Pensilvaniyadakı adam hələ ki, sərbəstdir






"Bir gün onların türk dünyasına atmaq istədikləri canlı "bomba” öz qucaqlarında partlayacaq”

ABŞ Dövlət Departamentinin 2016-ci il qlobal terrorizmlə bağlı hesabatında PKK ilə yanaşı, FETÖ təşkilatı da yer alıb. Hesabatda Türkiyənin başda PKK və İŞİD olmaqla Fətullah Gülən tərəfdarlarına qarşı da mübarizə apardığı vurğulanıb.

FETÖ-nün terror təşkilatı siyahısına salındığı hesabatda 15 iyul çevriliş cəhdi haqqında bu ifadələr yer alıb: "Hökumət 240-dan artıq insanın həlak olduğu, 2 mindən çox vətəndaşın yaralandığı 15 iyul çevriliş cəhdində Gülən hərəkatının məsuliyyət daşıdığını bildirir”. Maraqlıdır, əgər Dövlət Departamenti FETÖ-nü terrorçu təşkilat kimi tanıyıbsa, niyə Fətullah Gülən və onun tərəfdarları hələ də Pensilvaniyada rahat oturub, gəzib-dolaşırlar. Məgər Amerika terrorçu elan etdikləri qrupdan rahatsız olmurmu? 

Məsələ ilə bağlı "Şərq”ə danışan, FETÖ ilə mübarizədə ön sıralarda dayanan, "YeniÇağ” media qrupun rəhbəri Aqil Ələsgər deyib ki, bu cür yanaşma bir daha Amerikanın, ümumiyyətlə, Qərbin ikili standartlarının göstəricisidir. Baş redaktorun sözlərinə görə, Tramp ABŞ-da hakimiyyətə gəldiyi zaman siyasətdə köklü dəyişiklik edəcəyini deyirdi.

Eyni zamanda Amerikanın xüsusi xidmət orqanlarının indiki fəaliyyətinə qarşı olduğunu bəyan etdi. Lakin görünən odur ki, ABŞ-ın xarici siyasəti Tramplarla, Obamalarla müəyyən edilmir. Ölkənin aparıcı siyasətini dərin güclər müəyyənləşdirir. Çox təəssüf ki, hazırda Türkiyə dövləti Vaşinqtona FETÖ ilə bağlı kifayət qədər sənəd-sübut göndərməsinə baxmayaraq, hələ də Pensilvaniyadakı şəxs fəaliyyətini davam etdirir. ABŞ-ın Federal Tədqiqat Bürosu Gülən məktəblərində araşdırmalara, istintaqlara başlayıb. Həmin araşdırmalar isə Amerika vətəndaşlarının çoxsaylı şikayətləri əsasında başlayıb. Ancaq hələ də Fətullah Gülənə qarşı heç bir tədbir görülməyib. Hesab edirəm ki, ABŞ illərlə bəslədiyi, yetişdirdiyi, türk və islam dünyasına qarşı yetişdirdiyi "Troya atı”nı asanlıqla məhv etmək istəmir. Amma həqiqət odur ki, onların türk dünyasına atmaq istədikləri canlı "bomba” öz qucaqlarında partlayacaq”. A.Ələsgərin sözlərinə görə, Gülənin üzərində qurduqları imperiya tədricən dağılmaq üzrədir, insanlar Gülənçilərdən kütləvi şəkildə imtina edir: "Bu silah onların əleyhinə çevriləcək. Türkiyəyə qarşı istifadə edilən bütün terror təşkilatları bir gün Amerika maraqlarına qarşı başqa bir dövlətin əlinin altında çıxış edəcəklər. Biz bunun acı örnəyini Əfqanıstanda gördük. Taliban ABŞ-ın ən qorxulu röyasına döndü. Perspektivdə FETÖ Amerikaya qarşı çox ciddi təhlükəyə çevriləcək”.

İsmayıl