Putin növbəti dəfə manipulyasiya edir





Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi qüvvələrinin Suriyadan çıxarılmasına başlanması barədə əmr verib. Bunu Suriyaya səfər edən Putin hərbi bazanın hərbçiləri qarşısında çıxışı zamanı bəyan edib. Putin bildirib ki, müdafiə nazirinə, Baş Qərargah rəisinə qoşun qruplaşmalarının çıxarılmasına başlanmasını və daimi dislokasiya məntəqəsinə göndərilməsi barədə əmr verib. Kreml rəhbəri rus ordusunun vətənə qələbə ilə qayıtdığını deyib. Məlumat üçün deyək ki, Rusiya aviasiyası və hərbçiləri Xmeymim aviabazasında yerləşir.

Gözlənilməz qərarı "Şərq”ə dəyərləndirən Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Miri deyib ki, Putinin bu qərarı prosesləri növbəti dəfə manipulyasiya etmək məqsədi daşıyır. Ekspertin sözlərinə görə, qərar verilsə də, onun reallaşması çox uzun çəkəcək: 

"Bu, aldadıcı bir manevrdir. Rusiya elə bir ölkədir ki, heç vaxt Moskvaya güvənmək mümkün deyil. Bir müddət əvvəl Türkiyəyə söz verdilər ki, tezliklə Afrindəki rus hərbi bazalarını boşaldacaqlar. Lakin bu, reallaşmadı. Daha sonra Soçi görüşündə də məsələyə toxunuldu və Afrin hərəkatında Ankara hökumətinə yardım ediləcəyi bildirildi. Ancaq bölgədəki mövcud vəziyyətə nəzər saldıqda görürük ki, Kreml verdiyi vədlərdən geri çəkilir. Rusiyanın Suriyadan birdəfəlik və tamamilə çəkilməsi barədə verilən qərar sadəcə riyakarlıqdır. Bu addım dünya ictimaiyyətini aldatmaq üçün atılıb”. 

Politoloq vurğulayıb ki, ABŞ və müttəfiqləri Yaxın Şərqdə, xüsusən Suriyada gedən hərbi əməliyyatlarda yaxından iştirak etdiyi müddətcə rus qoşunları bölgəni tamamilə boşalda bilməz: 

"Vaşinqton 2018-ci ilin büdcəsində YPG və PYD güclərinə 500 milyon dollar yardım edilməsini nəzərdə tutub. Belə çıxır ki, ABŞ rəhbərliyi İŞİD-in güclü olduğu vaxtda kürd silahlılarına 300 milyon, terrorçu təşkilatın sıradan çıxmaq üzrə olduğu zamanda isə 500 milyon dollar vəsait ayırıb. Bu o deməkdir ki, Vaşinqton hökuməti Yaxın Şərqi tərk etməyi düşünmür. Bunu ən yaxşı bilən Rusiyadır. O baxımdan Moskvanın Suriyanı ən güclü rəqibi ABŞ-a buraxacağını düşünmək sadəlövhlükdür. Bu, siyasi və taktiki gedişdir. 

Rusiya bu qərarı ilə dünyaya bəyan etmək, ələlxüsus Ağ Evə mesaj vermək istəyir ki, artıq Suriyada İŞİD problemi yoxdur. Əgər Suriyaya Əsəd hökumətinin dəvəti ilə gələn rus qoşunları ölkəni tərk edirsə, deməli, Qərb dövlətlərinin də bölgədə görüləcək işləri qalmayıb. Məqsəd ABŞ və digər ölkələri də bu addımı atmağa sövq etməkdir”.

İsmayıl