Övladlığa verilən uşaqların sonrakı taleyi...

Mehriban Zeynalova:" Övladlığa uşaq götürmək istəyən onlarla ailə növbə gözləməli olur"
Kəmalə Ağayev: "Övladlığa və ya qəyyumluğa verilən uşaqlara mütəmadi olaraq nəzarət edilməsinə çox böyük ehtiyac var"

Xarici ölkələrdə övladlığa verilən uşaqların sonrakı taleyi qanunla tənzimlənir. Amma Azərbaycanda bu sahədə də müəyyən boşluqlar var. Məhz bu səbəbdən də bizdə övladlığa verilən uşaqların sonrakı taleyi ilə bağlı məsələ cəmiyyət üçün hər zaman diqqətçəkən olub. Xüsusən də, uşaq hüquqlarını müdafiə edən ekspertlər, hüquqşünaslar dəfələrlə bu məsələ ilə bağlı öz narahatlıqlarını bəyan ediblər. Amma Ailə Məcəlləsinə təklif olunan dəyişikliklər nəzərə alınsa, artıq bu istiqamətdə narazılıqlara yer qalmayacaq. 

Qeyd edək ki, Nazirlər Kabinetinin 81 saylı qərarı ilə təsdiq edilmiş "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”dan irəli gələrək övladlığa götürmə qaydalarının təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, Ailə Məcəlləsində övladlığa götürmə qaydası, xüsusən də 120-ci maddənin təkmilləşdirilməsi ilə bağlı təkliflər layihəsi hazırlanır. Layihədə övladlığa götürmə ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş xüsusi qaydanın olması nəzərdə tutulub: "Ailə Məcəlləsinə dəyişikliklər edildikdən sonra artıq Nazirlər Kabineti tərəfindən xüsusi bir qayda tətbiq ediləcək. Qaydalarda bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Övladlığa götürmə qaydası, qurumlar arası əlaqələndirmə, qurumların üzərinə düşən funksiyalar, eyni zamanda övladlığa verilmiş uşaqların sonrakı həyat şəraitinə nəzarət edilməsi layihədə göstərilib”.

Övladlığa uşaq götürmə zamanı sənədləşdirmənin bir qədər sərt olduğunu vurğulayan Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, gözləmə müddəti çox olduğundan bu sahədə növbəlilik müşahidə olunur: 

"Düzdür, sənədləşmənin sərtləşdirilməsinin müəyyən mənada müsbət tərəfləri də var. Qanunsuzluğun, cinayətin qarşısını almaq üçün görülən işlər alqışlanandır, amma bu mexanizmlər elə qurulmalıdır ki, digər insanlar da bundan əziyyət çəkməsinlər. Lazım olmayan sənədlərin tələb olunması prosesin çevik prosedura çevrilməsinə əngəl törədir. Övladlığa uşaq götürmək istəyən onlarla ailə növbə gözləməli olur. Axı hər uşağın öz ailəsinin və ya qohumlarının himayəsinə qaytarılmaq kimi şansı yoxdur, onlar daha çox hansısa yad bir ailənin onları övladlığa götürməsi ilə ailə sevgisini yaşaya bilirlər. Amma bəzən bu sahədə prosedur qaydalar, süründürməçilik həmin uşaqların istəklərini yarımçıq qoyur”.

Ailə Məcəlləsində 120-ci maddənin təkmilləşdirilməsi ilə bağlı təkliflərə gəldikdə isə M. Zeynalova "Şərq”ə açıqlamasında bu sahədə ciddi dəyişikliklərə ehtiyac olduğunu deyib. 

Onun sözlərinə görə, sosial işçilər bu sahəyə təhkim olunmalı və ayda bir dəfə, ən azından üç ayda bir dəfə övladlığa verilən uşaqların yaşam şəraiti, onlara qarşı münasibət və məişət zorakılığına məruz qalıb- qalmamaları öyrənilməlidir. Hazırkı qanunvericilikdə bu məsələ öz həllini tapmayıb və heç bir hesabatda övladlığa verilən uşaqların sonrakı taleyi ilə bağlı açıqlamalara rast gəlməmişik.


Sözügedən təkliflərin həyata keçirilməsinin çox vacib olduğunu qeyd edən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağayeva da hesab edir ki, bu dəyişikliklər mütləq şəkildə edilməlidir: 

"Övladlığa və ya qəyyumluğa verilən uşaqlara mütəmadi olaraq nəzarət edilməsinə çox böyük ehtiyac var. Çox təəssüflər ki, Azərbaycan övladlığa verilən uşaqların sonrakı taleyi geri qaytarılmaya, övladlıqdan imtina olunmaya qədər gedir. Bax, bu kimi halların baş vermə səbəbləri öyrənilməldir. Hesab edirəm ki, sözügedən dəyişikliklər ən başından qanunvericiliyə əlavə olunsa, bəlkə də indi bu məsələ problem halını almazdı”.

K. Ağayevanın sözlərinə görə, qəyyumluqla məşğul olan aidiyyatı qurumlar xüsusən də övladlığa vermə və qəyyumluğa götürmə komissiyalar övladlığa verilən uşaqların sonrakı taleyini ciddi şəkildə nəzarətdə saxlamalıdırlar:

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əcnəbilərə övladlığa verilən uşaqların taleyi ilə bağlı daimi monitorinqlər aparılır və onlar daimi diqqətdə saxlanılır. Prosesə nəzarət edən müvafiq qurumlar həmin uşaqlar barədə heç olmasa ildə bir dəfə müvafiq orqanlar vasitəsilə uşaqların sağlamlığı, səhhəti, yaşayışı və təhsili ilə bağlı məlumat verirlər. Həmin monitorinq sistemi ölkə daxilində övladlığa verilən uşaqlarla bağlı da həyata keçirilsə, çox yaxşı olar”.

Şəymən