillər isə satış üçün nəzərdə tutulur. Qiymətlər açıqlandıqdan sonra məlum oldu ki, sosial mənzillər əhaliyə kommersiya şərtləri səviyyəsində təklif olunur və kifayət qədər yüksəkdir”.

Qeyd edək ki, Azərbaycanda sosial kirayə fondu yaradılır. Məqsəd isə insanların ucuz qiymətə mənzillərlə təmin edilməsidir. Fond aldığı mənzilləri vətəndaşlara ucuz qiymətlərə kirayə təklif edəcək. Ekspertlər hesab edirlər ki, bu addım mənzil bazarındakı qiymətlərə də təsir göstərəcək.

Aysel Aslan