Pediatr: "Tozlu havalarda uşaqların xəstələnmə riskləri artır" - Neynəməli?





"Tozun miqdarı normadan çox olan zaman uşaqları bu havanın təsirindən qorumaq lazımdır”.

Bu sözləri "Sherg.az”a pediatr Günay Rəsulova deyib. O bildirib ki, uşaqlar qapalı məkanlarda, insanların çox olduğu açıq ərazilərdə az olmalıdırlar:

"Əksinə, ağacların çox olduğu yerlərdə, parklarda, yaşıllıq ərazilərdə gəzməlidirlər. Ağaclar, otlar toz hissəciklərini üzərinə hopdurduğundan, oksigen ifraz etdiyindən uşaqlar üçün ən sağlam yerlərdir.

Tozlu havalarda uşaqların allergik reaksiyaları, xəstələnmə riskləri artır. Yaz aylarında ağacların tozlanması, dəyişkən hava şəraiti gözlərdə qızarma, qaşınma, burun tıxanıqlığı şikayətləri yaradır. Belə havalarda valideynlər uşaqlarda burun tənəffüsünün normal olmasına diqqət etməlidirlər. Burunu uzun müddət tıxanıq olan uşaqlar ağızla nəfəs aldığına görə, allergik problemləri genişlənir, təkrarlanan bronxik ataklar, uzun çəkən öskürək şikayətləri yaranır”.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, aprelin 18-19-da ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacaq. Buna səbəb bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə Ərəbistan yarımadasından cənub-qərb küləkləri vasitəsilə toz-dumanının daxil olmasıdır.

Aysel Aslan