“Qatar turizmi”ni inkişaf etdirmək, sadəcə danışıqlardı

Yaxşı olar ki, hələ bölgələrimizə gedən qatarlarımızın vəziyyətini düzəldək



Azərbaycanda "İpək yolu” turizm marşrutu üzrə "qatar turizmi”nin inkişaf etdirilməsi təklif
edilir. Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki,
bu vasitə ilə "İpək yolu” üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək olar.

Ölkəmizdə qatar vasitəsilə turizmin hələ sovet dövründə mövcud olduğunu deyən
M.Ağakərimov qeyd edib ki, qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə
müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir. Onun
fikrincə, "İpək yolu” üzərində yerləşən Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, İran
və Azərbaycan turist cəlb etmək üçün birgə marşrutlar hazırlamalıdır: "Bu yol Çindən başlayıb,
Türkiyədə başa çatır. "İpək yolu” üzrə bir neçə marşrut var. Onların bəziləri İrandan, bəziləri
Orta Asiya - Qırğızıstan, Qazaxıstan, Özbəkistandan keçir. Buna görə də "İpək Yolu” üzrə bir
deyil, bir neçə turizm proqramı tərtib oluna bilər. Marşrut istiqamətlərinə Rusiya da daxil ola
bilər”.
M.Ağakərimov həmçinin deyib ki, "İpək yolu” üzərində yerləşən ölkələrdən Azərbaycana turist
cəlb etmək üçün həmin ölkədən gələcək turistlərin maraqları, istəkləri öyrənilməli, bunun
əsasında da proqramlar hazırlanmalı və həyata keçirilməlidir.

Məsələ ilə bağlı iqtisadi elmlər namizədi Nazim Bəydəmirli "Şərq”ə açıqlama verib. İqtisadçının
sözlərinə görə, bütün bunlar sadəcə adi bir danışıqdır və ortada ciddi bir durum yoxdur: 

"Qatar turizmi bu yaxınlarda Rusiyanın gündəminə gələn bir məsələdir. Ancaq Rusiya daha böyük
dövlət olduğu üçün bir neçə günlük səyahət nəzərdə tutan xüsusi qatarlar sifariş olunmuşdu. Bu
qatarlar yüksək səviyyəli, bütün xidmətləri həyata keçirən xüsusi təchizatlı qatarlar idi. Bunlar
heç bir dəyişiklik etmədi. Tursitlərin artımı kimi bir hal müşahidə olunmadı. Güman etmirəm ki,
gələcəkdə "İpək yolu” üzərində olan ölkələrdən gediş-gəliş olsun və ya kimsə qatara minib uzun
səyahət edə bilsin. Ən azından rayonlara gedən qatarlarımızın səviyyəsi bəllidir. İnsanların
üfunət qoxusundan aldıqları təəssürat yəqin ki, tarixdə qalacaq, yaxşı qatarlar və yüksək
keyfiyyətli xidmət olacaq. Bu zaman nəsə fikirləşmək olar. Turizmin inkişafı üçün daha çox
daxili turizmi inkişaf etdirmək lazımdır. Tövsiyə edərdim ki, Azərbaycanın bölgələrilə əlaqələridaha geniş etmək üçün bölgələrimizə normal vəziyyətdə qatarlar olsun. 8-10 saata Bakıdan
Qazaxa gedirlər. Avropa vətəndaşları belə məsafələri sürətli qatarla 2 saat içində dəf edə bilirlər.
Biz hansı keyfiyyəti təqdim edirik ki, turistlər də gəlməyə səy göstərsinlər. Düşünürəm ki,
bunlar sıradan bir danışıqdı”.

Yeganə Bayramova