Millət vəkili Aqil Abbasın təşəbbüsü ilə BDU-nun jurnalistika fakültəsinin professor-müəllim heyəti, bir qrup tələbə aprelin 6-da Ağcabədi və Ağdam rayonlarına səfər edib. Tədbirin əsas məqsədi Qarabağ bölgəsində vəziyyətlə tanışlıq, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi çərçivəsində bu böyük yazıçının həyat yoldaşı Həmidə xanım Cavanşirin Kəhrizli kəndindəki ev-muzeyini ziyarət etmək, Ağcabədi və Ağdam rayonlarındakı abadlıq-yenidənqurma işlərini yaxından izləmək idi. İki gün çəkən səfər Ağcabədidən başlayıb, Ağdamda davam etdirilib.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbir iştirakçılarını qəbul edib, görülən və görüləcək işlərdən danışıb, rayon barəsində ətraflı məlumatlar verib.
Kəhrizli kəndində olan qonaqlar Həmidə xanım Cavanşirin ata mülkünü, C.Məmmədquluzadə ilə yaşadığı evi ziyarət ediblər. Millət vəkili A.Abbas Cavanşirlər nəslinə məxsus mülk barədə maraqlı faktları dilə gətirib.
Millət vəkili seçildikdən sonra A.Abbas bu tarixi binanın dam örtüyünü yeniləyib, muzey əməkdaşlarının fəaliyyət göstərməsi üçün şəraitin yaradılmasına çalışıb. Qeyd edək ki, dam örtüyü dəyişsə də, muzeyin restavrasiyaya, eksponatların toplanmasına, ekspozisiyanın yenidən qurulmasına ciddi ehtiyac var. H.Cavanşirin atelye kimi tikdirdiyi yardımçı binada isə məcburi köçkünlər məskunlaşıb.
Muzeyin ətrafındakı ərazidə məcburi köçkünlər tərəfindən fərdi evlər tikilib ki, bu da təəssüf doğurur. Muzey əməkdaşlarının verdiyi məlumata görə, H.Cavanşirin ev muzeyi müstəqil fəaliyyət göstərmir, Ağcabədi Tarix-diyarşünaslıq muzeyinin tərkibindədir. Əgər müstəqil muzey kimi fəaliyyət göstərsələr, əməkdaşların iş şəraitində xeyli irəliləyiş və məvaciblərində artım olar.
Kəhrizli qəbiristanlığındakı Qarabağ xanlarının məzarı da ziyarət olunub. A.Abbasın bələdçiliyi ilə Əhməd xan Cavanşirin məzarı başına toplaşanlar yox olmaq təhlükəsi ilə üzləşən tarixi şəxsiyyətlərin məzarlarının dövlət səviyyəsində qorunmasının vacibliyini önə çəkiblər. Əhməd xan Cavanşirin məzarından bir qədər aralı, C.Məmmədquluzadənin qardaşı, Səttarxanın ən yaxın silahdaşı, 23 yaşında Cənubi Azərbaycanda Məşrutə Hərəkatına qatılan Ələkbər Məmmədquluzadə dəfn olunub. Məzarı baxımsız qalıb.
Tədbir iştirakçıları A.Abbasın 1988-ci ildə Bayat kəndində inşa etdirdiyi kitabxanada olub, Bakıdan apardıqları 200-ə yaxın kitabı əməkdaşlara təqdim ediblər.
Ağcabədi rayonunda Muğam Mərkəzində, Şahmat Evində, Tarix diyarşünaslıq və Bayraq muzeylərində olan qonaqlar rayonun mədəni həyatı ilə yaxından tanış olublar.
Cəbhə bölgəsində – Ağdamın ermənilərlə təmas xəttində təsirli anlar yaşanıb.
Ağdamda Şəhidlər Xiyabanının ziyarətindən sonra Qarabağ bölgəsində məşhur olmuş Seyid Lazım Ağanın məqbərəsinin ziyarəti ilə səfər yekunlaşıb. Qeyd edək ki, səfərdə BDU-nun Jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli, Allahverdi Məmmədli, Alxan Bayramoğlu, filologiya üzrə fəlsəfə doktorları Sevinc Əliyeva, Aygün Əzimova, Natəvan Dəmirçioğlu və Zaur Babayev, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, hüquqşünas Aydın Kərimov və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı iştirak edib.