Pensiyaların ödənişi ilə bağlı problem yaşanmayacaq

İqtisadçılar hesab edir ki, indidən manat qıtlığından danışmaq tezdir



Bir neçə gün əvvəl bankomatlarda yaranan pul qıtlığı hələ də müzakirə predmeti olaraq
qalmaqdadır. Beynəlxalq Banka məxsus bir sıra bankomatlarda yaşanan bu problem
əməkhaqlarını plastik kartlar vasitəsi ilə alan vətəndaşlar arasında xof yaradıb. Bankomatların
qarşısında uzun müddət növbədə dayanan vətəndaşlar nağd pulun olmamasından şikayətləniblər.

İqtisadçı-ekspert Qalib Toğrul "Şərq”ə açıqlamasında bankomatlarda yaranan pul qıtlığının
Beynəlxalq Bankda yaranmış hansısa problemlə əlaqədar olmadığını deyib. Onun sözlərinə görə,
bu, dövriyyədə yaranmış manat qıtlığı ilə bağlı problemdir: 
"Çox güman ki, Mərkəzi Bank ilin  sonuna doğru manata təzyiqlərin azaldılması, inflyasiyanın cilovlanması məqsədilə dövriyyədəki pul kütləsinin azaldılması kimi inzibati metoddan faydalanmaq qərarına gəlib. Beynəlxalq Bank  da ölkəmizdə pensiya və müavinətlərin, eyni zamanda maaşların ödənişini (manatın nağdlaşdırılmasını) həyata keçirən əhəmiyyətli bank olduğundan manat qıtlığı ilə bağlı problem məhz bu bankın timsalında daha bariz nəzərə çarpır”.

Qarşıdakı aylarda problemin daha da böyüməsi ehtimalının olub-olmadığına gəldikdə isə ekspert
deyib ki, o, Mərkəzi Bankın qərarından və dolların möhkəmlənməsi ilə bağlı tendensiyadan asılı
olacaq. Bununla belə Q.Toğrul pensiyaların ödənişi ilə bağlı ciddi problem yaşanacağını güman
etmədiyini deyib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, mövcud problemin konkret səbəbini öyrənmək
üçün gələn ayı gözləmək lazımdır. Bankomatlarda yaranan növbənin texniki problem, yoxsa pul
qıtlığı olması haqda ancaq o zaman danışmaq olar: "
Bu hal gələn ay da təkrarlanarsa, biz nağd pul qıtlığından danışa bilərik. Ola bilsin, indi ilin sonudur, son rübdür, büdcəylə bağlı bəzi problemlər yaşanır. Büdcədən transfertlər, bəlli xərclərin ayrılması bəzi yubanmalara səbəb ola bilər. Biz bunun dekabrda da təkrarlandığını görsək, bunun xroniki hal alacağını, maaş və təqaüdlərin həmişə gecikəcəyini deyə biləcəyik. İndi bu haqda danışmaq hələ tezdir”.

Şəymən