Onsuz da işə qəbul imtahanla keçirilir

Müəllimlərin əmək haqlarının eyni hesablanması düzgün addımdır



Müsabiqə yolu ilə işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərə bərabər tutulacağına dair Prezident İlham Əliyevin imzaladığı sərəncam təhsil sahəsində çalışanların ürəyindən olub.

Qeyd edək ki, diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əmək haqqının artırılmasıyla bağlı Prezident 2015-ci ilin yanvar ayında sərəncam imzalamışdı. İndi isə həmin sərəncama Təhsil Nazirliyinin 2017-ci il yanvarın 1-dən etibarən keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumtəhsil müəssisələrinə işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərə bərabər tutulmasına xüsusi hissə əlavə edilib. 

Bu da ümumilikdə ümumtəhsil müəssisələrində çalışan müəllimlərin dərs yükünün və buna müvafiq olaraq da əmək haqqının artırılacağı anlamına gəlir.

Sərəncamın müsbət cəhətlərini şərh edən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında bildirdi ki, 2015-ci ildə sərəncam imzalanarkən diaqnostik qiymətləndirmə tam başa çatmamışdı. Diaqnostik qiymətləndirmə ilə yanaşı, həm də müəllimlərin elektron formada, imtahan və müsabiqə yolu ilə işə qəbulu prosesi də aparılır. 

İmtahanla, müsabiqə yolu ilə işə qəbulda istifadə olunan metodlar diaqnostik qiymətləndirmə ilə demək olar eyni çəkidədir. İmtahanla işə qəbulda 60 suala 60 dəqiqəlik cavab vaxtı verilir. Nəticədən asılı olaraq qalib müəyyənləşir. Bəzən bir neçə eyni göstərici olduqda şəxslərlə müsahibə formasında söhbət aparılır ki, savad, dünyagörüşü, danışıq, pedaqogika, psixologiyadan bilik dərəcələri daha da dəqiqləşsin. 

Müəllim imtahan-müsabiqə yolu ilə işə qəbul olunubsa, o, diaqnostik qiymətləndirmə keçmiş sayılır. Müsabiqə ilə işə qəbul diaqnostik qiymətləndirməyə bərabər tutulur. Ona görə də hesab edirəm ki, mərkəzləşdirilmiş müsabiqə yolu ilə işə qəbul olunan müəllimlərlə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin dərs yükü və əmək haqqının eyni hesablanması düzgündür. 

Bununla belə, həm də hesab edirəm ki, müəllimlərin əmək haqqı hələ də aşağıdır, gərəkən səviyyədə deyil. Çünki bazarda qiymətlərdəki ümumi artım müəllimlərin əmək haqqı artımını qabaqlayır.

Məlahət Rzayeva