Reallıq odur ki, Paşinyan Ermənistanı iflic, ac-yalavac vəziyyətdən çıxarmaq üçün işğal etdikləri Qarabağı Azərbaycana qaytarmalıdır
Paşinyan hakimiyyətinə inamsızdır
Ona görə də “Qarabağ kartı”ndan istifadə edir
Reallıq odur ki, Paşinyan Ermənistanı iflic, ac-yalavac vəziyyətdən çıxarmaq üçün işğal etdikləri Qarabağı Azərbaycana qaytarmalıdır
Reallıq odur ki, Paşinyan Ermənistanı iflic, ac-yalavac vəziyyətdən çıxarmaq üçün işğal etdikləri Qarabağı Azərbaycana qaytarmalıdır
Ermənistanın yeni baş naziri Nikol Paşinyan mayın 9-da ilk səfərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə edib. Xankəndinə gələn Paşinyan işğal olunmuş torpaqlarda yaradılan qondarma rejimin "rəhbərliyi” ilə görüşüb və sərsəm ifadələr səsləndirib. Əlbəttə, Paşinyanın seçkidən dərhal sonra Qarabağa gəlişi və alovlu "vətənpərvər çıxışlar” etməsi indiki məqamda daxili auditoriyaya hesablanmış kimi qəbul oluna bilər. Lakin baş nazirin müharibə elanı kimi fikirlər səsləndirməsi diqqət çəkir. Ekspertlərə görə, Paşinyanın dərhal Qarabağa baş çəkməsi Ermənistanın yeritdiyi siyasət fonunda heç də təəccüblü deyil. Ola bilər ki, Paşinyan əhalinin əhval-ruhiyyəsinə uyğun hərəkət edir və elan edir ki, erməni siyasəti dəyişməzdir.
Hərçənd, Ermənistandakı problemlərin yeganə səbəbi cinayətkar klanın hakimiyyəti və korrupsiya deyil. Ermənistanın düşdüyü bərbad vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Qarabağ problemi Ermənistanın boynuna atılmış ilmədir və ona nəfəs almağa imkan vermir. Lakin ən pisi odur ki, erməni siyasətçilər bu ilməni zəiflətmək əvəzinə, onu bir az da sıxırlar. Paşinyanın Qarabağ səfərinin formal xarakter daşıdığını bildirənlər də var. Onların fikrincə, yeni baş nazir yerini möhkəmləndirmək üçün hələ bir neçə ay Qarabağ kartından istifadə edəcək. Baş nazir hakimiyyətinə inamsızlıq hiss edir, ona görə də patriot addımların arxasında gizlənir.
"Paşinyanın iqtisadi proqramı zəif və populistdir”
Rusiyalı politoloq Andrey Yepifantsev deyib ki, yaxın zamanda Paşinyan xalqın kumirindən uğursuz liderə çevriləcək. Analitikin sözlərinə görə, Qarabağ və qondarma erməni "soyqırımı” prinsipindən imtina etmədən, blokadadan çıxmadan iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil. Bu halda hakimiyyətə ya sehrbaz gəlməli və çarəsiz situasiyadan konfet düzəltməyi bacarmalı, ya da onların xərclərini başqaları ödəməlidir: "O, mikroskopik erməni bazarının monopoliyasından, kölgə iqtisadiyyatı ilə mübarizədən danışır. Lakin varlı diasporu ölkəyə cəlb etmək üçün Qərbə doğru addımlamaq lazımdır. Bu isə Rusiyadan gələn mənbələrin qapadılması və Ermənistanın sonu deməkdir. Ona görə də əminliklə demək olar ki, Paşinyan iqtisadiyyata yeni heç nə gətirməyəcək. O, Ermənistanın siyasi tələblərindən də imtina etmir, nəticədə Ermənistanı iqtisadi kollapsa aparır. Paşinyanın proqramı Ermənistanı təcriddə saxlayan digər proqramlar kimi uğursuzluğa məhkumdur. Məncə, bir il ərzində biz Paşinyanın iqtisadiyyat və rifah məsələsində heç nə edə bilməyəcəyini görəcəyik. Demək ki, ictimaiyyətdə neqativ əhval-ruhiyyə güclənəcək və yeni kumir axtarılacaq”.
"Paşinyan indi
başqa hava çalır”
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev "Şərq”ə açıqlamasında bildirib ki, Ermənistan Dağlıq Qarabağın işğalına son qoyub konstruktiv danışıqlara başlamazsa, düşmən ölkə böyük iqtisadi layihələrdən və beynəlxalq tranzit yollarından kənarda qalacaq. Ekspertin sözlərinə görə, Paşinyan çox ağır vəzifə qarşısındadır: "Mitinqlərdə verdiyi sözə əməl etmək üçün ilk növbədə idarəçilikdə 180 dərəcəlik dəyişikliklər etməlidir. Qarabağ əsilli keçmiş prezidentlər Köçəryan və Sarkisyanın yaratdığı tayfa hakimiyyəti hesabına zənginləşən oliqarxlar zərərsizləşdirilməlidir. Lakin hakimiyyətə gedən yolda Paşinyanın xalqa verdiyi vədləri ilə indiki bəyanatlar arasında uyğunsuzluq var. Müxalifətdə olduğu zamanlarda Ermənistanın Avrasiya ittifaqından çıxmasının zəruriliyindən və Qərbə inteqrasiyadan danışan Paşinyan indi başqa hava çalır. Əslində bu bəyanat Rusiyaya səfər öncəsi siyasi manevrdir. Eləcə də Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını istəyən Paşinyan bir qədər hədə və hətta bir az da yekəxanalıq üslubundan danışmağa başlayıb. Reallıq odur ki, Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanla yaxınlaşmasa, heç bir iqtisadi yüksəliş görməyəcək. Erməni diasporası, Qərb və Rusiya isə Ermənistanın qara qaşına və ya gözünə görə ona havayı pullar verməyəcək. Bunun üçün mütləq mənada regionda müharibə təhlükəsi aradan qaldırılmalıdır. Uzunmüddətli sülhün yaranmasının bir yolu var. O da işğalın sona çatmasıdır”.
"Düşmənə qarğış etməklə torpaqlar alınmır”
Paşinyanın Qarabağa getməsi barədə "Şərq”ə danışan Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov diqqətə çatdırıb ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Azərbaycana qarşı işğalçılıq münasibəti dəyişməz qalacaq. Onun fikrincə, erməni siyasətçilərin addımları həm tarixi-etnik ənənələrə, həm də dövlətin yürütdüyü ana siyasətə hesablanıb: "Paşinyanın Azərbaycana və Dağlıq Qarabağa qarşı daha təcavüzkar siyasət yürüdəcəyi əvvəlcədən bəlli idi. Onun ictimai-siyasi fəaliyyətinə nəzər salmaq kifayətdir ki, hansı düşüncədə olduğu məlum olsun. Bəlamız ondan ibarətdir ki, düşmənimizi tanımaq istəmirik, düzgün təhlil etmirik. Bəziləri Paşinyanı "demokratik şəxs” hesab edərək problemin həllinə çalışacağına ümid bəsləyirlər. Paşinyan baş nazir seçilən kimi dərhal Azərbaycanın işğal olunmuş ərazilərinə yollandı. Məncə, münaqişənin danışıqlar yolu ilə həlli mümkün deyil, hərbi yol qaçılmazdır. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi də iflas edib. Qarabağ problemi ilə bağlı yürütdüyümüz siyasəti redaktə etməliyik. Düşmənə qarğış etməklə torpaqlar alınmır”.
"Paşinyan Azərbaycanı müharibəyə məcbur edə bilər”
Politoloq Elçin Mirzəbəyli isə hesab edir ki, indiki şəraitdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi istiqamətində əməliyyatlara başlaması, nəinki Dağlıq Qarabağın işğaldan azad edilməsi, bütün Ermənistanın kapituliyasiyası ilə nəticələnə bilər: "Paşinyanı Qarabağla bağlı bəyanatlar verməyə sövq edən başqa səbəblər var. Bu da, Ermənistanın daxili siyasəti ilə bağlıdır. Əslində Paşinyanın mübarizəsi Serj Sarkisyana və onun başçılıq etdiyi qanlı xuntanı hakimiyyətdən uzaqlaşdırılmasına yönəlmişdi. Bu baxımdan Ermənistan cəmiyyətində Paşinyanın anti-Qarabağ cəbhəsində dayandığı xüsusi olaraq vurğulanırdı. Sarkisyan tərəfdarlarının ona qarşı istifadə etdikləri əsas arqument də bundan ibarət idi. Bu şəraitdə Roma papasından artıq katolik olduğunu göstərməyə çalışmaqla, Dağlıq Qarabağ məsələsində prinsipial mövqedə dayandığını nümayiş etdirməyə cəhd edir. Həmçinin, Sarkisyandan daha radikal bəyanatlar verməklə, ondan bir addım önə keçməyə çalışır. Bu da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hesablanıb”.
"Prosesləri Ermənistanın daxilinə daşımaq lazımdır”
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu da bəyan edib ki, Nikol Paşinyanın may ayının 8-də, Şuşanın işğalı günündə baş nazir seçilməsi və birbaşa işğal olunmuş Dağlıq Qarabağa gəlməsi, orada separatçılarla görüşməsi Ermənistan siyasətinin dəyişməyəcəyini göstərir: "Paşinyan da sələfləri kimi beynəlxalq güclərin dəstəyini almağa, işğala hüquqi don geyindirməyə çalışır. O, birbaşa Rusiyanın maraqlarına xidmət edən dairələrin vəzifəyə gətirdiyi şəxsdir. Paşinyanın Dağlıq Qarabağ rejimini tərəf kimi qəbul etməsi və danışıqlarda qondarma "respublikanın” iştirakını istəməsi çox ciddi təhlükədən xəbər verir. Azərbaycan tərəfi dərhal adekvat addımlar atmalıdır. Prosesləri Ermənistanın daxilinə daşımaq lazımdır. İrəvan, Zəngəzur və Dərələyəz məsələsini yenidən gündəmə gətirməklə, Ermənistandan deportasiya olunan azərbaycanlılar mövzusunu qabartmaqla Paşinyanın əl-qolunu bağlamalıyıq”.
İsmayıl