Qan Turalı Vasif Talıbovun kitab siyahısını incələyib

“Gombul” əsəri fahişə obrazı ilə bağlıdır və orta məktəb şagirdləri üçün nə qədər önəmlidir, bilmirəm"



"Dünya təcrübəsində də gənclər, orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş, oxunması vacib kitab siyahıları var”. Bunu "Sherg.az”a Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbovun oxunması vacib kitablar haqqında sərəncamına münasibət bildirərkən tanınmış yazıçı Tural Cəfərov (Qan Turalı) deyib. O bildirib ki, V. Talıbovun sərəncamı ilə müəyyən edilən siyahıda vacib kitablar yer alıb:

"Məsələn, "Balaca şahzadə”, "Dahi” kimi əsərlər həqiqətən də oxunmalıdır. Lakin ümumilikdə müsbət addım olsa da, önəmli klassiklərin çoxunun əsərləri siyahıya daxil edilməyib. Fyodor Dostoyevski, Lev Tolstoy, Viktor Hüqo, Onore de Balzak kimi klassiklərin adı həmin siyahıda yoxdur. Əvəzində isə Eynəli bəy Sultanovun məqalələri siyahıya daxil edilib. O, düzdür, ziyalı, intellektual insan olub, Cəlil Məmmədquluzadənin dostu kimi də tanınır. Lakin işıqlı şəxsiyyət olmasına baxmayaraq, o yazıçı deyil, jurnalist kimi məqalələri dərc olunub.
  
Siyahıda kifayət qədər əhəmiyyətli, maraqlı romanlar da yer alıb. Qəribədir ki, türkçülük ruhlu əsərlər də var. "İngilis casusun etirafları” əsəri tamamilə uydurma əsərdir, tarixdə belə bir şey olmayıb. Digər kitab, Gi de Mopassanın "Gombul” əsəri fahişə obrazı ilə bağlıdır və orta məktəb şagirdləri üçün nə qədər önəmlidir bilmirəm. Ümumilikdə isə siyahıda bəzi əsərlərin əvəzinə daha gözəl kitablar daxil edilə bilərdi”.

Sosial şəbəkələrdə çoxlarının tənqid etmək üçün məqam, obyekt axtardığını deyən Qan Turalının sözlərinə görə, seçilmiş bəzi kitablarla razılaşmasaq da, belə sərəncamın verilməsi önəmli addımdır:

"Dediyim kimi, tənqid olunmalı məqamlar da var. Azərbaycan ədəbiyyatının şah əsərlərinin bəziləri də daxil edilməyib. Məhəmməd Füzulinin hansısa əsərini mən siyahıda görmədim. Bütün bunlara baxmayaraq, nümunəvi addımdır və belə istiqamətlər vacibdir. Universitetlərdə, orta məktəblərdə də proqramı belə kitab siyahıları ilə zənginləşdirmək olar. Zəruri bir məsələ kimi daha təkmilləşdirilmiş siyahılar hazırlanıb, orta məktəblərdə proqrama aid edilə bilər. Kitablar elə seçilməlidir ki, orta məktəbi bitirən 99 faiz insan üçün bunları oxumaq vacib olsun. Təhsil almış insan vurma cədvəlini necə bilirsə, L.Tolstoyu, F. Dostoyevskini, Azərbaycan ədəbiyyatı klassiklərini də mütləq bilməlidir.
Əslində Təhsil Nazirliyi bu işlərlə ciddi məşğul olmalıdır. Bütün dünyada olan bu ənənə bizdə də tətbiq olunsa, müsbət təşəbbüs olar.
Əsərlərin seçilməsinə gəldikdə isə fikirlər müxtəlif ola bilər. Mən də siyahı hazırlaya bilərəm, seçdiyim kitablara iradlar tutular. Amma ümumilikdə V. Talıbovun addımını müsbət dəyərləndirirəm”.

Qeyd edək ki, sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən "Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

Siyahıya 30 kitab daxil edilib:

1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti
2. "Kitabi-Dədə Qorqud” dastanı
3. "Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)
4. Nizami Gəncəvi. "Sirlər xəzinəsi”. Poema
5. "Nizaminin hikmət və nəsihətləri”
6. Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri”
7. Məhəmməd Tağı Sidqi. "Məktəb hekayələri”
8. Hüseyn Cavid. "Azər”. Poema
9. Cəlil Məmmədquluzadə. "Hekayələr”
10. Məmməd Səid Ordubadi. "Qılınc və qələm”. Roman
11. Qurban Səid. "Əli və Nino”. Roman
12. Məmmədhüseyn Şəhriyar. "Heydərbabaya salam”.Poema
13. "Təmsillər” (uşaq ədəbiyyatı)
14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu
15. Faruk Sumer. "Oğuzlar”
16. Rəşidəddin Fəzlullah. "Oğuznamə”
17. Yusif Balasaqunlu. "Qutatqu bilik”
18. Teodor Drayzer. "Dahi”. Roman
19. Cek London. "Həyat eşqi”. Hekayə
20. Ernest Heminquey. "Qoca və dəniz”. Povest
21. Nikolo Makiavelli. "Hökmdar”
22. Gi de Mopassan. "Gombul”
23. Antuan de Sent-Ekzüperi. "Balaca şahzadə”
24. Nikolay Ostrovski. "Polad necə bərkidi”. Bioqrafik roman
25. Moris Meterlink. "Arıların həyatı” və "Göy Quş” əsərləri
26. "Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)
27. Seyid Əzim Şirvani. "Seçilmiş əsərləri”. (Təmsillər)
28. "İslamda müdrik kəlamlar”
29. Sədi Şirazi. "Gülüstan”
30. Eynəli bəy Sultanov. "Məqalələr”

Aysel Aslan