“Qaynayan qazan qapaq tutmaz, Kılıçdaroğlu!” – Baxçalıdan sərt açıqlama





Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı İstanbul bələdiyyə seçkisinin nəticəsinin ləğv olunması ilə bağlı geniş açıqlama verib. Baxçalı seçki gününə qədər İstanbulda qərargah quracaqlarını və dəstəklədikləri namizəd üçün mübarizə aparacaqlarını bildirib:

"Mitilimizi İstanbula atacağıq. Bütün imkanlarımızla, gücümüzlə çalışacağıq. Tərəddüd etməyə zamanımız qalmayıb. Vaxt itirmək olmaz. Hər kəs ağlına başına alsın, gedəcək başqa məmləkətimiz yoxdur. Yeganə yolumuz Türkiyənin birliyidir”.

"Türkiyə gərgin seçki prosesindən çıxıb”

MHP sədri bildirib ki, şəxsi siyasi maraqları bir kənara ataraq, ümumi dövlət mənefeyini düşünmək lazımdır: "Unutmayaq ki, gələcəyini planlaya bilməyən bir millətin parlaq istiqbalı olmaz. Türkiyə gərgin seçki prosesindən çıxıb. 31 mart seçkisinin qalibi ciddi fərqlə "Cumhur İttifaqı” oldu. Bizə görə, 31 mart seçkisi düyünü açdı və hökmü verdi. Türk milləti öz iradəsini ortaya qoydu, bununla da məsələni bitirdi”.

"Qərar ürəyimizə su sərpdi..”

Baxçalı Yüksək Seçki Qurumunun qərarını ədalətli hesab edib: "YSK haqlı etirazları dəyərləndirərək ədalətli bir qərar verib. Bu qərar millətimizin ürəyinə su sərpib. YSK-nın mövqeyinə hörmət edirik. Hər kəsdən eyni yanaşmanı gözləyirik. Verilən qərarı qaralamaq, fərqli yönə çəkmək, seçki nümayəndələrinə "quldur” demək çirkin və xəstə zehniyyətin təzahürüdür. Qərara "darbə” deyənlər həqiqi dövlət çevrilişini tələb edənlərdir. Seçki ilə bağlı qərar verilərkən dolların bahalaşması ilə nə mesaj verirlər? Türk millətini küncə sıxışdırmaq, əl-qolunu bağlamaq istəyirlər. Səbrimizi test edirlər. Bunlara alqış tutanlar Vətənə xəyanət içindədir”.

"Qaynayan qazan qapaq tutmaz” hörmətli Kılıçdaroğlu!”

Partiya rəhbəri İstanbul seçkilərinə kölgə düşdüyünü bildirib: "Seçkinin nəticələri şübhəlidir, çünki saxtakarlıqlar olub. CHP və tərəfdarları seçkiyə hiylə qarışdırıblar. Başlarının üstündə Türkiyə Cümhuriyyətini əks etdirən "TC” emblemini, al qırmızı bayrağı asırlar, amma bayraq uğrunda qəhrəman oğullarımızı şəhid edən YPG-yə "terror təşkilatı deyildir” deyirlər. Bu, ikiüzlülükdür. CHP sədri Kamal Kılıçdaroğlu "TC” lövhəsi ilə mənim cavabımı verdiyini zənn edir. "Qaynayan qazan qapaq tutmaz” hörmətli Kılıçdaroğlu. Sən cavabını çoxdan almısan, hələ də fərqində deyilsən”. Baxçalı sabiq prezident Abdullah Gülün reaksiyasına da narazılıq edib və Gülün AKP-yə vəfasızlıq etdiyini söyləyib.

"Bu iddianı ortaya atanlar əxlaqsız adamlardır”

MHP sədri vurğulayıb ki, 31 mart seçkisindən sonra "Cumhur İttifaqı”nın dağılmasını arzulayan qüvvələr özlərində cəsarət tapıblar: "Bu fitnəni ortaya atanlar yararsız torpaq kimidirlər. Onların İttifaqla bağlı böhtanlarını vecimizə almadığımız üçün nəticədə daha da arsızlaşırlar. Çoxları iddia edir ki, guya AKP ilə MHP arasında problem yaranıb. Bu iddianı ortaya atanlar əxlaqsız adamlardır. AKP ilə birlikdə ortaq səsimiz 60, 42 faizdir. Mən İttifaqla bağlı konkret fikirlərimi söyləmişəm və bizə qarşı olanları məyus etmişəm. "Cumhur İttifaqı”nın dağılmasını istəyənlər Türkiyənin çökməsini arzulayanlardır. Ancaq onlar fərqində deyillər ki, "Cumhur İttifaqı” türk xalqının özüdür, Cümhuriyyətimizin istiqlal məşəlidir. Bu məşəli söndürməyə heç kimin gücü çatmaz. Çünki biz əvvəlkindən daha güclüyük. "Cumhur İttifaqı” olaraq qarşımızdakıları biləyini bükə, nəfəsini kəsə bilərik”.

"Qana qan, cana can” – Bədəl ödəməyə hazırıq..”

Partiya başqanı Dövlət Baxçalı terrorçulara dəstək verənlər haqqında da sərt ifadələr işlədib: "Biz israrla "terror təşkilatlarına silah verməyin” deyirik, amma sanki divara danışırıq. Çağırışlarımıza məhəl qoyulmur. Nəticəsi nə olursa-olsun, terrorçularla mübarizə sonuna qədər davam etdirilməlidir. Terrorun kökünü kəsməliyik. Terrorçuların arxasında duran gücləri də ər meydanına çağırırıq. Cəsarətləri varsa, qarşımıza çıxsınlar. Qanımız, canımız bu Vətənə fəda olsun. Bizi məyus edən düşmənlərimizin tərəfində olan "bizimkilərdir”. Müdafiəmiz üçün zəruri olan S-400 məsələsində belə ABŞ-ın yanında yer alacaq qədər gözləri dönmüşlər var. Onlar millətdən uzaqlaşmış zillətlərdir”.

İsmayıl