Prezident İlham Əliyev: “Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər”

“Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərin qurbanı olur”




Dünən Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirib. İclasda çıxış edən dövlət başçısı son günlər Azərbaycanda baş verən olaylara toxunub və bir sıra önəmli məqamlara diqqət çəkib.

Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pisləyir

Prezident bildirib ki, iyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir. Dövlət başçısı xatırladıb ki, bu cinayətləri törədən qruplar Azərbaycanda sabitliyi pozmaq istəyir: "Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib. Dövlət vəsaiti hesabına tarixi, dini abidələr bərpa olunub. Bu cinayətkarlar müsəlman deyillər”. Dövlət başçısı radikal şəxslərin törətdiyi cinayətin cavabsız qalmayacağını deyib: "Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pisləyir. Bu cinayəti törədənlərə öz nifrətini ifadə edir. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.