Ortada siyasi iradə var

İlham Əliyev: Azərbaycan dünya üçün açıq, demokratik, bütün azadlıqların təmin olunduğu ölkədir




Azərbaycanda demokratik təsisatların formalaşması, ölkədə söz azadlığının, sərbəst toplaşmaq azadlığının təmin olunduğu sirr deyil. Bu gün ölkəmizdə mətbuat sahəsində kifayət qədər irəliləyişlər var. Sosial şəbəkələrə problemsiz giriş, müstəqil informasiya saytlarının, çap mətbuatının maneəsiz fəaliyyəti də buna əyani sübutdur. Siyasi təşkilatların mitinqlər, aksiyalar keçirməsi üçün şərait yaradılıb. Müxalif qüvvələr istənilən gün paytaxtda mitinq keçirmək üçün aidiyyəti qurumlara müraciət edir, müsbət cavab alırlar, aksiyalarını keçirirlər. Yəni sərbəst toplaşma azadlığı, media azadlığı demək olar ki, tam təmin olunur.

Bu günlərdə Prezident İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusmana verdiyi müsahibəsində də sözügedən məsələyə toxunub. Siyasi azadlıqlarla bağlı suala cavabında cənab prezident bunları deyib: "Şübhəsiz, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir və mən dəfələrlə açıq bəyan etmişəm ki, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrdə bu istiqamətdə çox iş görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk. Hesab edirik ki, müstəqilliyin iyirmi altı ili ərzində bizim tariximiz, Azərbaycanın gənc müstəqil dövlət kimi təşəkkülü, ölkəmizin coğrafi ərazidə yerləşməsi və bizim regionda mövcud olan və yarana biləcək risklər nəzərə alınmaqla mümkün olan maksimum işlər görülüb”.
Ekspertlər də prezidentin dedikləri ilə razılaşırlar. İctimaiyyət nümayəndələri qeyd edirlər ki, ölkədə siyasi islahatlar nəticəsində azadlıqlar təmin edilib.

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, ilk ölkədə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin fəaliyyətinin hüquqi bazası yaradılıb: 

"Bu özünü ilk növbədə Konstitusiyada ifadə edir. Burada hüquqi dövlət quruculuğu, insanların hüquq və azadlıqları öz əksini tapıb. Konstitusion hüquqi bazanın əsasında qanunvericilik bazası yaradılıb. Eyni zamanda, Azərbaycanda hakimiyyət bölgüsünün müəyyən edilməsi, vətəndaş cəmiyyəti institutunun inkişafı ilə bağlı instusional təsisatların yaradılması və bu sahədə inkişafı tənzimləyəcək sənədlərin qəbul edilməsini, kütləvi informasiya vasitələri haqqında müvafiq qanunvericilik bazasının demokratik prinsiplərə uyğun olaraq bərqərar edilməsini vurğulamaq yerinə düşərdi. Xüsusi ilə KİV-in qeydiyyata alınması məsələsini qeyd edək istəyirəm. Belə ki, müvafiq quruma məlumat verməklə KİV-in fəaliyyətə başlaması mümkündür. Əksər inkişaf etmiş ölkələrdə heç belə bir yanaşma yoxdur”. Onun sözlərinə görə, Azərbaycanda plüralizmin təmin edilməsi ilə bağlı çoxpartiyalı sistemin və üçpilləli məhkəmə sisteminin yaradılması, konstitusiyaya nəzarəti həyata keçirilən Konstitusiya Məhkəməsinin mövcudluğu, inzibati icraat haqqında qanunvericiliyin qəbul edilməsi, dərin sosial müdafiə sisteminin yaradılması hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafına yönələn addımlardır: "Bu proses bitkin proses yox, davam edən prosesdir. 26 illik Azərbaycan dövlət müstəqilliyinin inkişafına baxsaq, biz bunu hər addımda görə bilərik. Bütövlükdə dəyişən mənzərə-huquqi, siyasi, iqtisadi və etibarlı sosial müdafiə sisteminin qurulması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yönələn addımlardır. Bu proses daima təkmilləşir. Çünki güclü dövlət güclü vətəndaş cəmiyyətinin mövcud olduğu yerdə olur. Demokratik prinsiplərin tam həyata keçirildiyi və sabitliyin davam etdiyi bir cəmiyyətdə islahatlar müsbət nəticə verə bilir. Əlbəttə, bu istiqamətdə müəyyən qüsurlar var ki, bu da təbiidir. İş varsa, qüsur da olacaq. Əsas məsələ problemləri bilmək, bunu aradan qaldırmaqla bağlı siyasi iradənin olmasını görməkdir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı siyasi iradə var. Odur ki, hazırkı hakimiyyətin Azərbaycanda hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin inkişafına yönələn fəaliyyətinin davam etdirdiyinin şahidiyik”. Ə.Nuriyev qeyd edir ki, ölkə başçısının da bildirdiyi kimi, iqtisadiyyatımız siyasi islahatların nəticəsində inkişaf edir: "Prezidentin göstərişi ilə strateji yol xəritələri hazırlandı, tətbiq edilir və biz bunun nəticələrini görürük. Çünki bir çox məsələlərin həlli iqtisadi inkişafdan keçir. Vətəndaşların sosial rifahının təmin edilməsi hüquqi dövlətin inkişafı üçün vacib elementdir. Hesab edirəm ki, indinin özündə də ölkədə etibarlı sistem qurulmaqda davam edir, bu sistemin inkişafı istiqamətində davamlı addımlar atılır. Bütün bu qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, müstəqil kütləvi informasiya vasitələrinin yaranması, qeyri-hökumət təşkilatlarının əmələ gəlməsi və güclənməsi demokratiyanın səviyyəsi ilə düz mütənasibdir. Demokratiya inkişaf etdikcə, mətbuat da, QHT sektoru da inkişaf edir”.

Anar