“Sənədlərdə müxtəlif peyvəndlər və onların hansı uşaqlara əks-təsir göstərməsi yazılıb”
Peyvəndlərin hər birinin sənədi var
Bu yaddaş vərəqi valideynlərə göstərilməlidir
“Sənədlərdə müxtəlif peyvəndlər və onların hansı uşaqlara əks-təsir göstərməsi yazılıb”
“Sənədlərdə müxtəlif peyvəndlər və onların hansı uşaqlara əks-təsir göstərməsi yazılıb”
"Tərkibində civə olan peyvəndlər yığışdırılmalıdır. Heç bir normal ölkədə belə peyvəndlər istifadə olunmur”
Peyvəndlərlə bağlı hər zaman fikir ayrılığı olub. Əksər insanlar uşaqlara vurulan peyvəndlərin tərəfdarı olsa da, bunun əksini düşünənlər var. Valideynlər körpələrini hansısa xəstəlikdən qorumaq üçün peyvəndlərin lazımlı olub-olmadığını ayırd etməkdə çətinlik çəkir, "çaş-baş” qalırlar. Təəssüflə də olsa qeyd etməliyik ki, bəzən vurulan peyvəndlər körpədə əks-təsir yaradır. Təbii ki, bir çox infeksion xəstəliklərin profilaktikasında peyvəndlərin vurulması vacibdir. Lakin əsas məsələ körpənin bədəninin vurulan peyvəndə qarşı olan reaksiyasıdır.
Tibb müəssisələrində istehlakçı hüquqlarının müdafiə komissiyasının rəhbəri Əhməd Rəhmanov "Şərq”ə bildirib ki, peyvəndlərin tərkibini əks etdirən yaddaş vərəqi olsa da, heç bir poliklinikada bu sənədlər valideynlərə göstərilmir. Komissiya rəhbəri yaddaş vərəqinin gizlin saxlanmasının hüquqi baxımdan yanlış olduğunu deyib:
"Həkimlər bildi-bilmədi peyvəndlərin heç bir ziyanının olmadığını deyirlər. Amma peyvəndin əleyhinə danışan elm adamları, professorlar da var. Məndə peyvəndlərin yaddaş vərəqi, yəni iç kağızı olan sənədlər var. Bu sənədlərdə müxtəlif peyvəndlər və onların hansı uşaqlara əks-təsir göstərməsi yazılıb. Azad İstehlakçılar Birliyində Tibb müəssisələri istehlakçı hüquqları komissiyasını yaratmaqda ilk məqsədimiz peyvəndlərlə bağlı idi.
Mənim övladım peyvənddən sonra autizm xəstəliyinə tutulub. Uşağın analizlərini Amerikaya göndərdim. Bizə rəsmi cavab gəldi ki, "sizin uşağınızın beynində ağır metal zəhərlənməsi nəticəsində ciddi fəsadlar əmələ gəlib və uşaq bu fəsaddan autizm xəstəliyinə tutulub”. Bir neçə il bundan qabaq Səhiyyə Nazirliyini məhkəməyə verdim ki, tərkibində civə olan peyvəndlər yığışdırılsın. Heç bir normal ölkədə belə peyvəndlər istifadə olunmur.
Məsələn, mağazaya gedəndə görürük ki, 3 manata və 20 manata pendir satılır. 3 manata olan məhsulun üstündə pendir olduğu yazılsa da, əslində o sadəcə pendir məhsuludur. 20 manatlıq olan məhsul isə həqiqi pendirdir. Peyvəndlər də eyni variantda olur. Deyə bilmərik ki, bütün peyvəndlər pisdir. Sadəcə uşaqlara ziyan olan peyvəndləri demək lazımdır ki, valideynlər xəbərdar olsunlar.
"İstehlakçı haqqında” qanunda və Səhiyyə Nazirliyinin əmrində göstərilir ki, "bütün poliklinikaların peyvənd otaqlarında peyvəndin tərkibi barədə bildiriş olmalıdır”. Yəni bu bildirişdə peyvəndlərin əks göstərişləri verilməlidir. Bu dəqiqə istənilən poliklinikaya getsək görərik ki, qanundakı göstərişlər heç birində yoxdur. Əgər bu göstərişlər valideynlərdən gizlədilirsə, deməli nəsə düzgün deyil”.
Ə.Rəhmanovun sözlərinə görə, "İnnoprofilaktika haqqında” qanunun 5-ci maddəsində göstərilir ki, hər bir insan sağlamlığa zərər vuran maddələrdən imtina edə bilər:
"İstənilən valideyn bu dəqiqə poliklinikaya gedib desə ki, "övladıma vuracağınız peyvəndin kağızını göstərin”, bu zaman heç kim bu sənədləri göstərməyəcək. Hər məhsulun üzərində tərkibin nədən ibarət olduğu yazılmalıdır. Hətta mağazalarda hansısa məhsulun tərkibi olmayanda həmin mağazanı cərimələyirlər.
Dünya Səhiyyə Təşkilatının 2010-cu il 16 mart protokolunda böyük adamın çəkisinə görə gündəlik qəbul edə biləcəyi ağır metalların miqdarı göstərilib. Yeni doğulan uşağı götürək. Uşağın çəkisi orta hesabla 3 kilo yarım olursa, peyvəndin tərkibindəki ağır metal normadan artıq olaraq uşağa vurulur. Nəticədə ciddi fəsadlar meydana gələ bilər.
Bütün bunları deməyi özümə vətəndaşlıq borcu bilirəm. Zamanında fikir versəydim, övladım bu gün yanlış peyvənd ucbatından xəstəlikdən əziyyət çəkməzdi. Ona görə də peyvəndə görə əziyyət çəkən uşaqların valideynləri ilə mütəmadi görüşürəm. Əgər peyvəndlərin tərkibi və əks göstərişləri valideyndən gizlədilirsə, bu həm uşağın, həm valideynin hüquqlarını tapdalamaq deməkdir. Necə ki, siqaretin üstündə sağlamlığa ziyan olduğu yazılır, həmçinin poliklinikalarda peyvəndlərin tərkibi göstərilməlidir. Valideynlər baxmalı və özləri seçim etməlidirlər”.
Komissiya rəhbəri yanlış vurulan peyvəndlərin əmələ gətirdiyi xəstəlikləri də qeyd edib:
"Qız uşaqlarında paraliç, yəni bir tərəfin iflici, eyni zamanda gözlərdə çəpləşmə yaradır. Bəzi uşaqlarda autizm xəstəliyinin yaranması da baş verə bilər. Komissiya olaraq valideynlərlə əlaqə saxlayırıq və onlara bacardığımız köməkliyi etməyə hazırıq. Komissiyada olan hüquqşünaslar və həkimlər də bu işdə əllərindən gələn köməkliyi göstərirlər. Bu məsələ ilə bağlı düzgün təbliğat aparmaq vətəndaşlıq borcumuzdur”.
Yeganə Bayramova