Paşinyan insani davranışdan da məhrumdur

Əslində savaşa aidiyyəti olmayan mülki şəxslərlə iki erməni kəşfiyyatçının dəyişdirilməsində ermənilər daha çox maraqlı olmalıdır



Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən, Bakının erməni terrorçularının əlində olan girovlarımızı qaytarmağı tələb etdiyini dolayısı ilə etiraf edib. Lakin Paşinyan əsir və girovların dəyişdirilməsini qeyri-insani davranış sərgiləyərək rədd edib. Baş nazir bununla bir daha erməni xislətini ortaya qoyub. Paşinyanın humanist təklifə müsbət yanaşmaması əsir erməni ailələrinin kəskin etirazına səbəb olub. Hətta Azərbaycanda həbsdə olan erməni hərbçisi Arsen Baqdasaryan da öz ölkəsinin baş nazirinə müraciət ünvanlayıb. Baqdasaryan əsir-girovların "hamının-hamıya” prinsipi ilə azad edilməsi üçün Paşinyana çağırış edib. Erməni hərbçi yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş edib.

Nikol Paşinyanın davranışını "Şərq”ə şərh edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bunu çox barbar yanaşma adlandırıb. Ekspertin sözlərinə görə, Birinci Dünya müharibəsindən sonra imzalanan konvensiyada müharibələrdə əsir və girov düşmüş şəxslərin bərabər qaydada dəyişdirilməsi öz əksini tapıb:

 "Bu məsələ hamı tərəfindən bilinən və qəbul edilən Cenevrə Konvensiyasında da yer alıb. Qarşılıqlı şəkildə əsirləri dəyişdirmək humanist addım sayılır. Paşinyan inqilab nəticəsində hakimiyyəti zəbt etdiyi üçün özünü "demokrat” adlandırır. Axı baş nazir necə "demokrat”dır ki, beynəlxalq dəyərlərə heç bir əhəmiyyət vermir və insani davranışları qətiyyətlə rədd edir.

 Paşinyan bu məsələyə sırf erməni şovinizmi prizmasından baxır. Bilirsiz ki, söhbət Qarabağda girov saxlanılan iki kəlbəcərli mülki azərbaycanlı ilə əlimizdə olan iki erməni kəşfiyyatçının dəyişdirilməsindən gedir. Məsələ bir neçə dəfə gündəmə gəlib. Əslində savaşa aidiyyəti olmayan mülki şəxslərlə iki erməni kəşfiyyatçının dəyişdirilməsində ermənilər daha çox maraqlı olmalıdır. Çünki bunun sayəsində düşmən öz professional kəşfiyyatçılarını geri ala bilər. Lakin göründüyü kimi, İrəvan erməni əsirlərin taleyi ilə maraqlanmır, onları görməzdən gəlir”.

Analitik bildirib ki, Paşinyanın qeyri-insani yanaşması onun sivilizasiyadan, hüquqi proseslərdən kənar olduğunu göstərir: 

"Erməni baş nazir qətiyyən sülh istəmir. Hakimiyyətə gəldiyi ilk gündən etibarən ancaq müharibə təhdidləri yaratmaqla məşğuldur. Əksər addımları da savaş ritorikasına hesablanıb. Biz mümkün qədər bu məsələni dünya gündəminə daşımalı və beynəlxalq təşkilatlara müraciət etməliyik”.

İsmayıl