Qanuna dəyişiklik edilir

Gənclər bir sıra sahələrdə pulsuz imtiyazlardan istifadə edəcək
“Müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert Komissiyası yaradılacaq”

"Gənclər siyasəti haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı ilkin dinləmələr keçirildiyini
vurğulayan millət vəkili Şahin İsmayılov "Şərq”ə açıqlamasında deyib ki, sözügedən
müzakirələrdə Milli Məclisin Gənclər və idman komitəsi ilə yanaşı, digər dövlət qurumlarının
nümayəndələri, o cümlədən də Gənclər və İdman Nazirliyinin nazir müavini iştirak edib.

Dünyada gedən proseslərlə bağlı Azərbaycanda gənclər siyasətində müəyyən dəyişikliklər
etməyə və mövcud qanunun təkmilləşdirməyə ehtiyac yarandığını vurğulayan Ş.İsmayılovun
sözlərinə görə, "Gənclər siyasəti haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə alimlər
üçün gənclik yaşının ən azı 35 kimi qəbul edilməsi nəzərdə tutulub: "Eyni zamanda, işinə fasilə
verib hərbi xidmətə gedən gənclərin qayıtdıqdan sonra bərpası məsələsi də bu qanun layihəsində
öz əksini tapıb. Tələbə özünüidarəetmə anlayışı da əsas müzakirə predmetlərindən biri idi.
Həmçinin Azərbaycanda gənclərə pulsuz ümumtəhsil, pulsuz dərsliklərlə təmin olunma, pulsuz
tibbi müayinə, dövlət mülkiyyətində olan idman, sağlamlıq, mədəniyyət obyektlərindən pulsuz
istifadə etmək imkanlarının genişləndirilməsi təklif olunur.

Hesab edirəm ki, növbəti dinləmələrdə də müəyyən əlavə və dəyişikliklər olacaq”.
Millət vəkilinin sözlərinə görə, "Gənclər siyasəti haqqında” qanuna nəzərdə tutulan əlavə və
dəyişikliklər qəbul olunacağı halda əhalinin bütün gənc təbəqəsi üçün xüsusi imtiyazlar
yaradılacaq: "Təklif olunan dəyişikliklərə görə, artıq gənc hesab olunan vətəndaşların ölkədə bir
sıra xidmət sahələrindən pulsuz istifadə etmələri üçün xüsusi imtiyazlar yaradılacaq”.
Gənclərin Problemləri üzrə Ekspert Komissiyasının yaradılmasına gəldikdə isə Ş.İsmayılov
deyib ki, qanuna əlavə edilən 10.4-cü maddəyə əsasən gənclər siyasətinin həyata keçirilməsinə
nəzarət, problemlərin müəyyən edilməsi və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi
məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı yanında Gənclərin Problemləri üzrə Ekspert
Komissiyası yaradılacaq. "İctimai əsaslarla fəaliyyət göstərəcək Ekspert Komissiyası əsasən
gənclər siyasəti ilə məşğul olan mütəxəssisləri, gənclər təşkilatlarının nümayəndələrindən ibarət
olacaq. Müvafiq icra hakimiyyəti orqanlarının əsasnaməsinə uyğun fəaliyyət göstərən bu
komissiyanın işi suallar doğuran məsələləri araşdıracaq.

Şəymən