Ölkəyə gələnlərə hörmət edilməlidir

Elə etmək lazımdır ki, aeroportda insanlar incidilməsin
Amma kimlərinsə səhvi, yaxud mənfəət güdmək istəyindən doğan nöqsanlar ümumilikdə bütün xidmətlərə kölgə salır, ölkəmizin müsbət imicini zədələyir



Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş
iclasdakı nitqində ölkəmizə gələn turistlərin viza almaq məsələsində qarşılaşdıqları çətinliklərdən danışarkən qəzəbini gizlətməyib:

"Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaq. Çünki əfsuslar olsun, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin. O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, indi bizim kifayət qədər imkanımız, texniki imkanlarımız var ki, öz təhlükəsizliyimizi qoruyaq. Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın”.
Prezident qeyd edib ki, bəzən hüquq-mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır: "Mən bu barədə dəfələrlə demişəm və bir daha deyirəm, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

Turistlər ölkəyə böyük gəlir gətirir
Həqiqətən də, turizm müasir dünyada ən gəlirli sahə hesab edilir. Elə ölkələr var, dövlət büdcəsinin böyük bir hissəsi məhz turizm gəlirləri hesabına formalaşır. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ölkəmizə gələn xarici vətəndaşların bank əməliyyatlarının statistikasını açıqlayıb. Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə bu ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb. APA-ya verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il də xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20 faiz daha çox vəsait xərclənib.
2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.
Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

Bu, ya XİN əməkdaşları, ya da...

Prezidentin qaldırdığı məsələnin çox aktual olduğunu deyən iqtisadçı Fuad İbrahimov son vaxtlara qədər, Azərbaycana gəlmək üçün viza almağın çətin başa gəldiyini xatırlatdı:
- Sizə deyim ki, son vaxtlara qədər hətta şengen vizasını almaq da, Azərbaycana gəlmək üçün viza almaqdan asan idi. Amma cənab Prezidentin dediyi kimi, bir çox ölkələrə münasibətdə viza rejimi aradan qaldırıldı. Məsələn, Rusiya, MDB ölkələrinin vətəndaşları vizasız gəlib-gedirlər. Elə ölkələr var, mütləq viza əldə etməlidir. Bunun üçün onlar Azərbaycan səfirliyinə müraciət edir, elektron qeydiyyat vasitəsilə viza əldə edirlər. Bildiyim qədər hava limanında sərhəd-keçid məntəqəsindən öncə bu şəxslər viza masasına yaxınlaşmalıdırlar. Ola bilsin ki, Prezidentin diqqətə çatdırdığı nöqsan məhz burada yaranır. Xarici qonaqlardan nəsə tələb edilir. Burada da, ya Miqrasiya Xidmətinin, ya da Xarici İşlər Nazirliyinin əməkdaşlarından söhbət gedə bilər. Çünki vizasız rejim tətbiq olunan ölkələrin vətəndaşlarına xarici pasportlarının olması kifayətdir. Sərhəd-keçid məntəqəsində elektron sistem işləyir, pasport təqdim edilir və şəxsin kimliyi avtomatik elektron yaddaşa köçürülür. Nöqsanlar viza rejimi tətbiq olunan ölkələrin vətəndaşlarına qarşı edilir. Həqiqətən, son illərdə viza rejimi sadələşdirilib, viza almaq da xeyli asanlaşıb. Amma kimlərinsə səhvi, yaxud mənfəət güdmək istəyindən doğan nöqsanlar ümumilikdə bütün xidmətlərə kölgə salır, ölkəmizin müsbət imicini zədələyir.
F.İbrahimov bildirdi ki, Azərbaycan son illər nəhəng beynəlxalq layihələrə imza atan bir ölkədir. Artıq Azərbaycan dünyada tanınır. Ona görə də turistləri ölkəmizə cəlb etmək, hesabla, asanlaşmalıdır. Elə şərait yaranmamalıdır ki, xarici qonaqlar nədənsə inciyib getsinlər. Ölkəmiz haqqında mənfi fikrə düşsünlər. Keçirilən beynəlxalq tədbirlər, Formula 1 yarışları xarici vətəndaşların ölkəmizə böyük marağına səbəb olur. Çalışmalıyıq ki, yaranmış bu imkandan ölkəmizi daha da tanıtmaq və onun müsbət imicinin qorunması üçün istifadə edilsin.

Məlahət Rzayeva