Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiya üçün ən aktual məsələlərdən olduğunu deyib. Zaxarova bildirib ki, Rusiyanın rəsmi mövqeyi dəyişməyib və Moksva nəticənin əldə olunması üçün tərəflərlə iş aparır: "Bizim üçün bu mövzu beynəlxalq gündəlikdə ən aktualdır.
Məsələnin həllinə tərəflər arasında razılaşdırılmış mövqelər və sazişlər əsasında nail olmaq bizim maraqlarımıza cavab verir. Rusiyanın bir dövlət olaraq problemə yanaşması dəyişməyib. Həqiqətən də hesab edirik ki, qarşıdurma ritorikası yalnız münaqişənin uzanmasına gətirib çıxarır”. XİN sözçüsü bəyan edib ki, Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün səmərəli olmasını arzulayır: "Adəti üzrə deyirik ki, iki ölkə arasındakı görüşlər bu ölkələrin nümayəndələri tərəfindən şərh olunmalıdır. Əgər bu cür görüş razılaşdırılarsa və baş tutarsa, o zaman səmərəli nəticələr və xoş mühit yarana bilər”. Ekspertlərin fikrincə, Rusiya XİN sözçüsünün açıqlaması əvvəlkilərdən heç nə ilə fərqlənmir.
Zaxarovanın sözləri ilə bağlı "Şərq”ə danışan politoloq Zaur İbrahimli hesab edir ki, son illər istər Rusiya XİN-dən, istərsə də Kremldən Qarabağ nizamlanması ilə bağlı məzmunca eyni, mahiyyət etibarı ilə dəyişməyən açıqlamalar səslənir. Kremlin davranışlarının təhlili göstərir ki, Moskva Qarabağ nizamlanmasında status-kvonun saxlanılmasında daha maraqlı görünür: "Rusiyanın bütün siyasəti münaqişənin nizamlanması prosesində əsas vasitəçi olmaq, tərəflərə təsir mexanizmlərini qorumaq, bu statusun verdiyi imtiyazlardan yararlanmaqla öz maraqlarını təmin etmək məqsədi daşıyır. Təəssüf hissi ilə qeyd etməliyik ki, Rusiyanın bu yanaşması Bakı-Moskva əlaqələrinin inkişaf dinamikasına tamamilə ziddir. Eyni zamanda bu yanaşma Rusiyanın xarici siyasəti üçün də problemlər yaradır. Bu cür davranış Azərbaycan-Türkiyə tandemi ilə münasibətlərdə, yaxud Cənubi Qafqaz, Xəzər-Qaradəniz bölgəsində geosiyasi konfiqurasiyanın bərqərar olmasında Moskva üçün gizli və aşkar təhdidlər yaradır. Ermənistanda baş verənlər və hakimiyyət dəyişikliyinin gerçəkləşməsi Moskvanın Cənubi Qafqaz siyasətini bir daha nümayiş etdirdi. Qarabağ münaqişəsində Ermənistana açıq dəstək verilməsi Avrasiya İqtisadi İttifaqında fikir ayrılığına və Rusiyanın ən yaxın müttəfiqi Belarusun fərqli yanaşma nümayiş etdirməsinə gətirib çıxarıb. Bunu nəzərə alan Kreml strateqlərini yeni yanşamanın zəruriliyinə inandırmalıdır”. Siyasi şərhçi diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyəti və ekspert icması Rusiyadan Qarabağ nizamlanmasında ədalətli yanaşma gözləyir: "Azərbaycan etibarlı tərəfdaş olduğunu ən kritik məqamlarda belə sübut edib. Rusiyaya münasibətdə qarşılıqlı şərtlər və öhdəliklərə tam əməl olunub. Azərbaycan cəmiyyəti Rusiyanın bu münasibətlərə adekvat yanaşma sərgiləməsini gözləyir. Məhz o zaman Qarabağ nizamlanmasının gerçək həlli üçün səylərin göstərilməsinin Kremlin prioritetlərindən biri olduğunu söyləmək mümkün olacaq”.
İsmayıl