Qarabağ danışıqlarında Ankaranın da səsi gəlir

Türkiyənin prosesə qatılması, Azərbaycanın maraqlarına uyğundur və yeni bir hadisədir




Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Bu barədə Çavuşoğlu özü "Twitter” səhifəsində yazıb. Nazir bildirib ki, həmsədrlərlə Ankarada baş tutan görüşdə Türkiyənin Minsk Qrupuna dəstəyini ifadə edib və münaqişənin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Ümumiyyətlə, son dönəmlər Rusiya-Türkiyə münasibətlərinin normallaşması regional dialoq üçün yeni imkanlar açır.

Xüsusən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Putin arasında reallaşan Soçi görüşündən sonra Ankara hökumətinin prosesdə aktivliyi özünü büruzə verir. Əksəriyyət hesab edir ki, qardaş Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər. Çünki Rusiya regional problemlərlə bağlı məsələlərdə Türkiyəni öz tərəfdaşı bilir. Məlumdur ki, Moskva regiona münasibətdə Qərbin yanaşmalarına etibar etmir və bu səbəbdən Türkiyə və İranın rəyləri ilə hesablaşmağı daha doğru sayır. Kreml də münaqişənin həlli üçün region ölkələrinin əməkdaşlığına ümid edir.
Türkiyənin aktivlik nümayiş etdirməsi ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, Türkiyə lideri Ərdoğanın Soçi görüşündə Qarabağ məsələsini qaldırması Azərbaycanın siyasi dairələri tərəfindən çox yüksək qiymətləndirilib. Deputatın sözlərinə görə, qardaş ölkə rəhbərliyinin bu istiqamətdəki fəaliyyəti Azərbaycanın dövlət başçısı ilə koordinasiya olunur: "Türkiyə ilə Azərbaycan arasında Qarabağ məsələsində razılaşdırılmış bir mövqe var. Ankaranın prosesdə yaxından iştirakı danışıqlardakı mövqeyimizi gücləndirir. Əleyhimizə olan təhdid və təzyiq elementlərini aradan qaldırmağa imkan verir. Həmçinin, Türkiyənin regional və beynəlxalq gücü, o cümlədən Ermənistanla olan münasibəti Ankara-Bakı arasında konkret məqsədə dayanan bir strategiyanı aparmağa imkan yaradır.

1990-cı illərdə Minsk Qrupunun prosesə qoşulması ilə Qarabağ münaqişəsi miqyas olaraq genişlənib. Biz uzun illər bu formatı dəyişdirməyə çalışmışıq. Hətta bununla bağlı rəsmi olaraq ATƏT-in rəhbərliyinə, BMT-yə müraciət etmişik, digər dövlətlərin, xüsusən Türkiyənin prosesdə iştirakını irəli sürmüşük. Lakin Ermənistan hər dəfə şiddətlə bu məsələyə qarşı çıxıb”.

Millət vəkili bildirib ki, Ərdoğan və Putin arasında Qarabağ məsələsində Türkiyənin rolunun qəbul edilməsi istiqamətində razılaşma var: 

"Düzdür, söhbət birbaşa həll modelinin razılaşdırılmasından getmir. Yaxud Türkiyə sadəcə 5 rayonun qaytarılmasına çalışmır. Lakin danışıqlarda daha çox faktorlar yer almaqdadır. Erməni tərəfi sevincli şəkildə ictimaiyyətə çatdırdı ki, guya, Türkiyə Qarabağ probleminin həllindən vaz keçir və danışıqların məğzi Ankara tərəfindən Sürix protokollarının gündəmə gətirilməsidir. Bunlar tamamilə cəfəngiyyatdır. Türkiyənin danışıqlar prosesində birbaşa iştirakı Azərbaycanın maraqlarına uyğundur və yeni bir hadisədir. Hamımız bunu çox təqdir edirik. Məlumdur ki, Qafqaz regionunda Ankaranın fəal mövqe tutması keçmişdə Rusiya və İran rəhbərliyindən yalnız mənfi reaksiyalar görüb. Hesab edirəm ki, indiki dönəmdə İran xarici işlər naziri Zərifin Ermənistana səfəri də bilavasitə Türkiyənin fəallığına qarşı yönələn addımdır. Hər bir halda bölgədə hərəkətlənmə var. Düşünürəm ki, danışıqların bu kontekstdə reallaşması Putinin məsələyə münasibəti ilə bağlıdır”. Z.Oruca görə, faktiki olaraq Rusiya Türkiyənin Yaxın Şərqdəki proseslərdə aktiv iştirakında və Qərbə zidd addımlar atmasında maraqlıdır: "Türkiyənin prosesə qoşulması ilə Azərbaycanın səsi iki dəfə artmış olur. Türkiyə, Rusiya və Azərbaycan, Ermənistan rəhbərliyinin birgə iştirakı ilə görüşün keçirilməsi də müsbət olar. Xatırlayırsızsa, ötən gün Milli Məclisdə "Qarabağ üçün də Qars müqaviləsi lazımdır” ifadəsini işlətmişdim. Bunu deməyimin əsası var idi. Ermənistanın siyasi məkanında Stalini lənətləyir, Lenin-Atatürk arasındakı müqaviləni özləri üçün tarixi faciə hesab edirlər. Düşmən ölkə Rusiya-Türkiyə yaxınlaşmasını fəlakət kimi görür. O səbəbdən alternativ olaraq bəyan etdim ki, Rusiya ilə Türkiyə arasında bununla bağlı hansısa konsensus mümkündür. Rusiya Ermənistan, Türkiyə isə Azərbaycan üçün müxtəlif qarantiyalarla çıxış edə bilər. Vurğulamaq istərdim ki, nə qədər inkar etsələr də, ABŞ-Rusiya münasibətlərinin çox kəskin olması Qarabağ münaqişəsinin həllinə böyük maneədir. Bu iki dövlət istəsə də razılaşa bilməz”.

İsmayıl