Ərdoğan Bakıda çox ciddi məsələləri müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Türk mediasının xəbərinə görə, səfər sentyabr ayının 10-11-də baş tutacaq. Ərdoğan sentyabrın 8-i Qazaxıstana, daha sonra Azərbaycana gələcək. İki günlük görüşlərdən sonra BMT-nin Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yollanacaq.
Hər zaman olduğu kimi bu dəfə də qardaş ölkə rəhbərinin Azərbaycana səfər məsələsi ictimaiyyətin maraq və diqqətini özünə cəlb edib. Siyasi ekspertlər Ərdoğanın Azərbaycana planlaşdırılan səfərini müxtəlif aspektlərdən dəyərləndiriblər. Türkiyəli politoloq Çağatay Balcı deyib ki, Ərdoğanın Bakıya səfəri zamanı Dağlıq Qarabağda PKK-nın mövcudluğu müzakirə ediləcək. Ekspertin sözlərinə görə, səfər zamanı bir sıra mühüm mövzular da gündəmə gətiriləcək:
"İki dövlət arasında hərbi məsələlərdən tutmuş, bir sıra zəruri iqtisadi məsələlər müzakirə ediləcək. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər adi ölkələr arasındakı əlaqələrə bənzəmir. Düşünürəm ki, İranın Baş Qərargah rəisinin Türkiyəyə səfəri də bu müzakirələrə təsir edəcək. Həmçinin, iki ölkə arasında viza məsələsinə toxunulacağına da ehtimal verirəm”.
Sabiq dövlət müşavir, politoloq Qabil Hüseynli Ərdoğanın Azərbaycan səfərinin böyük əhəmiyyətə malik olduğunu deyib. Politoloq vurğulayıb ki, liderlər arasında olduqca mühüm məsələlər müzakirə olunacaq:
"Səfər Azərbaycan və Türkmənistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması, Qazaxıstanla münasibətlərin daha da inkişafı və bütövlükdə ümumtürk problemlərinin həlli üçün yeni perspektivlərin açıldığı bir zamana təsadüf edir. TANAP-ın reallaşdırılması və Türkmənistanın bu layihəyə qoşulması gündəmdə olacaq. Çünki artıq bu barədə Türkiyə və Türkmənistan arasında müəyyən razılıq var. Bu prosesdə ABŞ da yaxından iştirak edir. Türkmənistan və Azərbaycanın isə bu məsələ ətrafında mövqeyi artıq formalaşıb. Ankaranın da böyük rolunu etiraf etmək lazımdır. Strateji Əməkdaşlıq Şurasının növbəti iclasında TANAP-ın genişləndirilməsi də müzakirə olunacaq. Çünki gələcəkdə Qazaxıstanın da layihəyə qatılması ehtimalı kifayət qədər yüksəkdir.
Türkiyə bu prosesdə, təminatçı, vasitəçi kimi diplomatik səylərini işə salmaqla prosesin yaxın bir zamanda həyata keçməsini təmin etməyə çalışır”. Görüş əsnasında Dağlıq Qarabağ probleminin gündəmdə olacağını deyən şərhçi mühüm irəliləyişin olacağını da istisna etməyib: "Uzun müddətdir, Azərbaycanla Türkiyə arasında hərbi saziş barədə fikirlər səslənir. Bir çoxları hərbi sazişin imzalanması üçün NATO-nun razılığını şərt qoşur. Amma əksəriyyət hesab edir ki, Naxçıvanda Türkiyənin hərbi bazalarının yaradılmasına alyansın mütləq razılığı lazım deyil.
Vaxt yetişib və Ərdoğanın Bakıya səfərində bu məsələ gündəmə gələ bilər. Rusiyanın Ermənistanla birgə qoşun kontingentini formalaşdırması regionda ciddi prosesdir. Azərbaycan və Türkiyə də adekvat tədbirlər hazırlamalıdır. Əlbəttə, birgə hərbi münasibətlər müdafiə xarakteri daşıyır”. Politoloq Türkiyə Prezidentinin Bakıya səfərində viza problemi ilə bağlı danışıqların aparılacağını da deyib: "Güman edirəm ki, tərəflər bütövlükdə viza sisteminin götürülməsinə hazır vəziyyətdədir. Ümumiyyətlə, Bakı və Ankara arasında strateji münasibətlərin səviyyəsini yüksəltmək və ikitərəfli siyasi əlaqələri dərinləşdirmək üçün çox münasib siyasi mühit formalaşıb. Ərdoğanın budəfəki səfəri daha məzmunlu və nəticəli, hətta iki dövlətin rifahı naminə yeni sazişlərin imzalanması ilə müşayiət olunacaq”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da Türkiyə lideri Ərdoğanın Azərbaycana səfərinin aktuallığını artıran məqamlara toxunub:
"Bakı-Tiflis-Qars dəmiryolu tamamlanıb. Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq boru xətlərinin inşaatı sürətlə gedir. Üstəgəl, Türkiyə bu layihədə Türkmənistanın iştirakını da arzulayır. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçidinə ehtiyac var.
Məlumdur ki, FETÖ-nün xarici ölkələr içərisində ən güclü şəbəkəsi Azərbaycanda idi. Aparılan tədbirlər nəticəsində şəbəkənin qol-qanadı qırıldı. Şəbəkənin nəfəs aldığına dair Ankaranın narahatlığı ola bilər. Fikrimcə, Ərdoğan sadalanan istiqamətləri müzakirə etmək, mövcud durumu dəyərləndirmək və gələcək planlara bir daha göz gəzdirmək məqsədi ilə Bakıya gəlir”.
İsmayıl