"Bakıda keçirilən hərbi parad Azərbaycan ordusunun yaranmasının 100 illik yubileyinə həsr olunub. Bunun düşmən tərəfindən fərqli yozulmasının heç bir əsası yoxdur”.
Bunu "Sherg.az”a rusiyalı politoloq Yevgeni Mixaylovun "Azərbaycanda hərbi paradın keçirilməsi siyasi və iqtisadi problemlər yaşayan Ermənistanı qıcıqlandırır” fikirlərinə münasibət bildirərkən ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov deyib.
Onun sözlərinə görə, hərbi paradda nümayiş olunan "Lora” və "Polonez” kompleksləri ermənilərin "İsgəndər” raketləri ilə bağlı provokasiyasına cavabdır:

""İsgəndər” raketləri Azərbaycan torpaqlarının işğalını daimi hala gətirməyə xidmət edən güclü silahlardır. O dərəcədə güclüdür ki, Rusiyanın bu silahları Kalininqrada yerləşdirməsi NATO-nun narahatlığına səbəb olur. Azərbaycan isə bu silahların qarşısını ala bilmək üçün "Lora” və "Polonez” raket komplekslərini əldə etdi.
Sırf texniki cəhətdən baxsaq, nümayiş olunan silahlar ermənilərin provokasiyalarına cavab xarakteri daşıyırdı. Ermənilərin "İsgəndər” raketləri sayəsində əldə etməyə çalışdığı üstünlük artıq sıfıra endirildi. Müharibə isə həm cəbhədə, həm də insanların psixologiyasında davam edir. 2016-cı il aprel döyüşlərindən sonra Azərbaycanın Naxçıvanda da taktiki uğur əldə etməsi artıq üstünlüyün göstəricisidir.
Silahlı qüvvələrimiz üçün hər dəfə yeni silahlarla təmin olunması, düşmənin bir həmləsinə bir neçə dəfə cavab verməsi Ermənistanın psixoloji olaraq, tükənməsinə gətirib çıxarır. Bu addımlar strateji olaraq torpaqlarımızın işğaldan azad edilməsinə xidmət edir. Halbuki bu addımlarımıza siyasi əngəllər yaradılır, ermənilərin dəstəkçiləri öz varlığını xatırladır. Bütün bunlara baxmayaraq, bizim əsas məqsədimiz taktiki gedişləri toplayaraq, strateji nəticəyə çevirməkdir”.
Hərbi paradın həm ölkə daxilinə, həm də xaricə siqnal olduğunu vurğulayan E. Soltanov bildirib ki, bu uğurlar ilk növbədə düşmənə yetərli mesajdır:
"Azərbaycan öz mövqeyini hər zaman ortaya qoyur ki, fürsətlər imkan verdiyi anda torpaqların işğaldan azad olunması baş tutacaq. Bu məsələ nə qədər tez sülh yolu ilə həll olunsa, Ermənistanın da xeyrinə olar”.
Qeyd edək ki, rusiyalı ekspertin sözlərinə görə, Ermənistan gah nala, gah mıxa vurur:
"Rəsmi Yerevan artıq çoxəsrlik müdafiəçisi və sponsoru olan Rusiyadan uzaqlaşır. Ölkənin yeni başçısı Nikol Paşinyan Azərbaycan üzərində müvəqqəti üstünlüklər və strateji zəfər qazanma imkanı əldə etmək üçün Qərb və ABŞ qarşısında açıq-aydın quyruq bulayır".
Aysel Aslan