Ermənistanın yeni hakimiyyətinin xarici siyasət konturları, prioritetləri hələ cızılmayıb
Ötən gün Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında birbaşa danışıqlar ola biləcəyini iddia edib. Görüşün zamanı ilə bağlı konkret tarix söyləməyən Mnatsakanyan İrəvanın hələlik gözləmə mövqeyində olduğunu bildirib:
"Tələsmək lazım deyil. Görüşün təşkil edilməsi ilə əlaqədar səlahiyyətli şəxslərlə danışmışam. Yaxın həftələrdə olmasa da, qarşıdakı aylarda görüş mümkün ola bilər”. Ermənistan xarici işlər nazirinin açıqlamasını dəyərləndirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev rəsmi Bakının Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında substantiv danışıqlara hər zaman hazır olduğunu bəyan edib. H.Hacıyevin sözlərinə görə, substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qayıtması təmin olunmalıdır. XİN rəsmisi əlavə edib ki, tərəflər arasında danışıqlarla əlaqədar görüşün keçirilməsi barəsində Azərbaycana təkliflər daxil olduğu halda mətbuata bu barədə məlumat veriləcək. Ekspertlər düşünürlər ki, indiki məqamda Paşinyan hökuməti ilə görüşün perspektivi yoxdur. Çünki hazırda düşmən ölkədə ikihakimiyyətlik və siyasi qeyri-müəyyənlik hökm sürməkdədir. Ona görə də rəsmi Bakı tələsik və mənasız təmaslara təşəbbüs göstərmir.
Görüş ehtimalı ilə bağlı "Şərq”ə danışan Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Ermənistanın yeni hakimiyyətinin xarici siyasət konturları, prioritetləri hələ cızılmayıb. Onun sözlərinə görə, Paşinyanın müxtəlif vədlər verməsi, radikal bəyanatlar səsləndirməsi erməni hökumətinin tərəddüd içində olduğunu göstərir:
"Ermənistan tərəfi gec-tez danışıqlar masasına oturmağa məcbur olacaq. Aparıcı ölkələr müəyyən təzyiqlər göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların bərpasından söz açırlar. Azərbaycan tərəfi heç vaxt danışıqlardan imtina etməyib. Sadəcə vurğulamışıq ki, tərəflər arasında baş tutan danışıqların müsbət nəticəsi olmalıdır. Demişik ki, bizə qarşı oyun oynamasınlar, radikal bəyanatlar səsləndirməsinlər. Ermənistan hökumətində ziddiyyətlər var. Paşinyan özü çapalayır, vəziyyətdən çıxmağa çalışır. Bir tərəfdən Qərbyönlü nazirləri vəzifəyə gətirir, digər tərəfdən Soçiyə gedərək, Rusiya Prezidenti Vladimir Putinlə görüşür. Bunun özü konkret siyasi xəttin olmadığına dəlalət edir”.
Ekspertin fikrincə, əslində düşmən ölkə danışıqların bərpasında maraqlı olmalıdır. Çünki beynəlxalq hüquq bizim tərəfimizdədir, qətnamələr xeyrimizə qəbul olunub:
"Ermənistan vəziyyəti daha da mürəkkəbləşdirmək əvəzinə siyasi və iqtisadi böhrandan çıxmağa səy göstərməlidir. Düşmən ölkənin yeganə çıxış yolu Azərbaycanla dil tapmaq, kompramisə getmək və torpaqlarımızı işğaldan azad etməkdir. Əks halda düşmən ölkə səfalətdən qurtula bilməyəcək. Nəticədə Paşinyan da Sarkisyanın gününə düşəcək”.
İsmayıl