"Paşinyan küçə demokratiyasından istifadə edərək diktatura qurmaq istəyir" - Analitik

"Hazırda Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilir. Seçkiyə hazırlıq zamanı aparılan kampaniyada siyasi partiya və bloklar tərəfindən toxunulan əsas məsələlər Rusiyanın təsirindən uzaqlaşaraq Qərbə meyl etməli, Qarabağı Ermənistana birləşdirilməli yada status-kvo qorunub saxlanılmalı, ordu gücləndirilməli yeni texnikalarla təmin olunmalıdır". 
Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı Ermənistanı baş naziri Nikol Paşinyanın küçə demokratiyasından istifadə edərək diktatura qurmaq cəhdlərini şərh edərkən deyib. Ekspert diqqətə çatdırıb ki, bütün siyasi partiya ("Ermənistan Respublikası" partiyasi xaric) və bloklar Paşinyanın fikirlərini dəstəkləyən açıqlamalarla çıxış edərək onun yanında olduqlarını da nümayiş etdirirdilər:
"Belə olan təqdirdə həmin siyasi partiya və bloklar da xalqın dəstəyini almaq niyyətindədirlər. Bundan əlavə onu qeyd edim ki həmin partiya və bloklar bir mövqedən çıxış edərək çalışırlar ki, ERP bu parlamentdə təmsil olunmasın. Bir sözlə bu seçkiləri əslində ERP-yə qarşı digər siyasi partiya və blokların mübarizəsi kimi də qiymətləndirə bilərik.
 Hətta ERP-nin namizədlərinin üstün olduqları bəzi bölgələrdə belə Paşinyan hüquq - mühafizə orqanlarına tapşırıq verirdi ki, insanları onun blokuna səs verməyə vadar etsinlər. Aparılan müşahidələr əsasında onu deyə bilərik ki, ilkin məqsəd hər vəchlə nə olur olsun ERP-nin bu seçkilərdə parlamentdə təmsil olunmamasına nail olmaqdir. 
Bundan başqa yeni formalaşacaq parlamentin tərkibində Rusiya təsir faktorunun az olması, Qərb dəyərlərini üstün tutan və ələlxüsus da Paşinyanın nəzarət edə biləcəyi bir parlament yaratmaqdır. Beləcə, Paşinyan küçə demokratiyası adı altında öz diktaturasını qurmuş olacaq. Ermənistanda bu seçkilərdən sonra köhnə diktaturanı yeni diktatura əvəz edəcək, lakin hələlik tək fərq bu diktaturanın küçədən gəlməsidir. Küçədə qurduğu diktaturanı parlamentə daşıyacağını ifadə edə bilərik".
Ayyət Əhməd