Qarpızdan ehtiyatlı olun! Bir dilimi sizi zəhərləyə bilər

“Bazarda olan qarpızların heç birinin tərkibində mitrantların miqdarı normaya uyğun deyil”




Yayın vazkeçilməzi olan qarpız dadlı, ləzzətli olduğu qədər də, təhlükəlidir. Hər mövsüm qarpızdan zəhərlənmə hallarının baş verməsi də bunu sübut edir. Xüsusilə yay aylarında qarpız qida rasionuna daxil etdiyimiz bostan bitkisi olsa da, onun nə zaman alınıb nübar edilməli olduğunu təəssüf ki, az adam bilir. Yaxud da buna əhəmiyyət vermirlər. Nəticə isə bəzən fəlakətli olur. Zəhərlənmə ağır olduqda, hətta ölümlə də nəticələnir.

Baxmayaraq ki, hazırda iyun ayıdır, lakin bir çoxları belə hesab edir ki, artıq qarpızın yeyilmə vaxtıdır. Qarpızın əsasən avqust ayında bazara çıxarıldığını hər kəs bilir. Daha doğrusu, əvvəllər bu belə olsa da, son illər meyvələrin, bostan bitkilərinin vaxtından əvvəl satışa çıxarıldığını görürük.
Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi də əhaliyə müraciət edərək bildirib ki, avqust ayından əvvəl qarpızdan istifadə edilməsi düzgün deyil. Lakin bu xəbərdarlığa əməl edənlərin olacağı, düzü, inandırcı deyil.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatı son dərəcədə primitivdir. Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyində olan aparatlar vasitəsilə hər il ekspertizalar aparılır: "Bu il 4 dəfə reydlər aparmışıq, bazarda olan qarpızların heç birinin tərkibində mitrantların miqdarı normaya uyğun deyil. Mitrantların miqdarı qarpızın 1 kiloqramında 60 milliqramdan çox olmalı deyil, bizim apardığımız ekspertiza isə göstərir ki, hazırda 1 kiloluq qarpızda 120-180 milliqram mitrant var. Deməli, orqanizmi zəif olan bir adam və ya uşaq belə qarpızdan 1 dilim yesə, zəhərlənə bilər. Orqanizmi ən güclü olan adam isə həmin qarpızdan 5 kilo yeyərsə, zəhərlənməsi mümkündür.

Keçən il və əvvəlki illərdə apardığımız ekspertizalarda məlum oldu ki, həqiqi mövsümü zamanı da qarpızın tərkibində zəngin mitranlar olur. Yəni, Qida Təhlükəsizliyi Agentliyinin əhaliyə "avqustdan əvvəl qarpız yemək olmaz” kimi xəbərdarlıq etməsi həqiqətə uyğun deyil. Çünki Agentliyin əsasnaməsində göstərilir ki, onlar tarladan istehlakçının masasına qədər qidanı izləməlidirlər.

Əhali qarpız alarkən 4-5 kiloqramdan artıq olmayan və içi al-qırmızı olan qarpız almalıdır. Həmçinin qarpızın qabığı 5 mml-dən artıq olmalı deyil. Belə bir fikir var ki, qarpız günün altında qalanda xarab olur, bu, tamamilə yanlış fikirdir. Qarpız günün altında daha yaxşı yetişir, lakin gərək üstüörtülü şəkildə olsun. Azad İstehlakçılar Birliyi olaraq təmənnasız şəkildə əhalinin aldğı qarpızı ekspertiza edib, mitrantların miqdarının normada olub-olmamasını onlara deməyə hazırıq”.

Yeganə Bayramova