“Putinin 8-ci dəfə Ərdoğanla görüşməsi müsbət haldır”

Tofiq Zülfüqarov: “Yaxın Şərqdə terrordan daha aktual olan problemlər mövcuddur”
Rusiya-Türkiyə və İran əməkdaşlığı Yaxın Şərqdə öz müsbət nəticəsini veribsə, nə üçün həmin birlik Cənubi Qafqazda da nümayiş olunmasın?!



Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Prezidenti Vladimir Putin Suriyaya səfər edib. Putin rus ordusunun bir qismini Suriyadan çıxarmaqla bağlı qərar verdiyini deyib. Rusiyanın bu ölkədəki hərbi bazasında Putini Suriyadakı hərbi komandanlığın rəisi general-polkovnik Sergey Surovikin və BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşər Əsəd qarşılayıb. Misirin paytaxtı Qahirədə isə Putini Prezident Əbdülfəttah Sisi qəbul edib. Görüşdən sonra hər iki lider Misirin qərbində inşa edilən Daba nüvə stansiyasının fəaliyyətə başlaması ilə bağlı müqavilə imzalayıblar. Putinin Misirdən sonra növbəti səfəri Türkiyəyə olub.


Türkiyəli həmkarı Ərdoğanla görüşən Putin Suriya böhranını və bölgədəki mühüm məsələləri müzakirə edib. Ekspertlərə görə, Ərdoğan və Putin arasında təkcə son aylarda sayca üçüncü olan bu görüşün ardınca daha bir görüşə ehtiyac duyulması çox ciddi mətləblərdən xəbər verir. Düzdür, Rusiya və Türkiyə arasındakı "S-400” anlaşmasının NATO-da doğurduğu sərt reaksiyanın qarşılığında bu iki ölkənin məsləhətləşmələri anlaşılandır. Lakin o da istisna deyil ki, liderlər arasında Suriyanın taleyi ilə bağlı məsələlər ciddi müzakirə mövzusu olub və bundan sonra da olacaq.

Regiondakı proseslərlə bağlı "Şərq”in suallarını Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb...

- Putinin bir gündə üç ölkəyə səfər etməsi və Suriyadan qoşunların çıxarılması ilə bağlı əmr verməsi Kremlin yeni Yaxın Şərq siyasəti kimi dəyərləndirilir. Bununla bağlı sizin düşüncəniz nədir?

- Putin artıq üçüncü dəfədir ki, rus qoşunlarının Suriyadan çıxarılması ilə bağlı bəyanat verir. Məlumdur ki, bölgədə terrora qarşı mübarizədə Rusiyanın Türkiyə ilə koordinasiyalı əməkdaşlığının çox böyük rolu olub. İki dövlətin əlaqələrindən ciddi nəticələr əldə edilib. Məncə, Putinin qərarı seçkiqabağı atılan çox vacib bir addımdır. Seçkiləri vurğulamağımın səbəbi odur ki, bəzi şərhçilər Putinin səfərinin daxili siyasətlə bağlı olduğunu deyirlər. Müsbət hal isə ondan ibarətdir ki, Putin artıq 8-ci dəfədir ki, Türkiyə Prezidenti Ərdoğanla görüşür. Bu da iki ölkə arasında olan münasibətlərin strateji partnyorluq səviyyəsinə çıxmasından xəbər verir. İstisna etmirəm ki, iki ölkənin strateji əməkdaşlığı təkcə Yaxın Şərqə deyil, eyni zamanda Cənubi Qafqaz bölgəsinə də şamil olunacaq.

- Rusiya qoşunlarının Suriyadan ümumiyyətlə çıxmayacağı iddia olunur. Buna səbəb kimi ABŞ-ın bölgədə mövcudluğu göstərilir. Sizcə, Putin Qərb koalisiyasına rəğmən qoşunları geri çəkəcəkmi?

- Bu barədə müxtəlif fikirlər var. Rusiya qoşunlarının Suriyadan çıxıb-çıxmayacağını qiymətləndirmək üçün hərbi situasiyaları yaxşı bilmək lazımdır. Ancaq söhbət ondan gedir ki, rus ordusu Suriyanı tamamilə tərk etmir, qoşunların sadəcə bir hissəsinin çıxarılacağı deyilir. Bu da ciddi problem hesab olunmur. Eyni zamanda biz başa düşməliyik ki, ABŞ fövqəldövlətdir. Amerikanın qoşunları hər yerdə mövcuddur. Ancaq bölgə olaraq Suriya yeganə yerdir ki, orada Rusiya öz qoşunlarını və hərbi bazasını yerləşdirib. İnanmıram ki, belə vəziyyətdə Qərblə rəqabət aparsın.

- Son günlər tez-tez bəyan edilən bir məsələ də Yaxın Şərqdə İŞİD terrorunun bitməsidir. Həqiqətən bölgədə terror təhlükəsinin sona çatdığını iddia etmək olarmı?

- Hesab edirəm ki, Yaxın Şərqdə terrordan daha aktual olan problemlər mövcuddur. Ən əsası odur ki, Suriya və İraqda mövcud olan mərkəzi hakimiyyət, dövlət strukturları güclü deyil. Əgər bölgədə dövlətçiliyi gücləndirmək baxımından hansısa ciddi və qalıcı tədbirlər görülərsə, o zaman terrorun genişlənməsi üçün də heç bir imkan qalmaz. Amma təəssüflər olsun ki, sözügedən dövlətlər çox zəifdirlər və daxildə çox ciddi problemlər, qüsurlar mövcuddur. Belə vəziyyətdə, istisna olunmur ki, müəyyən zaman sonra həm terrorçular, həm də digər radikal qruplaşmalar yenidən fəallaşa bilər.

- Regionda baş verən proseslər Rusiya-Türkiyə və İran üçlü formatını formalaşdırıb. Bəzi ekspertlər üçlüyün əməkdaşlığını müvəqqəti hesab edirlər. Bu formatın perspektivi varmı?

- Əbədi heç nə yoxdur. Əgər üç dövlət hansısa məsələyə aid birgə siyasət yeridə bilirlərsə, deməli, ortaq fəaliyyət göstərmələri mümkündür. Artıq hər üç ölkə bu təcrübəyə sahibdir. Üçlü formata nəzər salsaq görərik ki, bu ittifaqın mərkəzi Cənubi Qafqazdır. Rusiya-Türkiyə və İran əməkdaşlığı Yaxın Şərqdə öz müsbət nəticəsini veribsə, nə üçün həmin birlik Cənubi Qafqazda da nümayiş olunmasın?! Bu, mümkündür. Üç ölkənin sıx əməkdaşlığı geniş imkanlar yaradır. Üç dövlət öz imkanlarını və güclərini birləşdirib Cənubi Qafqazda sabitliyi bərqərar edə bilərlər. Xatırladım ki, bundan öncə Türkiyə tərəfindən bölgədə stabillik haqqında aktın imzalamasına təşəbbüs edilmişdi. İstisna etmirəm ki, həmin aktın yenidən gündəmə gəlməsi və buna uyğun hansısa platformanın yaradılması realdır. Həm də region üçün çox vacibdir. Çünki konflikt olan yerdə bölgəyə yad olan qüvvələr də çalışırlar ki, regiona öz nüfuzlarını şamil etsinlər. Cənubi Qafqazda olan problemlər aktuallaşıb.

- Dekabrın 20-də Bakıda Azərbaycanın, İranın və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu üçlü formatın fəaliyyətini necə dəyərləndirirsiz?

- Bu üçlü format da çox populyardır. Ümumiyyətlə, region ölkələri arasında belə formatların yaradılması müsbət tendensiyadır. Üçlü təmaslar həm prezidentləri əhatə edən, həm də aşağı səviyyədə, yəni nazirlər səviyyəsində baş tutan formatlardır. Belə görüşlərdə mühüm və konkret ideyalar müzakirə olunur. Ona görə də dekabrın 20-dəki görüşün çox faydalı olacağını düşünürəm.

İsmayıl