Oxu mədəniyyətini sıradan çıxarmaq olmaz

Qəzet və jurnallara marağı artırmaq lazımdır
Çünki yazılı media bu günü özündə yaşadır, gələcək nəsillərə saxlayır


Onlayn medianın çap mediasını üstələdiyini hər an görmək mümkündür. Bu gün nəinki qəzet, jurnal, demək olar ki, heç kitab da oxunmur. Görünən odur ki, artıq oxumağa maraq xeyli azalıb və bu templə də davam edir. Hər kəs özünə lazım olan məlumatı internet resurslarından istifadə edərək əldə edir. Məlumdur ki, zaman və məkan anlayışı olmadan onlayn media vasitəsilə informasiya əldə etmək kifayət qədər rahat və əlverişlidir. Elektron kitabların və kitabxanaların mövcudluğu və daha da inkişaf etməsi qəzet və jurnal oxucularının sayının azalmasına şərait yaradır. İstənilən vaxt və istənilən yerdə müvafiq informasiyanı, xəbəri əldə etmək oxucu kütləsinin diqqətini daha çox cəlb edir.

Artıq oxucular lazımi məlumatları saytlar vasitəsilə əldə edirlər. Lakin maraqlı məqam budur ki, onlayn media yalnız ölkəmizdə mövcud deyil. Avropa və Amerika ölkələrində, qardaş Türkiyənin özündə müasir dövrün tələblərinə cavab verən media sürətlə inkişaf edir. Bütün dünyada internet kağız mediaya zərbə vurub. Elektron media informasiya operativliyinə görə kifayət qədər oxucuların diqqətini cəlb edir. Amma Türkiyədə jurnallara, qəzetlərə olan tələbat, maraq olduqca çoxdur. Ölkəmizdə isə gün keçdikcə oxucuların jurnallara, qəzetlərə olan marağının azalmasını təəssüflə də olsa qeyd etməliyik.

Bu gün çox az sayda jurnalların nəşr olunduğunu görə bilərik. Jurnal, qəzet oxuyan insanların sayı isə günü-gündən azalır. Çap mediasının inkişafı üçün təbii ki, oxucu kütləsinin olması əsasdır. Lakin məsələnin maddi tərəfini də nəzərə almaq lazımdır. Oxucu olmadığı halda jurnalların, qəzetlərin çapı olduqca çətin, hətta mümkünsüz bir məsələdir.

Ekspertlərin böyük qismi isə onlayn resursların inkişaf etməsinə baxmayaraq, çap məhsullarının hər zaman önəmli olduğunu düşünür, qəzetlərin, jurnalların qorunub saxlanmasını bir növ ənənələrin qorunması hesab edirlər. Bəs ölkəmizdə jurnal çapına maraq niyə azdır? Səbəb internet mediasının inkişafıdır, yoxsa ortada başqa amillər mövcuddur?

Jurnalların az oxunması ilə bağlı problemin yalnız bu gün mövcud olmadığını deyən yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı ilə əlaqədar olaraq çap məhsullarına, ənənəvi nəşrlərə tələbat get-gedə azalır: 

"Amma jurnalların çapı, onların tirajının azalması, oxucu kütləsinin jurnallardan uzaqlaşması ötən əsrin 90-cı illərindən bu günə kimi baş verdi. Düzdür, o zamanlar Azərbaycanda jurnallar böyük tirajla çap olunurdu, amma televiziyanın, radionun inkişaf etməsi, xüsusən də ayrı-ayrı yazıçıların kitablarının kütləvi tirajla çap olunub əlçatan olması 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində geniş fürsət tapmış ədəbi, ictimai, publisistik və satirik jurnalların tirajlarının azalması və onların bir çoxunun nəşrinin dayandırılmasına səbəb oldu. Xüsusən müstəqillik dövründən bu yana Azərbaycanda bir çox jurnallar çap olunurdu. "Elm və həyat”, "Kirpi”, "Azərbaycan”, "Ulduz”, "Qobustan”, "Azərbaycan qadını” və digər jurnalları qeyd edə bilərik. Amma internet, sosial media, yeni elektron vasitələrin geniş fürsət tapması, televiziyanın inkişafı, elektron kitabların və kitabxanaların meydana gəlməsi oxucuları jurnallardan uzaqlaşdırdı. Bu bütün dünyada gedən bir prosesdir, hətta Amerikada ən məşhur iqtisadiyyat və ədəbi jurnallar elektron formaya keçdilər və yaxud öz çaplarını dayandırdılar. Məsələn, Rusiyada bir neçə jurnallar var idi ki, onların bir çoxunun tirajı olduqca azalıb. Hazırda müasir dövr, informasiya dövrüdür, informasiya texnologiyalarının inkişaf etdiyi bir zamanda yaşayırıq. İnsanlar çalışırlar ki, öz əqli mülkiyyətini, beyin məhsulunu audivizual, virtual variantda oxucu kütləsinə çatdırsınlar. Oxucular da vaxt qıtlığını nəzərə alıb, informasiyanı jurnallardan deyil, məhz internetdən almağa meyillənirlər”.

Qan Turalı imzası ilə tanınan yazıçı Tural Cəfərov jurnal oxucularının sayının azalmasını Azərbaycan cəmiyyətinin reallıqlarından biri olduğunu dedi. Onun sözlərinə görə, bu reallığı şərtləndirən obyektiv və subyektiv səbəblər var: 

"Bütün dünyada böyük internet resursları, məsələn, "youtube”, "google”, "facebook” və.s kimi resurslar mövcuddur. Xarici ölkələrdə bu resurslardan geniş istifadə olunur. Amma tirajlara baxanda görürük ki, onlarda kitab çapı və tirajı əvvəlki illərə nisbətən azalmır, əksinə artır. Məsələn, "New York Times” qəzetinin satışı bu gün də kifayət qədərdir və bu satışlardan qazanırlar, qəzetin tirajı da çoxdur. İnternet mediasının çap mediasını sıxışdırması tendensiyası zəif media resursları olan ölkələrə aiddir. Reallıq bundan ibarətdir ki, insanların uzun illər qəzet oxumaq kimi böyük vərdişləri vardı, bu vərdişlər hələ də davam edir, amma gün ərzində operativ şəkildə məlumatları internetdən əldə etmək mümkündür. Amma Azərbaycanın çap mediası resursları zəif olduğuna görə, onlar internet resursları ilə rəqabət apara bilmədilər. Belə məqamlarda biz hər zaman çalışırıq ki, özümüzü günahlandıraq, lakin çap mediasında işləyən jurnalistlərin də intellektual, texniki yaradıcılıq səviyyəsi elektron mediadan heç də aşağı deyil, əksinə yüksək səviyyədədir. Məlumdur ki, hazırda onlayn media çap mediasını üstələməkdədir. Məsələn, Türkiyədə "Hürriyyət” qəzeti və "hurriyyet.com”saytı var. Saytda 70, bəlkə də 100 nəfər işləyir. Amma Azərbaycanda texniki işçilər daxil olmaqla 20 nəfər işçi ilə qəzet buraxırıq deyə, bu rəqabətə dözə bilmədik. Ölkəmizdə çap mediasının inkişafının bu qədər aşağı düşməsinin obyektiv səbəblərindən biri reklam bazarının olmamasıdır. Əvvəllər də reklam bazarı yox idi, indi də yoxdur”.

Q.Turalı mütəmadi olaraq "Azərbaycan” və "Ulduz” jurnallarını oxuduğunu da bildirdi:

 "Bu jurnallar dövlətin maliyyələşdirdiyi, normal sayılan jurnallardan biridir. Dövlət tərəfindən maliyyələşən jurnalların bazar rəqabətinə dözümlülüklə bağlı bir problemləri yoxdur. Amma digər jurnalları çap etmək üçün müəyyən maliyyə mənbəyi tələb olunur, üstəlik reklam bazarı yoxdur deyə əlbəttə ki, belə vəziyyətdə çap mediasının inkişafından danışmaq olmaz. Məsələn, "Hürriyyət” qəzetinin bir tirajı 90 qəpiyə başa gəlirdi, amma qəzetin satış qiyməti 50 qəpik idi. Yəni 90 qəpiyə əmələ gələn məhsulu 50 qəpiyə satırdılar. Çünki qəzetin o qədər böyük büdcəsi var idi ki, aradakı 40 qəpiklik fərqi balanslaşdıra bilirdi. Azərbaycan cəmiyyətinin problemi isə budur. Ölkəmizdə jurnallar, qəzetlər reklam toplaya bilmədikləri üçün bu gün ənənəvi mediada problemlər yaranıb. Hətta əminliklə deyə bilərəm ki, Azərbaycanda 2-3 qəzet çıxmasa, bundan heç kimin xəbəri olmaz. Düşünürəm ki, ölkəmizdə çap mediasının bu vəziyyətdə olmasının səbəbləri internetin inkişafı ilə bağlı deyil. İnternet mediası yalnız Azərbaycanda yox, xarici ölkələrdə də var. Amma orda hər kəs jurnal və qəzetləri daimi olaraq izləyirlər. Azərbaycanda necə ki, qəzet oxunmur, eyni dərəcədə televiziyalara da baxmırlar. Bu gün küçəyə çıxıb bir adamdan soruşsaq ki, Azərbaycan kanallarında hansı seriallar, verilişilər, xəbərlər gedir, heç kim əsaslı cavab verə bilməyəcək. İnsanlar informasiyanı tamamilə internetdən almağa meyilləniblər və televiziyalar öz funksiyalarını tamamilə itirib. Bu gün ölkəmizdə xəbər deyə açıb baxa biləcəyimiz bir platforma yoxdur ki, operativ və dəqiq xəbər alaq”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərlinin sözlərinə görə, ötən əsrin 90-cı illərində, hətta 2000-ci illərdə elektron media-televiziya və radiolar xəbər məkanında yazılı medianı qabaqlayırdı: "Bununla belə xeyli sayda qəzet və jurnal nəşr olunurdu. 

Son illər elektron KİV, özəlliklə onlayn media yazılı mətbuatı tamamilə üstələyib. Yeni nəsil smartfon və anderoid telefon aparatlarının istifadəyə başlanmasından sonra onlayn mediaya giriş daha asanlaşıb. İndi insanlar xəbər axınını əllərindəki geniş imkanları olan mobil telefonlar vasitəsilə təqib edirlər. Əvvəllər televiziya xəbərin çevikliyi və operativliyinə görə qəzetləri üstələyirdi. 

TV-lər günün müəyyən saatlarında, məsələn, 9.00, 12.00, 15.00, 18.00, 21.00 və 00.00-da xəbərlər buraxılışı verirdi. Ancaq indi TV-lər də gecikir. Hətta titrlərdə verilən xəbərlər də oxucunun, izləyicinin marağını təmin etmir. İnsanlar xəbər axınını saytlardan, xəbər portallarından, hətta sosial şəbəkələrdə izləməyə üstünlük verirlər. Belə bir durumda qəzet və jurnallara marağın azalması tamamilə təbiidir. Bəzi maarifçi dostlar qəzet və jurnala marağın azlığını bütövlükdə xalqın oxumağa həvəsinin olmaması ilə bağlayırlar. Hətta "biz kitab sevən xalq deyilik” kimi fikirlər səslənir. Zənnimcə belə deyil. Sovet dövründə demək olar ki, hər bir ailə rəsmi qəzetlərə, idman və elmi-kütləvi nəşrlərə abunə idi. Mənim valideynlərim kolxozçu idi, ancaq biz "Kommunist”, sonradan "Sovet kəndi”, "İdman” qəzetləri, "Elm və həyat”, "Kirpi”, "Göyərçin” jurnallarına abunə idik. İnsanlar oxuyurdu. Çünki bu mənəvi ehtiyacdan irəli gəlirdi. İndi müasir informasiya vasitələri var. 

"Ağıllı telefonlar”da asanlıqla xəbər, müsahibə, hekayə, povest oxumaq mümkündür. Adətən, başını telefondan qaldırmayanlara kənardan "oyun oynayır” tənəsi ilə yanaşırlar. Amma mən müşahidə etmişəm, oxuyan gənclər də var. Hamı mobil telefonu əlində oyun oynamaq üçün tutmur. Mənə elə gəlir ki, yazılı media brendləri informasiya bazarında yerini, imicini qorumaq üçün bütün gücünü elektron resursların inkişafına verməlidir. Ancaq yazılı medianın tam sıradan çıxacağına da inanmıram. Yazılı media bu günü özündə yaşadır, gələcək nəsillərə saxlayır. Bu baxımdan, elektron KİV yazılı mediaya nisbətən daha "etibarsızdır”. Mənə elə gəlir ki, dövlət dəstəyi ilə elmi-kütləvi, bədii qəzet və jurnalları yaşatmaq lazımdır”.

Yeganə Bayramova
(Davamı olacaq...)

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb