Dələduzları 15 il həbs cəzası gözləyir
Bir mənzili beş ailəyə satma kimi cinayət faktları bizdə həddindən artıq çox yayılıb. Bu cür insanlar üçün 15 ilədək müddətə azadlıqdan məhrumetmə belə azdır
Milli Məclisin payız sessiyasında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdiriləcək. Maddəyə yeni bənd 178.4-cü bəndi əlavə edilir.
Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırkı 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Dəyişikliklə bəndə "2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilib.
Dünyanın heç bir ölkəsində dələduzluğun Azərbaycandakı qədər geniş vüsət almadığını deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, bir mənzili beş ailəyə satma kimi cinayət faktları bizdə həddindən artıq çox yayılıb.
Deputat hesab edir ki, bu cür insanlar üçün 15 ilədək müddətə azadlıqdan məhrumetmə belə azdır:
"Onlar ömürlük azadlıqdan məhrum edilsələr, daha məqsədəuyğun olar. İnsanların etibarından sui-istifadə edən, başqalarının əmlakını mənimsəyən şəxslər cəmiyyət üçün real təhlükədir. Dələduzluq faktları sadəcə kimlərinsə malını-mülkünü mənimsəməklə nəticələnsə, onların çox da ağır olmayan maddə ilə cəzalandırılmasını qəbul etmək olardı, amma faktiki olaraq bu cür hallar sonda insanların həyatı bahasına başa gəlir.
Fırıldaqçıların toruna düşüb, əmlakı talanan onlarla insan tanıyıram ki, başına gələn hadisədən sonra xəstəlik tapıb, əsəbdən, stressdən dünyasını dəyişib. Universitet müəllimləri var illərlə pul yığır, üstünü də borc-xərc düzəldir ki, mənzil sahibi olsun.
Alqı-satqı zamanı da bilmədən fırıldaqçıların əlinə düşür və ömür boyu çəkdiyi əziyyəti bir günün içində hədər olur. Hesab edirəm ki, cəzalar daha da sərtləşdirilsə, dələduzluq hallarının azalması tendensiyası müşahidə oluna bilər”.
Şəymən