Putinlə Yanukoviçin gizli görüşü gündəm oldu

“Prezident seçkilərinin ən həlledici mərhələsində bu cür məlumatların yayılması təsadüfi deyil”
“Siyasi vəziyyətin gərginliyindən istifadə edən tərəflər biri-birinə sarsıdıcı zərbələr endirmək istəyirlər”


Rusiya Prezidenti Vladimir Putin Volqoqrad yaxınlığında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə Pol Manafortun Regionlar Partiyasından ödənişlər alınmasını sübut etmək üçün gizli görüş keçirib.

Amerikanın "Newsweek”in yaydığı məlumatda bildirilib ki, ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Marafortun Regionlar Partiyasında 12,7 milyon dollar alması haqda xəbərin yayılmasından sonra Putin Yanukoviçlə Volqoqrad yaxınlığında gizli görüşü baş tutub: "Yanukoviç Putini inandırıb ki, Manaforta ödənişi göstərə biləcək heç bir sənəd izi yoxdur. Putin isə öz ətrafına Ukraynanın keçmiş prezidentinə inanmadığını deyib”.

Qeyd edək ki, mayın 31-də xalq deputatı Sergey Leşenko Regionlar Partiyasının "Bizim Ukrayna” və Kommunist partiyalarının fəaliyyəti, eləcə də 2012-ci ildə Mərkəzi Seçki Komissiyasının işi üçün böyük miqdarda pul ayırdığını sübut edən faktları açıqlayıb. Sənəddə amerikalı lobbist və siyasi texnoloq Pol Manafortun da adı çəkilib. Bundan sonra o, "qara mühasibatlıq” qalmaqalına görə Donald Trampın seçkiqabağı qərargahından getməyə məcbur olub. Hazırda bu işlə bağlı araşdırma gedir. Manafort isə bu ödənişləri aldığını təkzib edir.

Politoloq Tofiq Abbasov isə "Şərq”ə açıqlamasında Amerikada keçiriləcək prezident seçkilərinin ən həlledici mərhələsində bu cür məlumatların yayılmasının təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, hər iki tərəf biri-birinə qarşı qaralama kampaniyası apararaq elektoratını öz tərəfinə çəkməyə çalışır: "Əks halda bu faktlar niyə məhz indi ortaya çıxsın ki ? Bütün bunlar təsadüf ola bilməz. Siyasi vəziyyətin gərginliyindən istifadə edən tərəflər biri-birinə sarsıdıcı zərbələr endirmək istəyirlər. Bunun üçün də arxivi araşdırırlar. Əlbəttə ki, Pol Manafortun Regionlar Partiyasından ödənişlər alınması faktı baş veribsə, bunu sənədlərlə sübut etmək o qədər də çətin deyil. Onsuz da əvvəl-axır maliyyə maxinasiyalarının hamısı üzə çıxır. Şübhəsiz ki, indiki halda Ukraynanın Regionlar Partiyası və onun tərəfdaşları bu faktları təkzib etməyə çalışacaq, qarşı tərəf isə əksini iddia etməkdə davam edəcək. Amma sübut olunsa belə, bu faktın ciddi bir strateji əhəmiyyətə malik olmadığını düşünürəm. Bu cəhdlər taktiki gedişlərdən başqa bir şey deyil və gündəmdə də çox qalmayacaq. İndiki halda məsələnin ucu Donald Trampa qədər uzandığı üçün bu qədər şişirdilib. Xatırlayırsınızsa, bir müddət əvvəl də Hillari Klintonun nüfuzuna xələl gətirmək üçün Klintonlar Fondunun Qətərdən və digər ərəb ölkələrindən aldıqları vəsaitlərin sənədləri ortaya çıxmışdı. Fondun nümayəndəsi isə həmin pul köçürmələrini etiraf etmişdi. Bir sözlə, Demokratlar Partiyasının nümayəndələri müvafiq ittihamla Trampın nüfuzuna zərbə endirmək istəyirlər. Bununla da tərəflər qaralama kampaniyasında hesabı heç-heçə elədilər. Onsuz da ki, ayın 8-də (bu gün) baş tutacaq prezident seçkilərindən sonra bütün bu qalmaqallar aradan qalxacaq”.

Şəymən