Qaranlıq otaqlardan işıqlı mənzillərə...

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması




Azərbaycan ərazilərinin 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğal edilməsi bir milyondan çox qaçqın və məcburi köçkünü ciddi problemlərlə üzləşdirdi. Ölkəmizin müxtəlif bölgələrində, çadır şəhərciklərində ağır sosial durumda yaşamağa məhkum olan bu insanlar tezliklə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olundu. Azərbaycan dövləti öz vətəndaşlarını ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara xüsusi qayğı göstərib, dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində olmuşdu.

Ümummilli lider bu insanların problemlərini özünün bir nömrəli problemi adlandırırdı. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxladı. Hakimiyyətə gəldiyi gündən məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir çox addımlar atıldı. Dövlət proqramlarının qəbulu ilə çadır şəhərcikləri ləğv edildi, paytaxt Bakı və Bakı ətrafı qəsəbələrlə yanaşı, respublikanın müxtəlif bölgələrində, məçburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr inşa olundu. Hazırda ata-baba yurdu işğalda olan, məcburi köçkün həyatı yaşayanlar müasir standartlara uyğun inşa edilmiş mənzillərdə məskunlaşıblar. Düzdür, bu məskunlaşma müvəqqətidir. Torpaqlar yaxın gələcəkdə işğaldan azad edildikdən sonra, köçkünlərimiz də öz doğma yurdlarına qayıdacaqlar. Amma müvəqqəti də olsa, dövlət rəhbərliyi öz vətəndaşlarının çadırlarda acınacaqlı vəziyyətdə yaşamasının qarşısını aldı, məcburi köçkün şəhərcikləri ilə bu problemin həllinə nail oldu.

10 dördmərtəbəli, 304 mənzilli binaların sakinləri rahat evlərdə yaşayırlar

Belə şəhərciklərdən biri də cəbhə bölgəsində yerləşən Qazax rayonunda salınıb. Kəndləri işğal altında olan, artıq neçə illərdir ki, məcburi köçkün kimi rayon ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşan soydaşlarımız acınacaqlı mənzil şəraitindən qurtulub, rahat evlərdə yaşayırlar. Belə ki, Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş "Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndinin səfalı guşəsində geniş bir ərazini əhatə edən, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış şəhərcikdə artıq rayonun işğalda olan kəndlərinin köçkünləri məskunlaşıblar.
Qeyd edək ki, ərazidə 10 dördmərtəbəli, 304 mənzilli bina tikilib. Binalarda 52 birotaqlı, 156 ikiotaqlı, 88 üçotaqlı, 8 dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunub. Hərtərəfli abadlıq və 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Yaşayış binasının tikintisinə 2015-ci ilin aprelində başlanılıb və dekabrında tam başa çatdırılıb. Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə işğal altındakı bütün torpaqlarımızın azad ediləcəyinə inandıqlarını söyləyirlər.

"Axı biz uşaqların bağçasını əllərindən almışdıq”

Artıq kəndləri işğalda olan məcburi köçkün soydaşlarımız 2 ildir ki, yeni mənzillərində yaşayırlar. Şəhərciyin sakinləri ilə söhbətimizdə onlar bu cür gözəl mənzillərlə təmin olunduqlarına görə ilk növbədə ölkə başçısına təşəkkür etdilər.

Qazaxın işğalda olan Yuxarı Əskipara kənd sakini İsmayıl Qurbanov deyir ki, rayonda uşaq bağçasında məskunlaşıbmışlar: "Kəndimiz ermənilər tərəfindən işğal olunduqda, məcburi köçkün kimi 6 ailə üzvümlə Qazax şəhərində uşaq bağçasının bir otağına yerləşdik. Qohumlarımız, qonşularımızdan da həmin bağçanın otaqlarına məskunlaşanlar oldu. Eləcə də rayondakı ictimai iaşə obyektlərinə yerləşənlər vardı. Məktəblərə, bağçalara, icra nümayəndəliklərinin binalarında belə yaşayanlar oldu. Bəziləri qohumlarının evlərinə köçdü, illərlə orada yaşadı. Buna məcbur idik. Darısqal bir otaqda, mətbəx yox, hamam yox. Çox çətin oldu bizim üçün. Bir yandan kəndimiz, evimiz, mal-mülkümüzü itirdik, digər yandan da mənəvi sarsıntılar yaşadıq. Axı biz uşaqların bağçasını əllərindən almışdıq. Biz bura köçəndən insan kimi yaşayırıq. Çox sağ olsun cənab prezidentimiz ki, bizim canımızı pis mənzil şəraitindən qurtardı. İndi 3 otaqlı, işıqlı, geniş mənzildə yaşayırıq”. İsmayıl Qurbanov deyir ki, kəndlərinin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyir: "Biz inanırıq, əminik ki, ölkə başçısı İlham Əliyev cənablarının uğurlu siyasəti nəticəsində kəndlərimiz işğaldan azad ediləcək. Biz də doğma kəndimizə qayıdacağıq, həsrətimiz sona yetəcək. Kəndimizdə evlərimiz dövlət tərəfindən bərpa ediləcək. Bu cür gözəl şərait yaradılıbsa, kəndimiz işğaldan qurtulduqdan sonra da, öz obamızda gözəl şərait qurulacaq. Bu gün uzaqda deyil”.

"Oğlum mənzil şəraitsizliyinə görə illərdir evlənmirdi”

Rayonun erməni işğalında olan digər bir kəndinin, Barxudarlının sakini Səmayə Ərəşova bildirir ki, köçkün həyatları başlayan gündən mənzil problemi yaşayıblar: "Ailəmiz 6 nəfər idi. Köçkün düşəndə, rayonda yarımçıq tikilinin bir otağında məskunlaşdıq. Qızım və oğlumun biri uşaq idi, qohum evində qaldılar. Bu illər ərzində çox zülmlər çəkdik, demək olar ki, küçələrdə qalmışdıq. Sağ olsun cənab prezidentin göstərişi ilə belə gözəl mənzilli binalar tikilib. Bizə də buradan ev verildi. Oğlum mənzil şəraitsizliyinə görə illərdir evlənmirdi. Burdan mənzil aldıqdan sonra ailə qurdu, indi nəvə sahibiyəm. Biz burda müvəqqəti qaldığımızı bilirik. 

Çünki bizim kəndimiz, obamız var. Barxudarlı işğaldan azad edildikdən sonra, öz evimizə qayıdacağıq. Bu günü səbirsizliklə gözləyirik. Amma kəndimiz geri alınana, öz doğma evimizə qayıdana kimi normal mənzildə yaşayacağıq. Çox sevincliyik. Bu sevinci bizə yaşadan cənab prezidentə minnətdarıq. İnanırıq ki, möhtərəm prezidentimiz növbəti sevinci torpaqlarımızın geri qaytarılması ilə bəxş edəcək”.

"Dərslərim şəraitsizliyə görə axsayırdı, yaxşı oxuya bilmirdim”

Kəndləri Qızıl Hacılı işğal olunduqdan sonra ailəsi məcburi köçkün düşmüş, rayonda illərdir məktəb binasında məskunlaşmış 8-ci sinif şagirdi Vasif Qüdrətli söyləyir ki, dərslərini oxumaq üçün şəraitləri yox imiş: "Bir otağa məskunlaşmışdıq. Yemək yediyimiz, qonaq qəbul etdiyimiz, yatdığımız, dərs oxuduğum yer elə o bir otaq idi. Şəhər məktəbində oxuyurdum. Dərslərim şəraitsizliyə görə axsayırdı, yaxşı oxuya bilmirdim. Bura köçəndən sonra şəhərciyin məktəbinə gedirəm. İndi ayrıca otaqda dərslərimi edirəm, məktəbin əlaçısıyam. Bu evi bizə verməklə, mənim təhsil almama yardımçı olundu”.
Rayon ziyalısı, ədəbiyyat müəllimi olan Cəfər Həsənov da deyir ki, köçkünlərimiz üçün belə şərait yaradılması təqdirəlayiqdir: "Bu insanlar mənim gözlərim qarşısında məcburi köçkünlük həyatı yaşayıblar. Darısqal, nəm, rütubət, xəstəlik mənbəyi olan otaqlarda yaşayırdılar. Adamın ürəyi ağrıyırdı. Şəraitsizlikdən uşaqlar xəstələnirdi, oxuya, təhsil ala bilmirdilər. Cənab prezident bu cür şəhərciyin salınması ilə, məcburi köçkünlərimizi acınacaqlı vəziyyətdən xilas etdi. Buna görə bir ziyalı, müəllim olaraq ölkə başçısına minnətdaram. Bir arzum var, Qarabağımız, Qazaxımızın işğalda olan kəndləri azad edilsin. Köçkünlər öz yurdlarına qayıtsınlar. İnanıram ki, cənab prezidentin uğurlu siyasəti ilə ya sülhlə, ya da müharibə yoli ilə düşmən tapdağında olan ərazilərimiz qaytarılacaq. Dədə-baba yurdlarından didərgin düşmüş bu insanlarımız da öz evlərinə qayıdacaqlar. Tikilən bu şəhərciklər də, sonradan gənclərə bağışlanacaq”.

Müvəqqəti də olsa...

Dövlət başçısının məcburi köçkünlərə diqqət və qayğısının daimi olduğunu deyən millət vəkili Elman Məmmədov bildirir ki, bu məsələ cənab prezident üçün prioritetdir. Onun sözlərinə görə, dövləti, həyatın sərt sınağı ilə üzləşərək məcburi köçkünlük taleyi yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, onların sosial müdafiələrinin gücləndirilməsinə, məşğulluqlarının təmin edilməsinə davamlı qayğı göstərir: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdlarından məhrum olan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasını təşkil edir. Son 15 ildə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

 Nəzərə almaq lazımdır ki, qaçqın və məcburi köçkün soydaşlarımız üçün ölkənin müxtəlif şəhər və rayonlarında yeni qəsəbələrin salınması müvəqqəti xarakter daşıyır. Ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində o mövqedən çıxış edir ki, münaqişə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapmalı və zəbt olunan bütün torpaqlar geri qaytarılmalıdır. Hələlik ölkəmiz xoş məram nümayiş etdirərək münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda iştirak edir. Amma danışıqlar sonsuzluğadək davam edə bilməz. Danışıqlar prosesi nəticə verməyəcəyi təqdirdə ölkəmiz öz ərazi bütövlüyünü başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacaq. Lakin həmin günə qədər, yəni torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub, soydaşlarımız yurdlarına qayıdana kimi, onların mənzil şəraiti yüksək olmalıdır. Bunu da cənab prezidentimiz uğurlu sosial siyasəti ilə həyata keçirir. Artıq məcburi köçkünlərin demək olar ki, mənzil problemi yoxdur”.

İşlər davam etdirilir

Xanım millət vəkili Flora Qasımova da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırıldığı, yeni şəhərciklərin salınmasının torpaqlarını itirən soydaşlarımız üçün qayğı olduğu qənaətindədir: "Bu illər ərzində qaçqın çadırları söküldü, pis durumda yaşayan insanlarımız müasir şəhərciklərdə evlərə köçürüldülər. Bu, cənab prezidentin məcburi köçkünlərlə bağlı sosial siyasətinin nəticəsidir. Çadır şəhərcikləri ləğv edildikdən, çadırlarda yaşayan soydaşlarımızın problemləri həllini tapdıqdan sonra qəzalı vəziyyətdəki evlərdə yaşayan köçkünlərin mənzillə təmin olunmasına xüsusi diqqət ayrıldı. Mərhələli şəkildə bu işlər görüldü. Hissə-hissə qəzalı vəziyyətdə olan yerlərdə yaşayan köçkünlərimiz mənzillə təmin olunmağa başladı. Görülən işlər davam etdirilir. Biz torpaqlarımızı işğaldan azad edəcəyik, o soydaşlarımız yurdlarına qayıdacaqlar. Mən dəfələrlə məcburi köçkünlərlə görüşlərdə olmuşam. Onlar da bilirlər ki, bu şəhərciklər müvəqqəti yaşamaları üçündür. Amma ərazilərimiz azad edilənədək, soydaşlarımız yaxşı mənzillərdə yaşamalıdırlar”.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti məcburi köçkünlərinin daim qayğısını çəkir, onların şəraitinin yüksək olması üçün əlindən gələni edir. Məcburi köçkünlərin, ekspertlərin də dediyi kimi, bu şəhərciklər onların müvəqqəti yaşayış məskənləridir. Müvəqqəti də olsa, onlar daha gözəl mənzillərdə yaşamaq hüququna malikdirlər. Torpaqlar azad edildikdən sonra, onlar öz kəndlərinə, şəhərlərinə geri dönəcəklər. O zaman işğaldan azad edilən el-obalarında da onların mənzil-məişət şəraiti qurulacaq. Necə ki, Cocuq Mərcanlı işğaldan azad edildikdən qısa müddət sonra gözəl evlər tikildi, sakinlər öz torpaqlarına geri döndülər. O gün məcburi köçkünlərimizin də dediyi kimi, uzaqda deyil...

Anar Bayramoğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.