PKK aktivləşib

Terrorçuların azğınlaşması seçkilərlə bağlıdır





"Türkiyədə seçkilərə sayılı günlər qaldıqca PKK terror təşkilatı yenidən fəallaşıb. Hər gün Türkiyə Silahlı qüvvələrinə qarşı ölkənin cənub-şərqində terror hücumları təşkil edilir”.

Bunu "Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspertin sözlərinə görə, PKK-nın Türkiyə daxilində terror hücumlarını artırması seçkilərə hədəflənib:

"PKK terror təşkilatının əsas lojistik dəstəyi Suriyadakı YPG terror təşkilatıdır. Həmin təşkilata qarşı Türkiyə qətiyyətli hərbi əməliyyatlar keçirdi və Afrini nəzarətə götürdü. Ancaq son dönəmlər türk əsgəri öz ölkələrində terrorçuların hücumuna məruz qalırlar və şəhid verirlər. PKK-nın xaricdən dəstək gördüyü və təlimat aldığı bəllidir. 

PKK hazırda Menbiçdə ABŞ nəzarətində olan YPG tərəfindən silahla təmin edilir və burada təlim keçərək Türkiyə daxilinə sızırlar. Məqsəd seçki ərəfəsində Türkiyədə vəziyyəti qarışdırmaqdır. Təbii ki, Türkiyə PKK-nın bu terroruna qarşı hərbi əməliyyatlar aparır və ciddi itkilərə məruz qoyur”.

Analitik bildirib ki, Menbiç Türkiyə tərəfindən nəzarətə götürülməyincə, PKK-nın zəifləməsi mümkün olmayacaq: 

"Artıq, PKK-nın mərkəzi Kandil deyil, Menbiçdir. Türkiyə ABŞ-la razılaşmalı və Menbiçi nəzarətə almalıdır”.

İsmayıl