Putin İlham Əliyevə böyük sayğısı olduğunu göstərdi

Sankt-Peterburqda Paşinyanın ehtiram və hörmətdən çox uzaq qaldığı sübut olundu
Vurğulamaq lazımdır ki, Putin özü şəxsən dövlət başçısı İlham Əliyevə zəng edərək onu tədbirə dəvət edib. Prezident xüsusi dəvət əsasında Rusiyaya gedib. Bu da onu göstərir ki, iki lider arasında olan şəxsi dostluq mün

Dekabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfər edib. Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü dövlətlərarası münasibətlərin nümayişi baxımından mühüm önəm kəsb edir. 

Rusiya mətbuatı görüş çərçivəsində liderlər arasındakı münasibətlərin işıqlandırılmasına geniş yer veriblər. Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Dövlət Akademik Marinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə tamaşa edərkən sağında ölkə başçısı İlham Əliyevin, solunda isə Belarus lideri Aleksandr Lukaşenkonun əyləşməsi xüsusən son dövrlərdə ölkələr arasındakı yaxın münasibətlərin və əməkdaşlığın nümunəsi, həmçinin Putinin böyük ehtiramı və hörməti kimi təqdim edilib. 

Tarixən Rusiyanın əlaltısı hesab olunan, lakin son aylarda Kremllə böyük problemləri olan Ermənistanın lideri Nikol Paşinyanın isə bu ehtiram və hörmətdən çox uzaqda qaldığını söyləmək olar. Paşinyan az qala liderlərin cərgəsini tərk edib, mühafizəçilərlə birlikdə əyləşib. Erməni baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin getdikcə daha da artan nüfuzu və liderlər arasında ona göstərilən diqqət fonunda sıxılaraq öz küncündə sakit və narazı şəkildə oturub. 

Bunu onun narazı üz cizgilərindən də rahatlıqla hiss etmək olar. Yığıncaqda Nikol Paşinyana verilən oturacaq həm özünə, həm də təmsil etdiyi dövlətə göstərilən yer, başqa sözlə, onun MDB məkanındakı çəkisinin göstəricisi idi. Qeyri-rəsmi sammitdə yayılmış fotolar da bunu söyləməyə əsas verir. Toplantıyadək seçkiqabağı təbliğat kampaniyasındakı çıxışlarında Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan populist bəyanatlar verirdi. O bildirirdi ki, Belarus Prezidenti Aleksandr Lukaşenkodan izahat istəyəcək, Rusiya ilə təbii qazın qiymətini müzakirə edəcək. Ancaq saxta gülüşü və oturduğu yerlə ona "hələ tezdir” mesajı verilib.

Prezident İlham Əliyevin səfərini və Rusiya-Azərbaycan əlaqələrini "Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Azərbaycan-Rusiya münasibətləri hər zaman yüksək səviyyədə olub. Ekspert bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri də Moskva-Bakı əlaqələrinin göstəricisi kimi dəyərləndirilməlidir: 

"Nəzərə alaq ki, Rusiyadakı tədbirə Avrasiya İqtisadi Birliyinə və KTMT-yə üzv olan dövlətlərin rəhbərləri qatılıblar. Rusiya lideri Vladimir Putin Azərbaycan dövlət başçısına dəvət göndərməyə bilərdi, yəni protokola uyğun olaraq sadəcə təşkilatlara üzv dövlətlərin iştirakını təmin edərdi. Bu mənada sırf Azərbaycana görə formatın genişləndirilməsi xüsusi önəm kəsb edir. Rusiya üçün sadəcə ən yaxın müttəfiqlərlə əməkdaşlıq etmək yetərli deyil. Eyni zamanda yaxın tərəfdaş və bərabər hüquqlu ölkələrlə də sıx münasibətlər qurmaq Kreml üçün əhəmiyyətlidir. Burada Azərbaycanın xüsusi çəkisi var. Vurğulamaq lazımdır ki, Putin özü şəxsən dövlət başçısı İlham Əliyevə zəng edərək onu tədbirə dəvət edib. Prezident xüsusi dəvət əsasında Rusiyaya gedib. Bu da onu göstərir ki, iki lider arasında olan şəxsi dostluq münasibətləri Azərbaycan-Rusiya əlaqələrinin əsas sütunlarından biridir. Belə vəziyyətdə iki ölkə arasında heç bir anlaşılmaz məsələ qalmır və zamanla sıradan çıxır. Moskva rəsmi Bakını özünə ən yaxın müttəfiq bilir və ona görə də hər zaman yüksək münasibət saxlamaqda maraqlı olur”.

Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov da "Şərq”ə deyib ki, Azərbaycan-Rusiya münasibətləri möhkəmdir və daim inkişaf etməkdədir. Hər iki dövlət başçısının şəxsi əlaqələri də kifayət qədər yüksəkdir. Analitik bildirib ki, beynəlxalq münasibətlərdə, xarici siyasətdə ölkə rəhbərlərinin şəxsi dostluq əlaqələri mühüm rol oynayır: 

"Sankt-Peterburq zirvə görüşündə Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin çox səmimi ünsiyyəti, yaxın dialoqları gözdən qaçmadı. Bu, göstərir ki, şimal qonşumuzla münasibətlərdə heç bir problem yoxdur. Ötən gün İrəvanda "Lazarev klubu”nun toplanması isə birbaşa erməni diasporası tərəfindən atılan addım idi. Ona görə də klubun rusiyalı üzvlərinin bisavad fikirləri qətiyyən ciddiyə alınmır. Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etməsini istəməyən qüvvələr kifayət qədər çoxdur. Şübhəsiz ki, hər iki dövlət başçısı bunu yaxşı bilir. Ona görə də liderlər Rusiya-Azərbaycan əlaqələrinin hərtərəfli inkişafı üçün addımlar atırlar. Azərbaycanın təkcə qonşu Rusiya ilə deyil, bütün dünya ölkələri ilə siyasəti mehriban qonşuluq prinsipinə əsaslanır”.

İsmayıl