"Ölkəmizdə peşə təhsili əvvəllər inkişaf etsə də, 1990-cı ilin əvvəllərindən sosial-iqtisadi sahədə baş verən hadisələr peşə təhsilinin inkişafına da mənfi təsir göstərdi, peşə təhsili müəssisələrinin maddi-texniki bazası sıradan çıxmağa başladı və bu sistem tamamilə dağılmaq təhlükəsi ilə üzləşdi”.
Bu barədə "Sherg.az”a orta məktəb şagirdlərinin, abituriyentlərin peşə təhsilinə marağı barədə danışarkən tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov bildirib.
O xatırladıb ki, peşə təhsilinin inkişafının yüksəliş dövrü ulu öndər Heydər Əliyevin hakimiyyət illərinə təsadüf edib:
"Peşə təhsili və təlimi sistemində bir sıra problemlər mövcud olsa da, aparılan məqsədyönlü islahatlar və iqtisadiyyatda müşahidə edilən müsbət meyllər bu sistem qarşısında yeni tələblər qoyub. Bu baxımdan yeni inkişaf mərhələsində olan iqtisadiyyatın prioritet istiqamətləri üzrə məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun və statusunun artırılması ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasətdə mühüm yer tutur. Hazırda Təhsil Nazirliyinin nəzdində 24 minə yaxın şagirdin təhsil aldığı 99 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 5,5 mindən çox işçi çalışır.
2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Ümumilikdə isə cəmi 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Azərbaycanın peşə təhsili və təlimi sektorunda 2020-ci ilədək strateji baxışı ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına - kurikulumlara və peşə standartlarına malik optimallaşdırılmış müəssisələrdən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasından ibarətdir. Bu sektorun 2025-ci ilədək dövr üçün uzunmüddətli strateji baxışı isə əmək bazarının tələblərinə cavab verən peşə standartları və kurikulumlar əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasıdır”.
K.Əsədov onu da qeyd edib ki, Əmək bazarının tələbatını daha dolğun təmin etmək məqsədilə cari tədris ilində "İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na iqtisadiyyatın prioritet inkişaf istiqamətləri üzrə 15 yeni ixtisas əlavə edilib, təsnifatda mövcud olan, lakin hazırlanmasına yeni başlanmış 10 ixtisasın adı da daxil olmaqla 154 ixtisas üzrə şagird qəbulu planı müəyyən olunub:"Həmçinin rayonların ixtisaslaşması, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı keçən tədris ilindən pambıqçı, baramaçı, tütün ustası ixtisaslarına kadr hazırlığı həyata keçirilir.
Hesab edirəm ki, peşə təhsili müəssisələri regionlarda daha çox açıb istifadəyə verilməlidir. Bu həm yerli əmək bazarının peşəkar səviyyədə təşkil olunmasına, həm də gənclərin təhsilə cəlb olunmasına müsbət təsir göstərəcək. Peşə təhsili müəssisələrin 8800 nəfər müraciət edib ki, bu da olduqca aşağı göstəricidir. Çünki bu təhsilin digər pillələri ilə müqayisədə müraciət edənlərin sayı çox azdır. Müqayisə etsək ki, orta məktəbi bitirib ali məktəblərə sənəd təqdim edən şəxslərin sayı 90 mindir, orta ixtisas təhsili müəssisələrinə gedənlərin sayı 50 mindirsə, peşə təhsili müəssisələrinə ərizə təqdim edənlərin sayı çox azdır. Halbuki, əmək bazarında onlara daha çox ehtiyac var”.
Qeyd edək ki, 2018-2019-cu tədris ili üzrə "ASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Avqust 6-dan start verilən sənəd qəbulunda 8800 vətəndaş qeydiyyatdan keçərək ixtisas seçib.
Aysel Aslan