Panik atak xəstəliyini yaradan SƏBƏBLƏR - Nə etməli ?

"Uzun müddət stress keçirən, problemlər yaşayan insanların beynində morfinə bənzəyən maddələri ifraz edən mərkəzlər tükənir”.
Bu barədə "Sherg.az”a son vaxtlar panik atak xəstəliyinin geniş yayılmasının səbələrini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. 
O diqqətə çatdırıb ki, həmin tükənən maddələr beynin sevinc halını təmin edir:
"Morfinə bənzər maddələrin tükənməsi insanda əsəb halını yaradır, sinir sistemi müdafiəsiz qalır. Bu vəziyyət orqanizmdə müxtəlif cür təzahür edir. Sinir sisteminin tipindən asılı olaraq, ipoxandrik nevroz, özündə yoxdan hansısa xəstəlik tapmaq, panik ataklar, qorxu, həyəcan kimi vəziyyətlər baş verir. İnsanları bu durumdan azad etmək üçün çox zaman düzgün yol tutulmur. Xəstənin özünə inamını qaytarmaq mütləqdir. Bu mərhələdə dərman müalicəsi, psixoterapiya və s. kimi kompleks prosedur lazımdır. Son vaxtlar, cəmiyyətdə sosiallıq itdikcə, iqtisadi durum ağırlaşdıqca, insanların özünə güvəni azalır. Nəticə belə hallarla özünü göstərir”.
Qeyd edək ki, panik atak xəstəliyinin başlanğıc yaşı dəyişkəndir. Uşaqlarda çox nadir ortaya çıxan xəstəliyin ilk yaranma illəri 18-25 yaş arasıdır. Xəstəlik 30-40 yaşlarında özünü ciddi şəkildə göstərir. Panik atakın genetik olub-olmadığına dair fakt mövcud deyil.
Aysel Aslan