Politoloq Mixail Zabelinin təklifini dəstəkləyir

“Onsuz da Ermənistan öz xoşu ilə girovlarımızı azad edən deyil, amma Dilqəmin Rusiyaya ekstradisiyası baş tutsa, bir yolla Şahbazı da özümüz azad edərik”
Dilqəm Əsgərov da, Marat Ueldanov da Moskvaya ekstradisiya olunsun

Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Dilqəm Əsgərovla, Azərbaycanda tutulan erməni əsilli Rusiya vətəndaşının Moskvaya ekstradisiya olunmasını təklif edib. Dilqəm Əsgərovun hərbi qulluqçu olmadığını vurğulayan millət vəkili onun mülki şəxs olduğunu deyib. Dilqəm Əsgərov da Rusiya vətəndaşıdır.

Bir neçə ay bundan öncə Bakıda Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə - iri həcmdə narkotik vasitələrin əldə edilməsi, istehsalı, saxlanılması və yayılmasına görə ittiham edilərək həbs olunan erməni əsilli Marat Ueldanov da: "Rusiya vətəndaşı olan erməni Azərbaycanda həbs edilirsə, o, Rusiyaya ekstradisiya olunmalıdır. Mixail Zabelin hesab edir ki, eləcə də, Dilqəm Əsgərov Rusiyaya ekstradisiya olunmalı və orada məhkəmə qarşısına çıxmalıdır. Mən bununla bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etmişəm. Amma hələ cavab almamışam”.

Qeyd edək ki, 2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olmuş Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən D.Əsgərov və Ş.Quliyevə "məhkəmə” qurulub. Qondarma məhkəmənin "qərarı” ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə həbs olunub.

Dilqəm Əsgərovla erməni əsilli Marat Ueldanovun müqayisəsinin düzgün olmadığını deyən siyasi elmlər doktoru Cümşüd Nuriyev onların tərəzinin eyni gözünə qoyulmasının məqsədəuyğun olmadığını deyib: 

"Amma məntiqlə yanaşanda normal təklifdir. Marat Ueldanov Rusiya vətəndaşı olsa da, narkotik vasitələrin əldə edilməsi və yayılması ittihamı ilə Azərbaycan ərazisində həbs olunub. Deməli, bu adam cinayətkardır. Dilqəm Əsgərovun həbsi isə qeyri-hüquqi xarakterlidir. Ermənistan hökuməti bütün beynəlxalq prinsipləri görməzdən gələrək Dilqəmlə Şahbazı girov saxlayır. Mövcud situasiya fonunda Mixail Zabelinin təklifini dəstəkləyirəm. Onsuz da Ermənistan öz xoşu ilə girovlarımızı azad edən deyil, amma Dilqəmin Rusiyaya ekstradisiyası baş tutsa, bir yolla Şahbazı da özümüz azad edərik. 

Narkotik alverçisini biz Rusiyaya ekstradisiya etdikdən sonra orada qurulan məhkəmə həmin şəxsi azad etsə də, bu artıq onların problemidir. Biz çalışıb-çabalayıb öz həmyerlimizə sahib çıxmalıyıq. Əgər Rusiya səfirliyi millət vəkilinin bu təklifinə müsbət reaksiya versə, Dilqəmin ailəsi üçün çox böyük humanistlik etmiş olarlar. Hər nə qədər Ermənistan bu cür humanistliklərdən uzaq olsa da, Rusiya öz vətəndaşları üçün bu addımı ata bilər”.

Şəymən