"Azərbaycan ordusunun yaranmasının 100 illiyi ilə bağlı keçirilən hərbi paradda 100 ildən sonra Azərbaycan və Türkiyə ordusu birlikdə iştirak etdi”.
Bunu "Sherg.az”a iyunun 26-sı keçirilən möhtəşəm hərbi parad haqqında fikirlərini bölüşərkən tarixçi-alim Dilavər Əzimli bildirib.
O vurğulayıb ki, bu hərbi parad Azərbaycan və Osmanlı ordusunun 100 il əvvəl Bakının azad olunmasından sonra nümayiş etdirdiyi hərbi paradın təkrarı idi:

"Bu parad dünyaya mesajdır ki, biz türk dünyası ilə birlikdə addımlayırıq, bir millət iki dövlət olaraq hərbi strateji müttəfiqik. Bu ittifaq getdikcə dərinləşir. 2013-cü ildə keçirilən hərbi paradda nümayiş olunan silahların əksəriyyəti Rusiyadan alınmışdı. Bu hərbi paradda nümayiş olunan silahlar isə Türkiyə və İsraildən alınan, eyni zamanda Azərbaycanda istehsal edilən silahlar idi. Bu, Azərbaycanın regionda mövqeyinin gücləndiyini, Türkiyə-Azərbaycan ittifaqının getdikcə dərinləşdiyini göstərir.
Bir iradımı diqqətə çatdırmaq istərdim. Hərbi paradda translasiya mətni yaxşı hazırlanmamışdı. Çünki mətndə 1918 – 2018 yazılmışdı. Mətn oxunan zaman aparıcıya bildirilməli idi ki, Azərbaycan ordusu, 1918-ci ildə keçirilən ilk hərbi parad haqqında, burada iştirak edən sərkərdələr, Nuru paşa, ordumuza rəhbərlik edən şəxslər haqqında məlumat versin. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov və digərləri xatırlanmalı idi. Bu hərbçilərimizin xidmətləri hesabına 1918-ci ildə Şuşa erməni daşnaqlarından təmizləndi. Qarabağ xilas edildi. Xosrov bəy Sultanovun dəstələri Zəngəzura qədər bütün ərazilərə nəzarət edə bilirdi. Bunlar qeyd edilməli idi. Hərbi paradda xatırladılmalı idi ki, biz yenə də Zəngəzura, Göyçəyə nəzarət edəcəyik. Hətta İrəvan da gələcəkdə bizim olacaq.
Səməd bəy Mehmandarov Rusiya ordusunda tam generallardan biri idi. Əliağa Şıxlinskiyə isə "artilleriyanın allahı” adı verilmişdi. Hüseyn bəy Naxçıvanski və çar II Nikolay hər həftə çay süfrəsində əyləşirdi, çar peşəkar hərbçimizdən məsləhətlər alırdı. Bununla bərabər bütün dünyada tanınan hərbçimiz Həzi Aslanovun da adı çəkilməli, onun fəaliyyəti vurğulanmalı idi. Qafqaz İslam Ordusundan xeyli danışılmalı idi. Ona görə, hesab edirəm ki, hərbi paradın mətni ekspertlərlə məsləhətləşməli idi.
Buna rəğmən deyə bilərəm ki, çox nəhəng, möhtəşəm parad təşkil olundu. Parada baxan hər bir azərbaycanlının qürurdan gözləri yaşarırdı. Bu parad bizim üçün çox böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, iyunun 26-sı Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident vurğulayıb ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.
Aysel Aslan