“Hava-damcı yoluyla keçən infeksiyalar üçün əhalinin kütləvi toplaşdığı yerlər “ideal” şəraitdir”
Öskürək səsləri artır...
Uşaqlar arasında ən çox müşahidə edilən yuxarı tənəffüs yolları xəstəlikləridir
“Hava-damcı yoluyla keçən infeksiyalar üçün əhalinin kütləvi toplaşdığı yerlər “ideal” şəraitdir”
“Hava-damcı yoluyla keçən infeksiyalar üçün əhalinin kütləvi toplaşdığı yerlər “ideal” şəraitdir”
Havalar soyudumu, ətrafda öskürək səsləri də çoxalır, asqırana "sağlam ol!” duası da tez-tez eşidilir. Asqıranlarsa, çox zaman burnunu çəkə-çəkə "daha sağlamlıqdan keçib...” deyə sitəm edirlər. Yəni ki, daha xəstələnmişəm. Bu, mövsüm dəyişiklikləri və payız-qış aylarında ən çox müşahidə etdiyimiz mənzərədir.
Bu günlərdə Səhiyyə Nazirliyinin V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun Virusologiya şöbəsinin müdiri Lalə Rüstəmova da havaların soyuması ilə əlaqədar müəyyən kəskin respirator xəstələnmə hallarının qeydə alındığını deyib və xəstəliyin xüsusilə 5 yaşınadək uşaqlar arasında yayılma səviyyəsinin yüksək olduğunu bildirib.
APA-ya açıqlamasında şöbə müdiri qeyd edib ki, hər bir infeksiyada profilaktika birinci yerdə dayanmalıdır:
"Xüsusilə kəskin respirator infeksiyalardan danışırıqsa, burada profilaktik tədbirlər önəmli yer tutur. Profilaktik tədbirlər içərisində həmişə kimi orqanizmin özünümüdafiə qabiliyyətinin gücləndirilməsi, daha çox idmanla məşğul olmaq, sağlam həyat tərzinin keçirilməsi, xəstə olan şəxslərlə təmasın azaldılması, yaxşı qidalanmaya diqqət ayrılması əsas yer tutur. Ailədə, iş yerində xəstə şəxslər kollektivdən mümkün qədər təcrid olunmalıdır. Bu ən azı digər şəxslərin xəstəliyə yoluxma ehtimalını azaltmış olur. Bundan sonra xəstə profil üzrə həkimə müraciət etməlidir. Soyuq havada orqanizmin immun sisteminin reaksiyası dəyişir və ilin soyuq fəslində orqanizmdə soyuğa öyrəşmə reaksiyaları gedir. Əlbəttə, belə dövrdə hər bir orqanizm bu cür hallara fərdi şəkildə reaksiya verir. İmmun sisteminin səviyyəsindən asılı olaraq isə infeksiya özünü müxtəlif şəxslərdə müxtəlif cür göstərir”.
Açıqlamadan da göründüyü kimi, kəskin respirator xəstəliklər azyaşlılar arasında çox yayılır. Tibb mütəxəssisləri bunun bir neçə amillə bağlı olduğunu deyir.
Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı da "Şərq”ə açıqlamasında son illər uşaqlar arasında müxtəlif xəstəliklərin artması tendensiyasının müşahidə edildiyini bildirdi:
- Tamamilə razıyam ki, uşaqlar arasında ən çox müşahidə edilən yuxarı tənəffüs yolları xəstəlikləridir. Bu xəstəlik hava-damcı yoluyla ötürüldüyündən nəinki uşaqlar, həmçinin böyüklər, yaşlılar arasında geniş yayıla bilir. Yuxarı tənəffüs yolları xəstəlikləri mövsümi xarakter daşıyır və payız-qış aylarında daha çox rast gəlinir. Payızda uşaqlar ev, ailə mühitindən ayrılıb böyük kollektivlərə gedir. Uşaq bağçası, məktəb... Yuxarı tənəffüs yolları xəstəlikləri 0,5 - 1 metr məsafə radiusunda yayıla bilir. Uşaq bağçası da, məktəb də virusların yayılması üçün münbit şərait olan yerlərdir, çünki sıxlıqdır, uşaqlar biri-biri ilə sıx təmasdadırlar, bir yerdə oynayır, qidalanır, yatırlar. Orta məktəbdə də məlumdur ki, uşaqlar biri-birilə yaxın təmas şəraitindədirlər. İmmun sistemi zəif olan uşaq xəstəliyə tez yoluxur, belə uşaqların xəstəliklə mübarizə aparmaq gücləri olmur. Bu şərtlər altında yuxarı tənəffüs yolları xəstəliklərinin yayılması və uşaqlar arasında da bu xəstəliyə daha çox rast gəlinməsi gözləniləndir.
Bəs uşaqların tez-tez xəstələnməsinə gətirib çıxaran səbəblər hansılardır?
Ş.Namazlı qeyd etdi ki, burada bir səbəbin üzərində dayanmaq düzgün deyil:
- Səbəblər çoxdur və hamısı da biri-birilə əlaqəli səbəblərdir. Ekoloji tarazlığın pozulması, ətraf mühitdə baş verənlər, ananın hamiləlik dövründə qidalanmasından tutmuş, keçirdiyi hər hansı sarsıntıya qədər hər bir şey körpənin sağlam doğulub-doğulmamasına və sonrakı inkişafına öz təsirini göstərir. Biz həkimlər hər zaman anaları körpəni ana südü ilə qidalandırmağa çağırırıq. Ana südü misilsizdir. Baxın, ana südü ilə qidalanmış körpələrə və süni qidalarla böyüyən körpələrə. Aralarında çox böyük fərq var. Həm fiziki göstəricilər, həm bioloji, tibbi göstəricilər, sağlamlıq baxımından. Körpə ana südü ilə qidalanmırsa, bu, artıq bütün bir ömür boyu problemli yaşamaq deməkdir. Ana südü ilə qidalanmayan körpələrdə həzm sistemi pozğunluqları, qəbizlik yaranır. Bu problemlər uşaq böyüdükcə digər problemlərə, xəstəliklərə yol açır. Uşaqların qidalanması böyük əhəmiyyət daşıyır. Sağlam qidalanan uşaqlar xəstəliklərə qarşı da dözümlü olur.
Çalışmaq lazımdır ki, payız-qış mövsümünə hazırlıq yaz-yay aylarından başlamalıdır. Mövsümün verdiyi üstünlüklərdən - təzə meyvə-tərəvəz, dəniz, çimərlik, günəş şüası, təmiz hava, istirahət imkanlarından düzgün istifadə olunmalıdır. Yayın verdiyi imkanlardan orqanizmin möhkəmlənməsinə sərf edilməlidir ki, payız-qış mövsümündə uşaqlar xəstələnməsin, xəstəliyə müqaviməti olsun, xəstələnərsə də yüngül keçirsin, tez sağalsın.
Ş.Namazlı həkim göstərişi olmadan uşaqlara hər hansı dərman preparatlarını verməməyi xüsusilə tövsiyə etdi:
- Uşaq xəstələnibsə, mütləq pediatra müraciət edilməlidir. Bəzən valideynlər özləri apteklərdən soyuqdəymə, öskürək, hərarət əleyhinə müxtəlif dərmanlar alıb körpələrə verirlər. Buna qətiyyən yol verilməməlidir. Dərmanlar yalnız həkimin göstərişi və təyinatı ilə alınmalı və göstərişə uyğun da uşağa verilməlidir. Özbaşına "həkimlik” uşağın səhhətinə ciddi zərər vura bilər.
Ş.Namazlı valideynlərə məsləhətlər də verdi:
- İlkin olaraq, qabaqlayıcı tədbirlərdən başlamaq lazımdır. Yəni kütləvi yerlərdə xəstə insanlarla təmasların azalması, uşaqların ev şəraitində yataq rejiminə keçirilməsi və s. kimi tədbirlər görülməlidir. Bu məsləhətlər böyüklərə də aiddir. Evdə yaşlı adam xəstələnibsə, xəstəliyin uşağa keçməsi ehtimalı böyükdür. Formalaşmamış uşaq orqanizmi zərifdir, kövrəkdir, viruslara tez yoluxa bilir. Valideyn uşağı qorumaq üçün ciddi önləmlər almaq məcburiyyətindədir. Xəstələnmiş adam yaxşı olar ki, ev şəraitində müalicə olunmağa üstünlük versin, insanların sıx olduğu yerlərdən kənar gəzsin. Həkim məsləhət görürsə ki, işə getməyin, ev şəraitində müalicə olunun, bu o demək deyil ki, xəstə insan təmiz havaya çıxmamalıdır. Xəstənin yatdığı otağın havası tez-tez dəyişdirilməlidir. Xəstələnmiş adam bağçaya, parka hava almağa da çıxa bilər. Özünü təkrar soyuğa verməmək şərtilə. Sadəcə, başqasını yoluxdurmamaq üçün əhalinin toplaşdığı yerlərə gedilməməlidir. Virusla mübarizə aparmaq onsuz da mümkün deyil. İstənilən tədbir virusun törədə biləcəyi fəsadların qarşısını almağa yönəlir. Bunun üçün də bir sıra vacib şərtlər var ki, onlardan biri də əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasıdır.
Ş.Namazlı bildirdi ki, anti-gigiyenik şərait də xəstəliklərin mənbəyi sayılır:
- Ona görə də hər bir kəs şəxsi gigiyenasına diqqət etməlidir. Qida qəbulundan öncə, əllər mütləq sabunla yuyulmalıdır. Əldə ola biləcək mikrobların ağız boşluğuna düşməsinin qarşısı maksimum alınmalıdır. Sanitar-gigiyenik qaydalara riayət etmək, kütləvi yerlərdə, nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə qoruyucu tibbi maskalar taxmaq məsləhətdir. Hava-damcı yoluyla keçən infeksiyalar üçün əhalinin kütləvi toplaşdığı yerlər "ideal” şəraitdir. Virus infeksiyasına yoluxmuş insan adi soyuqdəymə keçirmiş adamdan gec sağalır. Əgər başağrısı, boğaz ağrısı, öskürək və yüksək temperatur bir neçə gün davam edirsə, artıq bunun adi soyuqdəymə olmadığı üzərində düşünülməlidir və buna görə tədbir alınmalıdır. Belə halda artıq önləyici tədbirlər deyil, xəstəliyin ağırlaşmaması üçün lazımi tədbirlər görülməlidir və mütləq həkimə müraciət edilməli, müayinələrdən keçilməlidir.
Məlahət Rzayeva