Qara paltar və qəzalar...

Payız, qış aylarında üzəri işıldayan, uzaqdan sezilən geyimlər məsləhətdir
“Yol qəzalarının bir səbəbi də piyadaların yağışlı havada daha çox ayaqlarının altına baxmasıdır”

Payız-qış mövsümündə yol qəzalarının sayı da artır. Bu mövsümdə yol-nəqliyyat qəzalarının məlum statistikası bunu deməyə əsas verir. Statistikaya görə, qəzaların təxminən 60 faizi, piyadaların vurulması hallarınınsa 70 faizi məhz payız-qış aylarına təsadüf edir. Səbəblər bir deyil, iki deyil.

Havaların tez qaralması və bunun nəticəsi olaraq görüntünün ağırlaşması, yağıntılı havalarda yolların sürüşkənliyi, avtomobillərin soyuq havalara hazırlıqsızlığı, sürücülərin qaydaları bilməməsi və bir də... bəlkə qəribə görünəcək - piyadaların payız-qış aylarında əsasən qara üst geyimlərində olması. Əvvəlki səbəblər məlumdur, sonuncu üzərində isə dayanmağa dəyər. Bu günlərdə payız-qış mövsümü ilə bağlı yol-nəqliyyat qəzaları barədə danışan mütəxəssislərin bəzisi piyadaların qara, tünd rəngli üst geyimlərdən istifadəsinin sürücülərə problem yaratdığını bildirir və fikirlərini belə əsaslandırırlar ki, sürücü qaranlıq havada qara libaslı piyadanı sezməkdə çətinlik çəkir. Xüsusən də, gecə saatlarında hava yağıntılı, dumanlı, çiskinlidirsə. İndi nə edək? Elliklə qara gödəkçələri, plaş-paltoları ağlarla əvəzləyəkmi? Ağ üst geyiminin Bakının payızında, qışında hansı rəngə dönəcəyini də təsəvvürə gətirmək lazımdı. Bir neçə gündən sonra onsuz da, ağ geyim bozaracaq. Deməli, üst geyimin rəngi şərti səbəblər arasında dayanıqsız hala gəlir. Bəs nə etməli?

Xatırlayırsınızsa, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsi piyadalara üzəri işıldayan, uzaqdan sezilən rənglərdə paltar geyinməyi tövsiyə etmişdi: "Yaxşı olar ki, piyadalar üstündə parıltılı element olan paltarlar geyinsinlər. Artıq uşaq paltarlarının əksəriyyətinə işığı əks etdirən elementlər vurulur. Böyüklər də bunu nəzərə almalıdır”.

Təbiət yollara "meydan oxuyur”...

Nəqliyyat məsələləri üzrə ekspert, "Digesta” Hüquq firmasının rəhbəri Ərşad Hüseynov payız-qış mövsümündə yollarda təhlükəsizlik qaydaları ilə bağlı ayrıca məqalə yazdığını bildirdi:

- İlin fəsillərinin və meteoroloji şəraitin yol hərəkəti təhlükəsizliyinə ciddi təsir etdiyi hər kəsə bəllidir. Amma təəssüf ki, çoxumuz bu amilləri gündəlik həyatımızda lazımınca nəzərə almırıq. Bunun ağır nəticəsi özünü çox da gözlətmir. Sürücülərlə də, piyadalarla da fikirlərimi bölüşmək istəyirəm.

Payız-qış mövsümündə yollarımızı daha təhlükəli edən, qəza riskini artıran iki başlıca amil var: 1) günün işıqlı vaxtının azalması və hərəkətin pik saatlarının qaranlıq vaxtına düşməsi; 2) yağışın-suyun, duman-çiskinin, qar-buzun yol hərəkəti şəraitini pisləşdirməsi. Aydındır ki, hər iki amil təbiətlə bağlıdır, obyektiv xarakterlidir və insanların onları aradan qaldırması mümkünsüzdür. Deməli, yeganə çıxış yolu sükan arxasında olarkən bu amilləri yetərincə nəzərə almaq və şəraitə uyğun təhlükəsizlik tədbirlərini görməkdir.

Birinci amil onda ifadə olunur ki, yay vaxtından fərqli olaraq, payızın sonu və qışda səhər tezdən işə gedərkən, habelə axşam işdən qayıdarkən hava qaralır. Qaranlıq vaxtı isə hətta ən yaxşı işıqlandırılan küçələrdə də görmə gündüzkündən pisdir. Küçə və yollarda süni işıqlandırma olmadıqda isə əməlli-başlı görmə problemi yaranır.

Bəzi sürücülər düşünürlər ki, avtomobilin yaxın və uzaq işıq faraları var və deməli, heç bir qorxu yoxdur. Lakin belə deyil. Yaxın və uzaq işıq faraları avtomobilin qabaq tərəfində konkret məhdud sektoru işıqlandırır və bu sektordan kənarda olan və özünün işığı olmayan hər kəs və hər şey sürücü üçün görünməzdir. Hərəkət trayektoriyası sizin avtomobilinizin yolu ilə kəsişən piyada, heyvan, velosipedçi, hətta məsuliyyətsiz sürücü tərəfindən idarə edilən və işıq cihazları olmayan nəqliyyat vasitəsi yalnız avtomobilinizin qarşısında həmin işıqlanan sektora daxil olanda siz onu görə bilirsiniz. Bəzi hallarda isə belə görmə gecikmiş olur və labüd qəza baş verir.

Tünd geyimli piyadalar

Ə.Hüseynov piyadaların uzaqdan rəngi seçiləcək üst geyimlərdə olmasını təqdir edir. Lakin buna hər kəsin əməl edə bilməyəcəyi də aydındır. Xalqa ümum-xitab edə bilməzsən ki, ay camaat, qara libaslarınızı ağla, parıldayan paltarlarla əvəz edin. Kimin nəyə gücü çatırsa, onu geyinir. Amma şəxsi təhlükəsizlik baxımından (yəni, canının hayına qalmaq fikrin varsa - red.) xüsusən axşam, gecə saatlarında işə gedənlər, işdən qayıdanlar üzərlərində parıltılı bir əşya, uzaqdan seçilən bir rəng - məsələn, parıltılı sarı-yaşıl, neon rəngli bir atribut gəzdirə bilər:

- Fikir vermisinizsə, xüsusi rejimli iş şəraitində çalışanların geyimində uzaqdan seçilən rəngli zolaqlar olur. Xüsusi rənglərdə gödəkçələr geyinirlər. Bunlar hamısı təhlükəsizlik üçündür ki, kənardan onlar görünsün, sezilsin. Piyadalar üçün xüsusi materialdan hazırlanmış lentlər, yaxud qolbaq tipli, qola bağlanan sarğılar olur. Bəzi hallarda bu elementlər üst geyimlərinə, şalvara da taxılır. İnsan hərəkət etdikcə parıltı verir. Bu vasitələr xüsusilə də axşam saatlarında işıldayır və uzaqdan görünür ki, qarşıda piyada var. Sürücülər bu işartını 200-300 metrdən görə bilir. Belə lentlərdən, qolbaqlardan istifadə vətəndaşların təhlükəsizliyi baxımından çox yaxşıdır. Bu cür işartılı vasitələri istehsal edib, cüzi məbləğ təyin etməklə, qəpik-quruşa da köşklərdə satmaq olar. Yolu qorxa-qorxa, təşvişlə keçən adam, bu vasitələri məmnuniyyətlə alar və istifadə edər.

Avropa ölkələrində məktəblilərə bu cür vasitələr paylanır. Niyə bizdə də olmasın? Bunlar çox ucuz başa gələn, lakin əhalinin, uşaqların təhlükəsizliyi baxımından effektli vasitələrdir.

"Sürət həddini dəyişmək doğru deyil”

Mütəxəssis qeyd edir ki, payız-qış mövsümünə sürücülər xüsusi hazırlaşmalı, təkərləri mösümə uyğunlaşdırmalıdırlar. Digər tərəfdən, payızın əvvəlində uzun müddət işıqlı vaxtda maşın sürəndən sonra gecə vaxtı maşın sürmək, habelə axşam və səhər alatoranı daha risklidir, çünki bütövlükdə orqanizmin, o cümlədən də gözlərin belə keçidə adaptasiyası üçün müəyyən zaman lazımdır. Səhər alatoranı həm də insanın yuxusunun daha çox gəldiyi vaxtdır.

Yolda su gölməçələrinin olması da son dərəcə təhlükəlidir. Həmin gölməçələr bir neçə santimetr dərinliyində olsa da, bir qədər yüksək sürətlə belə gölməçəyə girən avtomobilin təkərləri ilə asfalt arasında su təbəqəsi qalır. Bu şərait avtomobilin təkərinin havada olması kimi bir şeydir və hətta heç bir dönmə olmayan şəraitdə avtomobilin bir tərəfindəki təkərlər gölməçəyə düşərək, digər tərəfdəki təkərlər gölməçədən kənarda qaldıqda avtomobilin istiqamətini qəfil dəyişərək aşmasına səbəb ola bilər. Digər tərəfdən, gölməçə elə dərin çala ola bilər ki, avtomobilimiz ora düşərkən zədələnə, hətta aşa bilər.

"Başını qaldır, a bala...”

Ə.Hüseynov qeyd etdi ki, payız-qış mövsümündə piyadaların vurulması ilə nəticələnən yol qəzalarının bir səbəbi də piyadaların yağışlı havada daha çox ayaqlarının altına baxmasıdır:

- Yağıntılı havada piyadalara qarşı xüsusən diqqətli olmaq gərəkdir. Nəzərə almaq lazımdır ki, piyada da yoldakı gölməçələrə girməmək üçün ayaqlarının altına daha çox baxır və avtomobili, sadəcə görmür. Bundan başqa, yağışın özünün səsi, habelə yaş yoldakı daha gur səs-küy piyadaların avtomobilin səsini eşitməsini də çətinləşdirir. Bəzən qulaqlarını şalla və ya papaqla örtən piyada isə hətta siqnal səsini də eşitməyə bilər. Odur ki, yolunuza çıxan piyadanın sizi gördüyünə və yol verəcəyinə əmin deyilsinizsə, dayanmaq lazımdır.

Yağışda-qarda avtomobillərə də diqqətlə yanaşılmalıdır, çünki yan şüşələrin və arxanı göstərən güzgülərin üzərindəki su və qar sürücü üçün görünməni xeyli çətinləşdirir, hətta qeyri-mümkün edə bilər. Ona görə də yolunuza müxtəlif istiqamətlərdən çıxan avtomobilləri nəzarətdə saxlayın və sürücünün sizi gördüyünə əmin olmadıqda manevrdən çəkinin. Və diqqət, yenə də diqqət! Elementar diqqətsizlik geri dönüşü olmayan faciələrlə nəticələnir.

Məlahət Rzayeva