Qarabağdakı ermənilər də ayağa qalxdı

Sarkisyan vəziyyətə nəzarət etmək üçün müxtəlif təxribatlara əl atacaq
Sarkisyanın liderliyinə son verilməsi şərt deyil. Ermənistanın nicat yolu Azərbaycan torpaqlarını əzəli sahiblərinə qaytarmaqdan keçir



İrəvanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı davam edən etiraz aksiyaları Dağlıq Qarabağ bölgəsinə də sıçrayıb. Xankəndində bir qrup insan İrəvanda "Elk” fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə aparılan etirazlara dəstək verib. Xankəndi küçələrinə çıxan insanlar "Sarkisyan, çıx get!” şüarlarını səsləndiriblər.

Qeyd edək ki, etirazların gözlənilmədən Qarabağa sıçraması rəsmi İrəvanda ciddi təşvişə səbəb olub, narahatlıq yaradıb. Bu narahatlığın arxasında iki amil var:

Birincisi, İrəvan Azərbaycanın yaranmış situasiyadan yararlanaraq, Qarabağın işğaldan azad edilməsi üçün "ildırım sürətli” hərbi əməliyyatlara başlayacağından ehtiyat edir. İkincisi isə, Sarkisyan Qarabağ ermənilərinin könüllü şəkildə Ermənistandan imtina edərək Azərbaycanın yurisdiksiyası altına keçmək istəməsi qorxusu ilə yaşayır. Hər iki halda vəziyyət Azərbaycanın xeyrinə cərəyan edir.
Sarkisyan isə vəziyyəti öz xeyrinə dəyişmək üçün dərhal ağası Putinə zəng edib. Putinlə məsləhətləşmə isə o deməkdir ki, Sarkisyan həm İrəvandakı, həm də ki, Qarabağdakı siyasi etirazları boğmaq üçün ordunun və polisin gücünə əl atacaq.

Bəs Azərbaycan necə, yaranmış əlverişli vəziyyətdən necə istifadə etməlidir?

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirov "Şərq”ə açıqlamasında Ermənistanın sistemli şəkildə böhran yaşadığını deyib: 

"Düşmən cəmiyyətdə həm siyasi, həm iqtisadi, həm də hərbi gərginlik müşahidə olunmaqdadır. Hazırda siyasi böhranın pik nöqtəsinə çatdığının şahidi oluruq”.
Millət vəkilinin sözlərinə görə, ölkə paytaxtında baş verən etiraz dalğasının getdikcə regionlara yayılması təhlükəsizlik baxımından qorxu effekti yaradıb. Dağlıq Qarabağdakı ermənilərin ayağa qalxması, Xankəndində Sarkisyan rejiminə qarşı aksiyaların baş verməsi, Sarkisyandan rədd olması kimi şüarlar səsləndirmələri Sarkisyan rejimi üçün arzuolunmaz bir haldır: "Hazırda erməni politoloqların ən çox baş sındırdığı məsələ proseslərin bundan sonra hansı məcraya yönələcəyi ilə bağlıdır. Sarkisyan ciddi-cəhdlə çalışır ki, xalqın etiraz dalğasının istiqamətini dəyişsin. Yəni küçələrə axın edən insanlar Sarkisyanın baş nazir seçilməsinə deyil, Dağlıq Qarabağda vəziyyətin yenidən gərginləşməsi, müharibənin qaçılmaz olması ilə bağlıdır. Məhz bu məqsədlə də Sarkisyanın rəhbərliyi ilə təmas xəttində, eyni zamanda Azərbaycan-Ermənistan sərhəddində erməni silahlı qüvvələrinin hərbi avantüralara, təxribatlara əl atması müşahidə olunur. Sarkisyan cəbhədə elə bir vəziyyət yaratmaq istəyir ki, erməni əhalisi Sarkisyanın hakimiyyətdə qalıb- qalmaması yox, təhlükəsizlik məsələləri haqqında düşünsün. Ehtiyat etsinlər ki, ölkədəki siyasi gərginlikdən istifadə edən Azərbaycan ordusu hücuma keçib, öz torpaqlarını geri qaytara bilər”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin Ermənistana qarşı tətbiq etdiyi "taqətdən salmaq” taktikası özünün tam səmərəsini verməkdədir. Ermənilərin etirazlarının səbəbi anlaşılandır. Çünki 10 il müddətində bu şəxsin prezidentliyi ölkə üçün yaxşı heç nə vəd etmədi. Əksinə, ölkənin hansı bərbad vəziyyətə çatdığını, erməni əhalisinin dilənçi kimi yaşadığını görürlər.

Bu da Azərbaycanın məqsədyönlü şəkildə düşmən ölkəyə iqtisadi, siyasi, enerji məsələlərində tətbiq etdiyi təcridolunma siyasətinin göstəricisidir. Ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın regional layihələrdən uzaqlaşdırılması siyasəti bundan sonra da davam edəcək. 

Bunu başa düşən erməni ictimaiyyətinin də Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaqdan başqa yolu qalmır. Ancaq Sarkisyanın liderliyinə son verilməsi şərt deyil. Ermənistanın nicat yolu Azərbaycan torpaqlarının əzəli sahiblərinə qaytarmaqdan keçir.

Şəymən