Qarabağ danışıqlarında ortada konkret həll variantı yoxdur

"Azərbaycan ABŞ-la sıx işləməli, İrəvan-Moskva əməkdaşlığını zəiflətməlidir"



"Qarabağ danışıqlarında qarışıq ortam var. Ermənistan tərəfi substantiv danışıqlara hazır deyil”. 

Bunu "Şərq”ə açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Münaqişə ətrafında gedən prosesləri dəyərləndirən analitik bildirib ki, Ermənistan rəhbərliyinin danışıqlar prosesində Qarabağ separatçılarının iştirakını israrla irəli sürməsi danışıqların nəticəsiz qalmasına hesablanıb: 

"Maraq doğuran məqam odur ki, Rusiya "Lavrov planı”nı irəli sürür, ABŞ isə "Bolton planı”nı dəstəkləyir. Ancaq ortada konkret həll variantı yoxdur. Təbii ki, bu kimi danışıqlar prosesində real nəticə gözləmək mümkün deyil. Moskvada xarici işlər nazirlərinin həll variantı, Parisdə İrəvanın xüsusi təklifi, Vaşinqtonda isə digər təkliflər müzakirə olunur. İndiyə qədər masada olan "Yenilənmiş Madrid prinsipləri”ndən ümumiyyətlə söhbət getmir. Danışıqlarda rəsmi Bakı BMT-nin 822-ci qətnaməsini masa üzərinə gətirməlidir”.

Politoloq vurğulayıb ki, Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan qeyd edir ki, azərbaycanlı həmkarı ilə görüşlərdə heç bir sənəd üzrə danışıqlar aparılmayıb: "Azərbaycan XİN konkret hansı həll variantı üzrə danışıqlar gedirsə, ictimaiyyətə açıqlamalıdır. Yaxın günlərdə Vaşinqtonda XİN rəhbərlərinin görüşü gözlənilir. Lakin bu görüşə Ermənistan maraqlı deyil. Çünki Ağ Evin təklifləri Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edir. 

Rəsmi Bakı çevik diplomatiyaya üstünlük verməli, BMT-nin qətnamələri əsasında danışıqlarda prinsipial olmalıdır. Ərazilərin boşaldılmasından kənar, digər təşəbbüslər yalnız, status-kvonun qorunmasına hesablanıb. Bu qarışıq situasiya İrəvan-Moskva işbirliyinin nəticəsidir. Azərbaycan ABŞ-la sıx işləməli, İrəvan-Moskva əməkdaşlığını zəiflətməlidir”.

İsmayıl