Psixoloqdan SOS:"İnternet asılılığı ağır xəstəliklərə səbəb olur"

Elnur Rüstəmov: "Sosial şəbəkə insanda aqressiya yaradır. Bununla bağlı psixoloqlara müraciətlər artır"


"Bu gün psixoloqlara internet asılılığı ilə bağlı müraciətlər olunur”.

Bunu Sherg.az-a sosial şəbəkələrin insanlarda tənhalıq hissini artırması haqqında Amerika psixoloqlarının araşdırmasına münasibət bildirərkən psixoloq Elnur Rüstəmov deyib. 

Amerikalı psixoloqların fikrini təsdiq edən müsahibimiz söyləyib ki, sosial şəbəkələrdən istifadə həyatın virtuallaşmasına, assosiallığa şərait yaradır:

"Bununla sosial fobiyalar yaranır. Canlı ünsiyyətin kənara çəkilməsi nəticəsində birtərəfli ünsiyyət, yəni internet vasitəsilə ünsiyyət formalaşıb. Təsəvvür edin ki, o qədər insanlar var sosial şəbəkədə yüzlərlə dostları olduğu təqdirdə realda oturub, söhbət etməyə 1-2 dostu ancaq tapılar.

Yaxud cütlüklər, telefonla, mesajla rahat danışan gənclər var ki, real, üz-üzə oturduqda danışmağa söhbəti olmur. Bu insanların internetdən asılılığından yaranır. Belə asılılıq intihara da gətirib çıxara bilər. Ona görə, zərurət olmadığı təqdirdə sosial şəbəkələrdən istifadə etmək məsləhət edilmir. Bu gün sosial şəbəkələr faktiki dedi-qodu məkanına çevrilib. Sosial şəbəkə insanda aqressiya yaradır, sinirlərinə toxunur. Buna olan meyllilik isə periodik olaraq dəyişir. Məsələn, əvvəl feysbuk, tvitter daha aktiv idisə, bu gün instaqram snapçat var. İnsanların bir qismi artıq istiqamətini dəyişir. Son zamanlar feysbukdan uzaqlaşma müşahidə olunur. Tək sosial şəbəkə problemi deyil, internetdən asılılıq var. Davamlı istifadə edən şəxslər internetsiz qala bilmir. Kimsə deyir ki, hətta aldığı məvacib işlətdiyi telefonun qiyməti ilə adekvat deyil. İnsanlar var, yeməkdən çox meqabaytın dərdindədir. Bu o deməkdir ki, bunlar asılılıq fonuna keçib. Ona görə, problem dərinləşəcək”.

Maarifçiliyin təsirinin bəzən uzun müddət tələb etdiyini diqqətə çatdıran E. Rüstəmovun sözlərinə görə, insanın həzz hissi onun həmin anda sosial şəbəkənin ziyanlı təsirlərini görməsini əngəlləyir:

"Maarifləndirmədə bir vacib məqam var ki, biz onu diqqətdən kənarda saxlayırıq. İnsan canlı varlıqdır. Digər canlılardan fərqi isə şüurunun olmasıdır. Ortaq cəhəti ondan ibarətdir ki, hər insan həzzə meyllidir, acıdan qaçır. Biz deyirik ki, rəngli içkilər insana ziyandır, dönər isə mənşəyi məlum olmayan ətdən hazırlanır. Lakin insanlar yenə də bunlardan istifadə edir. Çünki hər kəs bunların zərəri haqqında yedikdən sonra düşünür, yeyən vaxt düşünmür. Demək istədiyim odur ki, insan həzzə meylli varlıqdır. Əgər o anda vaxtımızı internetdə yaxşı keçiririksə, ancaq ondan sonra vaxtımızın boşa keçdiyini, işlərimizin tökülüb qaldığını düşünürük. Fakt faktlığında qalır ki, həmin ərəfədə bunu düşünmürük. Buna rəğmən maariflənmə həmişə vacibdir. Bunu mütəmadi etmək lazımdır, dayandırmaq olmaz. Düşünürəm ki, bir müddətdən sonra Azərbaycanda da sosial şəbəkələrə aludəçilik olmayacaq”.

Qeyd edək ki, Amerika psixoloqları yaydıqları hesabatda deyilib ki, Twitter, Facebook və Pinterest də daxil olmaqla sosial şəbəkələr insanlarda tənhalıq hissini artırır. Mütəxəssislərin də bildirdiyi kimi, insan gündəlik sosial şəbəkələrdə iki saatdan çox vaxt keçirirsə, o zaman sosial izolyasiya riskini artırmış olur.

Aysel Aslan