Rusiya hər fürsətdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sadəcə Moskvanın monopoliyasında olduğunu göstərməyə çalışır
Çünki masa üzərində Azərbaycan tərəfini razı salan, heç bir məsələ yoxdur
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada görüş keçirəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. XİN rəsmisi Artyom Kojin bildirib ki, bir müddət əvvəl "İzvestiya” qəzetində prezidentlərin görüşünün guya Moskvada keçirilməsi ilə bağlı yayılan məlumatda qeyri-dəqiqliyə yol verilib.
Kojin məlumatın həqiqətə uyğun olmadığını söyləyib: "Məlumatda deyilib ki, bu barədə Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Avstriya görüşündə qərar alınıb. Lakin həmin görüşdə heç də adıçəkilən dövlətlərin XİN başçılarının hamısı iştirak etməyib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri həmsədrlərin təşkilatçılığı ilə Brüsseldə görüşüblər. Həmin görüşdə ilin sonuna kimi prezidentlərin görüşünün keçirilməsi müzakirə olunub. Görüşün yeri isə predmet olaraq müzakirə edilməyib. Qarabağ münaqişəsinin həssas olduğunu nəzərə alaraq, "İzvestiya” qəzetini bu mövzu ilə bağlı mənbəyə deyil, rəsmi məlumatlara istinad etməyə çağırırıq”.
Kremlin mövqeyinə münasibət bildirən millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Şərq”ə deyib ki, Rusiya hər fürsətdə Dağlıq Qarabağ münaqişəsinin həllinin sadəcə Moskvanın monopoliyasında olduğunu göstərməyə çalışır. Deputatın sözlərinə görə, Ermənistan ona sahiblik edən Rusiyanın istənilən əmrini yerinə yetirməyə borcludur:
"Rusiya münaqişənin həllində maraqlı deyil. O mənada aparılan danışıqlar, müzakirələr ciddi xarakter daşımır. Çünki masa üzərində Azərbaycan tərəfini razı salan, az da olsa bizi qane edən heç bir məsələ yoxdur. Belə şəraitdə danışıqlar sadəcə görüntü mahiyyəti daşıyır. Məqsəd beynəlxalq ictimaiyyəti aldatmaqdır. Ermənistan çalışır ki, müxtəlif təxribatlarla danışıqlar prosesinin bərpa edilməsinə imkan verməsin. Təəssüflər olsun ki, düşmən ölkənin havadarları da münaqişənin həlli istiqamətində heç bir ciddi addım atmırlar”.
Deputatın fikrincə, Azərbaycan tərəfi öz haqlı mövqeyini ortaya qoyur:
"İstəyimiz odur ki, ABŞ və Fransa, beynəlxalq təşkilatlar, missiyanı üzərinə götürmüş digər vasitəçilər problemin çözülməsi üçün Rusiya ilə müzakirələr aparsınlar. Əlbəttə ki, müzakirələr beynəlxalq hüquq müstəvisində aparılmalıdır. Prezidentlərin və ya XİN rəhbərlərinin görüşü o zaman müsbət nəticələr verə bilər ki, Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması əsas müzakirə mövzusu olsun. Predmeti olmayan danışıqları sürdürmək mənasızdır. ATƏT, BMT və digər təşkilatlar münaqişəni ciddi müzakirə etməli, işğalçı Ermənistana birbaşa təzyiq göstərməlidirlər. Bu qədər ciddi və həssas münaqişənin həllini sadəcə bir ölkəyə həvalə etmək olmaz”.
İsmayıl