Saakaşvilinin baş nazir olmaq iddiası reallaşmayacaq
Odessanın sabiq qubernatoru Mixail Saakaşvili yenidən həmin quberniyanın meri olmaq istəyir. Saakaşvili deyib ki, o, Odessanı dəyişdirmək və inkişaf etdirmək arzusundadır.
Bununla yanaşı, eks-prezident əvvəlcə mümkün halda "yaxşı baş nazir” olmaq istədiyini, vəzifəsini başa vurduqdan sonra mer kimi fəaliyyət göstərməyi düşündüyünü dilə gətirib. Saakaşvili prezident ambisiyalarının olmadığını bəyan edib: "Mən mənşəyim etibarilə prezident ola bilmərəm. Ukrayna siyasətində uzun müddət qalmaq istəmirəm. Sadə Ukrayna vətəndaşı kimi qalmağı düşünürəm”. Bəzi ekspertlər Saakaşvilinin son dönəmlərdə səsləndirdiyi fikirlərin, sərgilədiyi davranışların ziddiyyət təşkil etdiyini iddia edirlər. Onların fikrincə, müəyyən qruplar tərəfindən idarə olunan Saakaşvili artıq necə hərəkət edəcəyini özü də bilmir.
Məsələ ilə bağlı fikirlərini "Şərq”ə bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ukraynada Maydan hadisələri fonunda ABŞ-ın dəstək verdiyi Pyotr Poroşenkonun rəhbərliyi ilə yeni komanda hakimiyyətə gəldi.
Ekspertin sözlərinə görə, indiki hakimiyyət ölkədə siyasi islahatlar aparmalı, iqtisadi və sosial inkişaf istiqamətlərində işləri sürətləndirməli, korrupsiyaya qarşı mübarizəni effektli qurmalı idi:
"Ukraynada hazırda siyasi vəziyyət mürəkkəb olmasa da, Şərqi Ukraynada separatizmin davam etməsi, atəşkəsin mütəmadi pozulması, korrupsiyaya qarşı effektli mübarizə aparılmaması, sosial vəziyyətin aşağı olması narazılıqların artmasını şərtləndirir. Qərb tərəfindən Ukraynaya böyük siyasi dəstək var. Buna baxmayaraq, həm Poroşenko hakimiyyətində, həm də digər strukturlarda Odessanın sabiq qubernatoru Mixail Saakaşviliyə dəstək verənlər mövcuddur. Sirr deyil ki, Saakaşvili Qərbdə müəyyən dairələr tərəfindən idarə olunur və onun siyasi hərəkətləri Ukraynada sabitliyi təhdid edir. Ən əsası isə odur ki, hazırda yaşanan siyasi oyunlar Rusiyanın maraqlarına xidmət edir. Saakaşvili prezident olmaq istəməsə də, baş nazir kimi ölkəni mümkün müharibəyə çəkə bilər. Rusiya ilə hərbi toqquşma qaçılmaz olar. Saakaşvilinin mübarizəsi korrupsiya əleyhinə və digər şəxslərə qarşı yönəlsə də, birbaşa Poroşenko hakimiyyətinə olan şəxsi qərəzdən irəli gəlir”.
Analitik Ukrayna xalqının Saakaşviliyə dəstək verə biləcəyini düşünmür:
"Bu şəxs kənardan göndərilmiş texnoloqdur. O, Ukraynanı digər dövlətlərdən asılı olmağa vadar edir. Bu gün Saakaşvilinin siyasəti Ukraynanın inkişafına deyil, siyasi sabitsizliyinə xidmət edir. Məncə, onun baş nazir və sonradan Odessa vilayətinin qubernatoru olmaq istəyi reallaşmayacaq. Poroşenko getdikcə güclü klan yaradır. Çox güman ki, Saakaşvilini deportasiya etməyə çalışacaq. Hesab edirəm ki, onun siyasi istəyinə çatmasına Ukrayna hakim dairələri imkan verməyəcək”.
İsmayıl