Qarabağda müharibə başlaya bilər

Ola bilsin, hərbi gücün nümayişi də məzh buna hesablanıb




Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək.

Təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunların və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. 

Təlimlərdə Azərbaycan Ordusunun silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub. Ekspertlərə görə, möhtəşəm hərbi paraddan sonra genişmiqyaslı hərbi təlimin keçirilməsi Ermənistana və onun havadarlarına sarsıdıcı zərbə vuracaq.

Dörd günlük təlimlərlə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Əhəd Məmmədli bu cür hərbi fəaliyyətlərin düşmənə və onları himayə edənlərə ciddi mesaj olduğunu deyib. Yəni öz hərbi gücünü nümayiş etdirən Azərbaycan tərəfi Ermənistanı müdafiə edənlərə demək istəyir ki, əgər İrəvanı vaxtında başa salmasanız, düşmən ölkənin məhvinə heç kim mane ola bolməyəcək: 

"Dünya gücləri Cənubi Qafqazda yeni müharibənin marağında deyillər. Çünki mühüm iqtisadi layihələrə görə, Azərbaycan dünya üçün strateji ölkə sayılır. Beynəlxalq kooparasiyalar həmin layihələrə milyardlarla dollar investisiya qoyublar. Neft-qaz boruları Azərbaycan ərazilərindən Türkiyəyə və oradan Avropaya tranzit edilir. Nəticədə Avropanın Rusiyadan neft-qaz asılılığı azalır. Bu amil bölgədə müharibənin yenidən alovlanmasını qəbuledilməz edir. Lakin Azərbaycan hərbi təlimlər vasitəsi ilə istənilən halda güc tətbiq etmək məcburiyyətində qala biləcəyini bəyan etməyə çalışır”.

Ə.Məmmədlinin fikrincə, qardaş Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsi də Ermənistana və digər ölkələrə siqnaldır:

 "Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi Ermənistana ciddi təhdiddir. İşğalçı Ermənistanı daha da təşvişə salmaq üçün Türkiyənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi zərurətdir. Rusiyada keçirilən futbol üzrə dünya çempionatından bir müddət sonra Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər. Ola bilsin, hərbi gücün nümayişi də məzh buna hesablanıb”.

İsmayıl