Politoloqun "Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdirilsin" təklifinə deputatdan münasibət





"Bizə lazım olarsa, yalnız Türkiyədən deyil, dostumuz, qardaşımız olan digər dövlətlərdən də hərbi yardım almaq hüququna sahibik”.

Bunu "Sherg.az”a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun "Azərbaycanda Türkiyə hərbi bazaları yerləşdirilsin" təklifinə münasibət bildirərkən millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, Azərbaycan düşmənlə müqayisədə bütün istiqamətlər üzrə inkişaf etdiyindən heç bir dövlətin hərbi gücünə ehtiyac duymur:

"Bu gün Azərbaycan işğalçı Ermənistana qarşı öz hərbi və siyasi gücünü tətbiq etməklə üstünlük qazanır. Belə məqamda düşmənə sual vermək lazımdır. Əgər sən müstəqillikdən, azad siyasət yürütməkdən danışırsansa, niyə Rusiya qoşunları ərazində yerləşdirilib və sərhədlərini qoruyur? Ermənistan Azərbaycanın qarşısında öz acizliyini etiraf etmək istəmir, ona görə şantaja əl atırlar. Türkiyə və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq var və inkişaf edir. 

Bundan sonra da inkişaf etməkdə davam edəcək. Mən bir millət vəkili kimi, dəfələrlə təklif etmişəm ki, dost ölkələrlə aramızda təhlükəsizlik təşkilatı yaradaq.

İyunun 26-da keçirilən hərbi paraddan və ondan əvvəlki Naxçıvan əməliyyatından sonra düşmən təşvişə düşüb. Üstəlik, yaxın zamanda 20 min nəfərlik şəxsi heyətin iştirakı ilə geniş hərbi təlimlər keçiriləcək. Bu Ermənistan rəhbərliyini daha da təşvişə salıb. Çünki Ermənistanın yeni baş naziri Nikol Paşinyan özü də etiraf etdi ki, Ermənistan müharibəyə hazır deyil. Ermənistan cəmiyyəti artıq hər dəqiqə müharibə başlayacağı qorxusu ilə yaşayır”.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan ordusunun 100 illik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident vurğulayıb ki, gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək.

Aysel Aslan