Prezident və nazir söz verdi

İranda Azərbaycan dilində film də çəkiləcək, əsər də yazılacaq
Elçin Mirzəbəyli: “Bu, elementar insan hüquqlarına aid olan məsələdir və İran hakimiyyəti bu addımı çoxdan atmalı idi”

İran Prezidenti Həsən Ruhani Təbriz şəhərinə səfər edib. "Təbriz - 2018” proqramının rəsmi açılış mərasimində iştirak etmək üçün Təbrizə gedən və ictimaiyyət qarşısında çıxış edən H.Ruhani ölkədə türk (Azərbaycan) dilinin təşviqinə çağırıb:

"Türk dili ilə fəxr edirik. Bu dil İranın iftixarı və ətirli gülüdür. Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədakarlığına, səylərinə görə təşəkkür edirəm. Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi” klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı”.

İranın mədəniyyət və İslam irşad naziri Seyid Abbas Salehi isə İranda Azərbaycan dilinin inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirməyə hazır olduqlarını bəyan edib. Onun sözlərinə görə, rejissorlar Azərbaycan dilində film çəkmək, yazıçılar isə Azərbaycan dilində əsər yazıb çap etdirmək üçün nazirliyə müraciət etsələr, onlara sözsüz icazə veriləcək. 

Təbriz şəhərinin 2018-ci il üçün islam aləminin turizm paytaxtı elan edilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən nazir onu da bildirib ki, milli dildə teatr tamaşalarının nümayişində də problem olmayacaq. S.A.Salehi Təbriz şəhərinin İranın iqtisadi və siyasi həyatında mühüm rol oynadığını vurğulayıb. 

Nazir qeyd edib ki, tədbirlər çərçivəsində Prezident Həsən Ruhaninin iştirakı ilə "Azərbaycan dilində düzgün danışaq” kitabının təqdimat mərasimi keçiriləcək. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəylinin sözlərinə görə, İrandakı seçki dövründə mütəmadi olaraq bu cür açıqlamalar verilirdi. Amma ötən bu dövr ərzində biz heç bir irəliləyişin şahidi olmadıq.

E.Mirzəbəylinin fikrincə, bu, elementar insan hüquqlarına aid olan məsələdir və İran hakimiyyəti bu addımı çoxdan atmalı idi: 

"İran hökuməti əgər ölkə vətəndaşlarının hüquqi azadlıqlarına sayğı ilə yanaşırsa və dərk etməyə başlayıbsa ki, 35 milyonluq bir xalqın öz dilində danışmağa, yazmağa, təhsil almağa haqqı var, bunu ancaq təqdir etmək və müsbət yanaşmaq lazımdır. İndiki şərtlərdə İranın özünə də lazımdır ki, daxildə ayrı-ayrı xalqların elementar insan haqlarına aid problemlərin həllinə hörmətlə yanaşsın, özü bu istiqamətdə müsbət addımlar atsın. 

Əslində Azərbaycan türkcəsi İranda dövlət dili olmalıdır. İranda bu qədər Azərbaycan türkü yaşadığı halda bütövlükdə vətəndaşların yalnız fars dilində danışmağa məcbur edilməsi ədalətsiz yanaşmadır. Ən müxtəlif mənbələrə görə, ölkə əhalisinin yarısını azərbaycanlılar təşkil edir. Ümid edirəm ki, verilən açıqlamalar fonunda real addımlar da atılacaq və bu proses davamlı olacaq. Biz hər zaman İranın demokratikləşməsinin və orada yaşayan həmyerlilərimizin hüquq və azadlıqlarının qorunmasının tərəfdarı olmuşuq”.

Şəymən