Onlara aramızda yer yoxdur

İlham Əliyev: “Milli satqınlıq nümayiş etdirən ünsürlərə xalq bir daha yerini göstərdi”




Avropanın müxtəlif ölkələrində məskunlaşmış bir qrup azərbaycanlının dövlətimizə və xalqımıza qarşı hədyanları, şər və böhtanları hələ də davam etməkdədir. Təəssüflər olsun ki, müəyyən anti-Azərbaycan dairələrin, erməni lobbisinin təsiri altına düşmüş həmin gənclər hər fürsətdə ölkə rəhbərliyini nüfuzdan salmağa, ləkələməyə çalışır, dövlətin reputasiyasına xələl gətirməyə cəhd göstərirlər.

Məlum olduğu kimi, söyüş qrupunun ən fəal təbliğatı 11 aprel prezident seçkisi öncəsinə təsadüf edirdi. Seçki ərəfəsində ictimaiyyət arasına nifaq salmaq, pozuculuq etmək, ölkədə qarşıdurma yaratmaq niyyətində olan təxribatçılar xeyli müddət çirkin kampaniya apardılar, insanları səsvermədə iştirak etməməyə səslədilər. Bu azmış kimi əxlaqa zidd formada dövlət başçısını və bir sıra hökumət üzvlərini təhqir etdilər, ağlagəlməz iftiralara əl atdılar. Bəs nəticəsi nə oldu? Seçki günü seçicilərin 86, 02 faizi İlham Əliyevi dəstəklədi. Xalqımız Avropadakı mənfur qrupların söyüşlərinə öz səsləri ilə cavab verdilər, dövlət başçısının ətrafında həmrəy oldular.

 Ötən gün Milli Məclisdə and içən Prezident İlham Əliyev bu məsələyə xüsusilə diqqət çəkdi. Dövlət başçısı vurğuladı ki, milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı seçkilərdə bir daha öz yerini göstərdi. Prezidentin sözlərinə görə, antimilli qruplaşma artıq tam marginallaşıb: 

"Seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib. Xarici qrant hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə aramızda yer yoxdur. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə bu istiqamət önəmli yer tutacaq”.

Dövlət başçısının toxunduğu məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Tahir Mirkişili deyib ki, Azərbaycanda uzun illərdir sarsılmaz xalq-İlham Əliyev birliyi mövcuddur: "Cənab Prezidentin özünün də qeyd etdiyi kimi, o, hər zaman xalqın dəstəyini hiss edir. Bu birliyə müdaxilə etmək istəyən bəzi marginal qruplar hər zaman xalqdan sərt cavablarını alırlar və bundan sonra da alacaqlar. Əslində siyasi mübarizənin əsas nəticəsi seçkilərdir. Keçən 15 il ərzində Azərbaycan xalqı daim cənab İlham Əliyevin yanında olub. Buna görə xaricdə və daxildə bəzi qrupların göstərdikləri səylər əbəsdir”. Deputat bəyan edib ki, Azərbaycanın öz inkişaf yolu var: "Cənab İlham Əliyev xalqın dəstəyi ilə və xalqla birlikdə həmişə olduğu kimi, növbəti 7 ildə də ölkəmizin inkişaf hədəflərinə doğru irəliləyəcək”.

Siyasi ekspert Azər Həsrət də "Şərq”ə açıqlamasında bildirib ki, cənab Prezidentin təsbiti doğru və dəqiqdir: "Azərbaycan xalqı illərdir ki, xaricdə hansısa mərkəzlərə qulluq etdiyi halda guya ölkəmiz üçün çalışdığını iddia edənləri deşifrə edib. Onlara heç bir halda etimad göstərməyib. O adamlar bizdən deyillər. Azərbaycana dəxli olmayanlardır və ümumiyyətlə, onların məqsədi Azərbaycana fayda vermək deyil. Xalq artıq onların yalan üstündə qurulmuş siyasi manipulyasiyalarına inanmır, inanması da mümkün deyil”.

İsmayıl