Palataya PONİ gətirilməsinə professordan sərt REAKSİYA:"Yalnız “yetimi” döyürlər "

Adil Qeybulla:"Axı xəstəxananın daxili gigiyena, nizam-intizam qaydaları var. Azərbaycanda dünyada analogiyası olmayan hadisələr baş verir"



"Hacı Nuranın müalicə aldığı klinikaya, xüsusi olaraq, onun yatdığı palataya heyvan gətirilməsi onu göstərir ki, Azərbaycan reallığında maddi imkanlar, müxtəlif münasibətlər sistemi qanunlardan üstündür”.

Bunu "Sherg.az”a "Həyat" fondunun rəhbəri Hacı Nuran Hüseynov üçün müalicə aldığı özəl xəstəxanadakı palatasına poni gətirilməsindən danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

Onun fikrincə, qaydalar və qanun qoyulduqda, bəzi müəssisələr bunu sıravi vətəndaşlara tətbiq edirlər:

"Ancaq "yetimi” döyürlər. Qanunlar olduqda kimə ürəkləri istəyir, onlara güzəşt edirlər. Kiminsə istəyi ilə xəstəxanaya heyvan gətirilməsi necə ola bilər? Axı xəstəxananın daxili gigiyena, nizam-intizam qaydaları var. Azərbaycanda dünyada analogiyası olmayan hadisələr baş verir.

Hacı Nuranın palatasına heyvan gətirilməsi anti-gigyenik, şou xarakterli addımlardır. Heç bir qayda-qanuna, səhiyyə normalarına aid olmayan bu hadisəni qınayıram. Yenə deyirəm, bu cəmiyyətin reallığının göstəricisidir”.

Qeyd edək ki, Hacı Nuranın müalicə aldığı "Ege" Hospitala atın gətirilməsi isə sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Hospitalın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Türkan Məmmədli isə Hacı Nuranın istəyi ilə poninin xəstəxanaya gətirildiyini bildirib.

Aysel Aslan