Paşinyanın çıxış yolu qapanır

O nəzərə almalıdır ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edib. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə diqqət çəkən nazir problemin çözülməsinin bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələ olduğunu söyləyib. XİN rəhbəri vurğulayıb ki, erməni həmkarı ilə keçirdiyi iki görüş, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş söhbət irəli getmək üçün müsbət impuls verib: "Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq. Bu isə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Rəsmi Bakı substantiv, nəticəyə yönəlik danışıqlara hazırdır və bunu hər dəfə gündəmə gətirir”.

Ekspertlərin fikrincə, baş nazir Nikol Paşinyana növbədənkənar seçkilərə qədər vaxt verilib. Hər halda rəsmi Bakı danışıqlara hazır olduğunu bəyan edərək Ermənistandakı proseslərin yekunlaşmasını gözləyir. Lakin Paşinyanın seçkidən qalib çıxmasından və hakimiyyətini legitimləşdirməsindən sonra öz sərsəm arqumentlərindən imtina edəcəyini düşünmək hələ tezdir. Seçkidən sonrakı dövrdə Paşinyanın münaqişəyə yanaşması gün üzünə çıxacaq.

Nazir Elmar Məmmədyarovun Ermənistanın yeni rəhbərliyi ilə bağlı səsləndirdiyi fikirləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Paşinyanın baş nazir seçilməsi ilə danışıqlarda "taym-aut” götürüldü. Analitikin sözlərinə görə, Paşinyan ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı radikal bəyanatlar səsləndirir. Lakin yeni baş nazir erməni cəmiyyətinin ümidlərini doğrulda bilmir:

"Bu gün Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründən heç nə ilə fərqlənmir. Əksinə, vəziyyət daha da ağırlaşmaqdadır. Məsələn, Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir. Qarabağ məsələsi baş naziri o qədər də maraqlandırmır. İqtisadi inkişafa nail olmaq üçün Ermənistanın resursları yoxdur. Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur. İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur. Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı sıfırdır. Rusiyaya qarşı nankorluq edən İrəvan Qərb qarşısında diz çökməyə hazırdır. Paşinyanın səsləndirdiyi fikirlərdə sətiraltı məna kimi əsas vurğu Qərbin üzərində qoyulur. Görünür, Qərbdəki bəzi dairələr Paşinyanı dəstəkləyir”.

A.Rəşidoğlu bildirib ki, Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir: "Baş nazir Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir. Əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəyi ilə bizi hədələyir. Sual yaranır: - Paşinyan hansı addımları ata bilər? İrəvan qondarma Dağlıq Qarabağ Respublikasının "müstəqilliyini” tanıya bilər. Ancaq Paşinyan nəzərə almalıdır ki, Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır, o yol da Azərbaycanla razılıq əldə etməkdir. Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da münasibəti fərqlidir. Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönlü siyasətin həyata keçirilməsi tələbləri ciddi sıxıntıya çevrilməkdədir”.

Siyasi şərhçi bəyan edib ki, Paşinyan millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb. O, Serj Sarkisyandan Rusiyadan uzaqlaşmağı və Qərbə üz tutmağı tələb edən şəxs olub: "Baş nazir Paşinyan Rusiyanın təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, İrəvanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir. Əlavə etmək lazımdır ki, Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və xilas kəməri kimi Azərbaycanın dövlət başçısı ilə növbəti dəfə görüşməyə can atır. Onun bir qədər əvvəl səsləndirdiyi "danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir” şüarı artıq mənasızlaşıb. Bunu Paşinyan da dərk edir və anlayır ki, Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti birmənalı olaraq Bakının xeyrinədir. İrəvan istəsə belə müharibə variantını ağlından keçirə bilməz. "Nə hərb, nə sülh” vəziyyəti də uzun müddət davam edə bilməz. İşğala son qoyulmadıqca vəziyyət gərgin olaraq qalacaq. Cəbhədə toqquşmalar və erməni təxribatı davam edərsə, Bakının "aprel əməliyyatı”nı təkrarlamaqdan başqa yolu qalmayacaq. Əgər savaş başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir”.

İsmayıl